“Persona non grata” xanım öz ampluasında: Türkiyədə anti-Azərbaycan təbliğatı - ŞƏRH

“Persona non grata” xanım öz ampluasında:
Demokratiyanın əsaslarından biri söz azadlığıdır. Ondan xoşməramlı məsələlər üçün istifadə edilərsə, demokratiya qazanar. Türkiyə demokratik şərait və onun dəyərlərinin inkişafı baxımından çoxları üçün örnəkdir.

Təəssüf ki, bu şəraitdən pozuculuq, iğtişaş, dövlətlər və müttəfiqlərarası münasibətlərin pozulması üçün də istifadə olunur. Məsələn, Türkiyədə keçirilən prezident seçkisi ərəfəsində təbliğat kampaniyası zamanı müxalifət blokunun təmsilçilərindən biri ölkənin inzibati ərazi vahidini təhrif edib. O, bununla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini təhdid edən terrorçuların təbliğatını aparıb, Konstitusiyanı pozub. Həmin şəxsə qarşı cinayət işinin başlaması ilə söz azadlığı pozulur? Əlbəttə ki, xeyr! Çünki seçkilər dövlətin daha güclənməsi, həm də demokratiyanın inkişafı üçündür. Siyasi kampaniyanın yaratdığı şəraitdən dövlətin qanunlarını pozmaq üçün sui-istifadə halı yolverilməzdir.

Bu, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və başqa dövlətlər üçün də keçərlidir.

Türkiyədə mayın 14-də keçirilən prezident seçkisinin birinci turu, mayın 28-də keçiriləcək ikinci turundan öncə aparılan təbliğat-təşviqatdan bəziləri kəmfürsətliklə istifadə edirlər.

Belələrindən biri Nagehan Alçıdır. Türkiyə vətəndaşı olan, yazılarında Azərbaycana sevgisi olduğunu iddia etsə də, onun suveren hüquqlarını pozan, Atatürkün tərəfdarı kimi görünməyə çalışan, əslində, daha çox Türkiyənin ərazi bütövlüyünü pozanların havadarlarına qahmar çıxan bu xanım kimdir? O, 1977-ci il aprelin 13-də İstanbulda anadan olub. İngilis, alman, ispan dillərini bilir. Sosial şəbəkədə Katolik məktəbinin də məzunu olduğu barədə yayılan xəbərlər öz təsdiqini tapmayıb. Haqqında təqdimat verməkdə məqsədimiz xanım Alçının dünyagörüşünün səviyyəsini göstərməkdir. Başqa sözlə, onun yazdıqları və iddialarının təsadüfi, yaxud “anlamadan etdiyi” mənasına gəlmədiyini isbatlamaq üçündür.

Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda o, ölkəmizə qarşı sözün bütün mənalarında – mənəvi, hüquqi və s. – hörmətsizlik edərək İrəvandan Qarabağa səfər edib. Nəticədə, təbii ki, rəsmi Bakı onu “arzuedilməz şəxslər” siyahısına salıb.

“Persona non grata” xanım öz ampluasında:


Torpaqlar işğaldan azad edildikdən sonra özünü Azərbaycansevər kimi təqdim etməsi bu baxımdan səmimi sayılmadı. O, sosial şəbəkələrdə bunu təkzib etmişdi: “Böhtan atanlar məhkəmədə cavab verəcəklər. Azərbaycana girişimin qadağan olunması tamamilə yalandır...”

Ancaq sonralar o, hay-küyü ilə əsl üzünü gizlədə bilməmişdi və Qarabağ gedib, separatçılarla görüşdüyünü etiraf etmişdi.

Xanım Alçının Türkiyənin də ərazi bütövlüyünü şübhə altına alanlarla əlaqələri olduğuna dair çoxsaylı məlumatlar var. Belə çıxır ki, bu qadın jurnalist söz azadlığından Azərbaycan və Türkiyəyə qarşı istifadə edir.
Nagehan Alçının fəaliyyəti təqaüddə olan general-mayor Əhməd Yavuzun “Habertürk”ü boykot etməsinə də səbəb olmuşdu. O, Nagehan Alçını “FETÖ artığı” adlandırmışdı. Xanım jurnalist demokratik şəraitdən və söz azadlığından yararlanaraq saxta erməni iddiasının tanınmasına dair məqalə ilə də çıxış edib.

Bu günlərdə isə Nagehan Alçı prezidentliyə keçmiş namizəd Sinan Oğana qarşı iftiraları ilə gündəmə gəlib.

“Persona non grata” xanım öz ampluasında:


Prezidentliyə keçmiş namizəd cavabında deyib ki, Nagehan xanım da bir çoxları kimi onun keçmişi ilə bağlı qınamağa bir şey tapa bilməyəndə öz fantaziyasını işə salıb:

“Sizcə, biz bilmirik ki, sizin məqsədiniz Azərbaycan Prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etmək və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaqdır?! Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının ağrısı canınızdan çıxmayıb!”

Sinan Oğan jurnalist xanımın müdafiə etdiyi dəstəyə işarə edərək vurğulayıb ki, türk millətçilər PKK terrorçu qruplaşmasının təmsilçisi HDP-ni dəstəkləsə idilər, yəqin, Alçı xanım sevinərdi: “Bu cür sağa-sola hücum etməzdiniz”.

Türkiyəni sevməyənlərin Azərbaycanı sevmələri mümkün deyil. Hər iki ölkənin ərazi bütövlüyünə qarşı çıxanların, inkişafına mane olanların, istər o, terrorçu, istərsə də demokrat donunda olsun, bu iki dövləti sevməsi də mümkünsüzdür. Odur ki, Azərbaycan və Türkiyəyə qarı səbatsız çıxış və yazıları ilə Nagehan xanım çoxbilmişliyindən tələyə düşənə oxşayır. O, bəhs etdiyimiz məsələdə Sinan Oğanın bostanına atdığı daşın arxasında qara əllərin durduğunu gizlədə bilməyib.

“Report” İnformasiya Agentliyi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...