Rusiya-Ukrayna müharibəsinin ərazisi: Kim harada döyüşür? - ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin ərazisi:

Ukraynada müharibə davam edir. Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib. Miladla əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

Ukrayna tərəfi isə Moskvanın elan etdiyi atəşkəsə razılıq verməyib. Görünür, rəsmi Kiyev Rusiyadakı hakimiyyətə etibar etmədiyi üçün belə davrana bilər. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də Vladimir Putinlə telefon danışığında qarşı tərəfə Ukraynada birtəfəli qaydada atəşkəs etməsinin istəmişdi.

Hətta elan olunan atəşkəsə əməl edilsə də, müharibə yenə davam edir və edəcək. Rəsmi Moskva bu ölkəyə qarşı təbii qaz, elektrik və istilik enerjilərindən də silah kimi istifadə edir. Ukraynanın istilik və elektrik mərkəzlərinin vurulması buna əyani sübutdur.

Deməli, Rusiya Ukraynaya raket və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edir. Bu hərbi əməliyyatlar nəticəsində Ukrayna şəhərləri xarabalığa çevrilir. Bu ilin noyabrına olan məlumata əsasən, Rusiya Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Ukraynanın yaşayış, qeyri-yaşayış və infrasturkturlarına 135,9 milyard dollarlıq birbaşa ziyan dəyib.

Cari ilin ilk günü Ukrayna müdafiəçilərinin Donetskin Makeyevka şəhərində keçirdiyi hərbi əməliyyat nəticəsində Rusiyanın 89 hərbçisi ölüb, çoxlu sayda əsgəri yaralanıb. Bu, Rusiyanın bir əməliyyatda verdiyi ilk çoxsaylı itki deyil. Kiyev yaxınlığındakı “Qostomel” hava limanında 27, Qara dənizdə “Moskva” kreyseri batırılanda 37 hərbçisini itirmişdi və s. Ukrayna müdafiəçiləri Rusiyanın Saratov vilayətinin Engels şəhərindəki eyniadlı hərbi aerodromdakı qırıcıları və hərbçiləri hədəfə alırlar. Son həmlə nəticəsində Rusiyanın 3 hərbçisi ölüb, 4-ü yaralanıb. Rusiya hərbi texnikasının sıradan çıxdığı da bildirilir. Xatırladaq ki, bu hərbi aerodrom Rusiya Aerokosmik Qüvvələrinin aviabazasıdır. Onun rəsmi adı “Engels-2”dir. Orada “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələr olan aviasiya alayı yerləşir. Bu bazadakı qırıcılardan Ukraynanın vurulmasında istifadə edilir.


Rusiya Xəzərin ona aid hissəsindən qaldırılan qanadlı raketlər vasitəsi ilə də Ukraynanın şəhərlərinə zərbələr endirir. Yanvarın 4-də isə Rusiya Hərbi Dəniz Donanmasının “Admiral Qorşkov” adlı freqatı yola salınıb. Onun Atlantik və Hind okeanlarında, eləcə də Aralıq dənizində xidmət edəcəyi bildirilib. Xəbərlərə əsasən, gəmi “Sirkon” və “Kalibr” raketləri, hava hücumundan müdafiə sistemləri, artilleriya və s. döyüş avadanlıqları ilə yüklənib. Bu freqatın imkanlarından Ukraynanın uzaqdan vurulmasında istifadə ediləcək? Ukrayna Rusiyanın beynəlxalq səviyyədə tanınan ərazilərinə zərbələr endirə bilər? Müharibə hansı dövlətin ərazisində gedir?

ABŞ və müttəfiqləri Ukraynaya silah, hərbi texnika və sursat tədarükünü davam etdirir. Bu silahlar ona ərazisini müdafiə etmək məqsədilə göndərilir. Bununla belə, Böyük Britaniya rəsmiləri bir neçə ay öncə Ukraynaya tədarük etdikləri silah və hərbi texnika ilə Rusiya ərazisinə hücuma icazə verdiklərini bildirmişdi. Almaniya hökuməti isə Rusiyanın hücumuna məruz qalan Ukraynanın ölkə hüdudlarından xaricdə özünü müdafiə məqsədilə əməliyyat keçirmək hüququnun olduğunu bildirib. Almaniya kanslerinin sözçüsü Kristiane Hoffmanın sözlərinə görə, Ukrayna Rusiya təcavüzünün qarşısını almaq üçün öz ərazisi ilə kifayətlənməməlidir: “BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ukrayna özünü müdafiə etmək hüququna malikdir”. Almaniya hökuməti bu istiqamətdə Ukraynanın atacağı addımı legitim sayır.


Rusiyanın bu freqatdan Ukraynaya qarşı istifadə edəcəyi istisna edilmir. Rusiya gəminin imkanlarından ABŞ-ı və müttəfiqlərini hədələmək, yaxud onların maraqlarına zərbə vurmaq üçün istifadə edə bilər. Xüsusilə Aralıq dənizi və Atlantik okeanda bunu etmək mümkündür. Moskva bu addımı atarsa, ona qarşı beynəlxalq koalisiyanın cavabı daha təsriedici və güclü olar. Çünki indiyədək Ukrayna Qərbin verdiyi silah və hərbi texnika ilə Rusiyaya qarşı döyüşür. Bu halda koalisiya da müharibəyə birbaşa cəlb oluna bilər. Ancaq koalisiya Rusiyaya qarşı aksiyaya başlayarsa, Moskva üçün xoş olmayan mənzərə yaranar. Bundan başqa, Ukrayna perspektivdə daha müasir raket və başqa hərbi texnika alarsa, onda Rusiyanın Xəzərdəki və ölkəyə hücum edilən başqa bazalarına da zərbə endirə bilər. Hər halda baş verənlər müharibənin Rusiyanın beynəlxalq səviyyədə tanınan ərazilərinə keçəcəyini ehtimal etməyə əsas verir. O zaman Moskva ərazisinə müdaxilə olunduğunu iddia edə bilməyəcək. Çünki hazırda Ukraynada “öz ərazilərində” müharibə aparır. Axı Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin sentyabr və oktyabr aylarında Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan etdi. O həmin vilayətlərin Rusiya Federasiyasının dörd yeni regionu olduğunu açıqladı. Bununla da Moskvanın baxışından müharibə onun ərazisində gedir. Bu baxımdan Kreml üçün Ukrayna müdafiəçilərinin Donetskin Rusiya hərbçilərinin nəzarəti altında olan hissəsinə hücumu ilə Krasnodardakı, yaxud Ryazandakı hərbi bazaya hücum arasında heç bir fərq yoxdur.


Nəhayət, Rusiya Krımı və 4 vilayəti ilhaq etməklə siyasi-diplomatik manevr imkanlarını da məhdudlaşdırıb. Başqa sözlə, Ukrayna Rusiya ərazisində həm özünümüdafiə baxımından, həm də BMT Nizamnaməsinə əsasən hərbi əməliyyat keçirə bilər. Rusiyanın isə ona qarşı hüquqi müstəvidə iddia qaldırması mümkünsüzdür. Baş verən hadisələrə görə belə ehtimal etmək olar ki, Rusiya Ukraynada hücumu sərtləşdirərsə, onda bumeranqı öz ərazisində görəcək...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...