"Zəiflər sıradan çıxacaq, güclülər növbəti mərhələyə keçəcək"- Partiyaların özünü buraxmasına REAKSİYA

"Zəiflər sıradan çıxacaq, güclülər növbəti mərhələyə keçəcək"-
Azərbaycanda Siyasi Partiyalar Haqqında Qanunun qəbulundan sonra artıq 20-dən çox partiya özünü buraxıb. Demək olar ki, əksər siyasi partiyalar fəaliyyətini dayandırıb. Qoyulan imza tələbini yerinə yetirməkdə çətinlik çəkdikləri üçün bu addımı atanlarla yanaşı, fərqli səbəblər göstərənlərin sayı da az deyil. Bəs görəsən, tələblərə əməl edə bilməyən partiyaların bağlanması ölkənin siyasi sferasına hansısa formada təsir edə bilərmi?

GUNDEMİNFO.AZ xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, dünyanın heç bir yerində partiyaların bağlanması müsbət hal kimi qiymətləndirilmir: “Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda bəzi partiyalar özləri fəaliyyətini dayandırıb. Buna görə də, heç kimə söz demək olmaz. Çünki bu şəxslər fəaliyyət göstərmək istəmədikləri üçün partiyalarının işini dayandırıblar. Bəziləri 5 min imza tələbini yerinə yetirə bilmədiyi üçün fəaliyyətini dayandırdığını deyir. Amma mən bəyanatlarına baxmışam, orada partiyanın bağlanma səbəbi kimi başqa arqumentlər gətirilib. Əslində partiyaların çoxluğu həmin cəmiyyətdə çoxpartiyalı sistemin, demokratiyanın mövcudluğu demək deyil. Bu günə qədər Azərbaycanda 60 yaxın partiya mövcud olub. Amma seçki məsələsində neqativlərə rast gəlinib. Sabah 5 partiya qalsa da heç nə dəyişməyəcək. Yəni partiyaların sayı hər hansı bir göstərici hesab olunmur”.


Tural Abbaslının sözlərinə görə, əsas olan ölkədə partiyaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır: “Partiyaların fəaliyyəti dövlət tərəfindən təminat altına alınmalıdır. Yəni partiyaların fəaliyyəti üçün ofislərin ayrılması, onların büdcədən normal şəkildə maaliyyələşməsi, televiziya və digər KİV-lərə çıxış imkanının yaradılması təmin olunmalıdır. Bu zaman təbii seçim baş verəcək. Belə ki, zəiflər sıradan çıxacaq və güclülər növbəti mərhələyə keçəcək. Buna görə də, partiyaların say məsələsinin elə də böyük əhəmiyyəti yoxdur. Hər halda prosesin başa çatmasını gözləməliyik. Bildiyiniz kimi iyunun 15-nə qədər siyahılar təqdim olunmalıdır. Bundan sonra partiyaların qeydiyyat məsələsi yekunlaşacaq. Yalnız bundan sonra dövlətin yerdə qalan partiyalarla münasibətləri necə quracağından çox şey asılı olacaq. Yəni yuxarıda qeyd etdiyimiz məsələlər həllini tapsa, mübət istiqamətdə dəyişikliklərin şahidi olacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...