“Bütün türk dövlətlərini birləşdiririk, strateji layihələr üzərində çalışırıq”
“İndi oyun qaydalarını biz diktə edirik. Bütün sahələrdə sözümüzü deyirik. Artıq Türkiyə həm meydanda, həm də masada güclüdür”.
“Report” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyə yumşaq və sərt gücdən balanslı istifadə etməklə öz sözünü deyir.
“Türk dövlətləri yeni müstəqillik qazananda bizim gücümüz bu qədər çox deyildi. İndi isə biz bütün türk dövlətlərini birləşdiririk. İnşallah, əlaqələrimizi daha da gücləndirəcəyik. Hazırda birlikdə strateji layihələr üzərində çalışırıq. Türkiyənin ikinci yüz ili bütün Türk dünyasının əsri olacaq”, - nazir vurğulayıb.
M.Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın lideri olduğunu Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyəti illərində gördüyü işlərdən də danışıb.
M.Çavuşoğlu söyləyib ki, AK Parti şüarlarla, boş vədlərlə yox, rəqəmlərlə danışır: “Əlbəttə, daha çox iş görməliyik. Dünyada və Türkiyədə hər şey sürətlə dəyişir. Biz nəinki bu dəyişikliklərlə ayaqlaşmalı, həm də yeni reallıqları idarəetməliyik. Bu işdə xüsusilə gənclərin öhdəsinə böyük məsuliyyət düşür”.
Onun sözlərinə görə, AK Partinin iqtidarı dövründə ölkədə hava limanlarının sayı 2 dəfədən çox artıb.
“Bəziləri bizim gördüyümüz işlərdən danışmağımızı istəmirlər. Deyirlər ki, guya biz gördüyümüz işi başa qaxırıq. Amma özləri bulaq açanda bundan uzun müddət danışırlar. Elə isə biz gördüyümüz işlər barədə niyə danışmayaq”, - XİN başçısı vurğulayıb.
Nazir eyni zamanda Türkiyənin yerli istehsallı “Togg” avtomobilindən danışıb: “Bu günlərdə Avstriyaya getmişdim. Dünyanın bir çox ölkəsində olduğu kimi, Avstriyada da “Togg”a böyük maraq var. Mən də növbəti səfərlərimi bu avtomobillə edəcəm. Vətəndaşlarımız nəinki “Togg”a, digər məhsullarımıza, o cümlədən PUA-larımıza görə də bizimlə fəxr edirlər. Bu gün Ukraynada PUA-ların şərəfinə mahnılar oxunulur”.
471 dəfə oxundu