Qarabağda növbəti müharibənin baş vermə ehtimalı nə qədərdir?

Qarabağda növbəti müharibənin baş vermə ehtimalı nə qədərdir?
Kamal Əliyev,

“Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoloq

Artıq 2023-cü ilin ən əsas müzakirə mövzularından biri də Azərbaycan və Ermənistan arasında Qarabağda növbəti hərbi eskalasiyanın baş vermə ehtimalıdır. Əlbəttə, Azərbaycan tərəfi 44 günlük İkinci Qarabağ müharibəsində hərbi ugura nail olub. Lakin Qarabağ konfliktinin siyasi həllini iddia etmək qeyri-mümkündür. Belə ki, hələ də Bakı və İrəvan arasında çərçivə və ya sülh sazişi istiqamətində son iki ildə ciddi nəticə əldə olunmayıb.

Üstəlik, Qarabağın yekun statusu mövzusu ən ağır, ən çətin mövzu olaraq qalmaqdadır. Baxmayaraq ki, Brüssel və Soçidə keçirilən təmasların nəticəsi olaraq, iki həll variantı (Vaşinqton və Rusiya variantı) ətrafında iddialar ortaya çıxsa da, bu, hələ də ümumi razılığın əldə olunmasıyla nəticəlınməyib.

Yuxarıda da vurğuladığım kimi,Qarabağ probleminin həllini özündə ehtiva edən iki variant var: Vaşinqton sənədi və Rusiyanın təklif etdiyi variant. Ümumiyyətlə, Qərbin təklif etdiyi sənədin Bakı üçün məqbul olduğu vurğulanır. O ki qaldı Kremlin həll variantına, burada Rusiyanın iki başlıca hədəfi var: Qərbi maksimum Qarabağ problemi ətrafında cərəyan edən proseslərdən uzaqlaşdırmaq və Azərbaycan ərazisində minumum sayda olsa da hərbi kontingent saxlamaq. Təbii ki, Bakı da Moskvanın Cənubi Qafqazda, Qarabağdakı geopolitik maraqlarından, hərbi-siyasi məqsədlərindən agahdır. Onu da unutmamalıyıq ki, Moskva Qarabağın statusu məsələsini qeyri-müəyyən vaxta qədər uzatmaqla əslində, regionda uzun müddətli varlığını təsis etməyi güdür.

Qarabağda müharibə ehtimalına gəlincə, bu, əlbəttə,hələ də öz aktuallığını qorumaqdadır. Digər tərəfdən, son iki ilə diqqət yetirsək görərik ki, Ermənistanın baş naziri Nikol Paşinyan ziqzaqlı siyasi kursla həm vaxt uzatmağa çalışdı,həm də bu zaman çərçivəsində ölkəsinin hərbi-siyasi reabilitasiyası üçün əlindən gələni etdi. N.Paşinyan gözəl bilirdi ki, müharibədə ağır məğlubiyyətə ugramış Ermənistanın Azərbaycanla yeni hərbi konfrantasiyaya getməsi İrəvan üçün daha ağır nəticələrə gətirib çıxara bilər. Digər yandan, Ermənistanın hələ də ən böyük hərbi və siyasi müttəfiqi Rusiya əsas diqqətini Ukraynaya verdiyindən, bu ölkəyə lazımı hərbi dəstəyini verə bilməyib. Azərbaycan isə post-müharibə dövründə də öz hərbi arsenalını gücləndirməyə, yeni silah-sürsat almağa davam edir.

Doğrudur, Ermənistan da son illər Hindistan və İran kimi ölkələrdən silah alır, ancaq bunun İrəvan üçün kafi olmadığı məlumdur. Eyni zamanda, müharibə üçün zaman, güc, məkan amilinin də vacib olduğunu unutmamalıyıq.

İrəvan onyn fərqindədir ki, hal-hazırda kartlar Bakının əlindədir. Azərbaycan hərbi və siyasi müstəvidə Ermənistanı üstələyir. Bu faktı bilən və görən İrəvan bu ildə də danışıqların davam etdirilməsi xəttinə üstünlük verəcək. Burada Ermənistanın əsas hədəfi vaxtı uzatmaqla özünə yeni siyasi və hərbi müttəfiqlər tapmaqdır.İ rəvanın bu il ən çox üstünlük verəcəyi siyasi hədəf Qarabağ probleminin beynəlmiləlləşdirilməsi olacaq. Xüsusilə, Ermənistan Şuşa-Laçın yolunda azərbaycanlı ekoaktivistlərin aksiyasını Qarabağdakı ermənilərə qarşı “humanitar terror” kimi dünyaya tirajlayacaq. Bundan əlavə, bu il Ermənistan-İran münasibətlərinin daha da dərinləşəcəyini, hətta strateji müttəfiqlik səviyyəsinə qədər yüksələcəyini də ehtimal etmək mümkündür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...