Postsovet məkanı necə demokratikləşəcək? GÜNDƏM
Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın Avrasiyanın jandarmı statusunu təsdiq etməyə xidmət etməli idi. On il əvvəl, 2013-cü ilin noyabrında Ukraynada başlayan Avromaydan Hərəkatı (Ləyaqət İnqilabı) Rusiyanın Avrasiyada jandarm roluna qarşı ən qüdrətli çıxış idi. Azadlıqlara, demokratiyaya və insan haqlarına nifrət edən, millətlərin istiqlal, insanların hürriyyət hüququnu tanımaq istəməyən Şər İmperiyası onun 300 illik hökmüranlığını laxladan Avromaydan Hərəkatını qan içində boğmağa çalışsa da, Ukrayna xalqının iradəsi qarşısında məğlub olaraq inqilabın gerçəkləşməsinin qarşısını ala bilmədi. Bundan sonra qanlı Kreml Ukrayna xalqını cəzalandırmaq qərarına gəldi.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu fikirlərin müaəllifi politoloq Xəqani Cəfərlidir. Xəqani Cəfərli daha sonra Rusiyanın işğalı və əsas hədəflərindən bəhs edir:
- Ukraynanın beynəlxalq hüquqla tanınan suvern ərazilərinin Rusiya tərəfindən işğalı, işğal bölgələrində əsarətə qarşı müqavimət göstərənlərin soyqırımı başladı.
Ukraynanı Rusiya əsarətini qəbul etməyə vadar edə bilməyən Moskva ötən ilin fevralında Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başladı. Ukraynanın işğal olunacağı halda Rusiyanın bütün postsovet məkanı üzərində total nəzarətini bərpa edəcəyini anlayan bütün azadlıqsevər qüvvələrin ürəkləri Ukrayna ilə bərabər döyünməyə başladı. Ukrayna xalqının rəşadətli müqaviməti dünyada bütün azadlıq tərəfdarlarını hərəkətə keçirdi. Böyük Britaniyanın təşəbbüsü, ABŞ-ın dəstəyi ilə Ukraynaya dəstək üçün bəşəriyyətin tarixi boyu ən böyük koalisiya quruldu. Rusiya Ukraynanı işğal edə bilmədiyi kimi, sonunu gətirəcək uzunmüddətli müharibə ilə üzləşdi.
Bu müharibənin sonunda hiyləgərcəsinə avrasiyaçılıq adlandırılan üç əsirlik avrorusçuluğa son qoyulacaq. Son üç yüz ildə Avrasiyada gedən bütün siyasi proseslərdə həlledici rol oynayan Rusiya mərkəzli dünya düzənin başa çatması Yaxın Şərqdən Qafqaza, Şərqi Avropadan Uzaq Şərqə kimi çox geniş bir çoğrafiyaya ciddi təsir edərək, geosiyasi sunami doğuracaq. Bu prosesin mərkəzi postsovet məkanına düşəcəyi üçün bu çoğrafiyada nəhəng tarixi hadisələr baş verəcək. Fransa İnqilabından sonra Avrasiyada bütün demokratik prosesləri məhv etmək üçün bu çoğrafiyada jandarm rolunu oynayan Rusiyanın siyasi xəritəsinin dəyişməsi nəhəng demokratikləşmə prosesinə geniş imkanlar yaradacaq.
Lakin xalqlar özlərinin totalitar keçmişlərindən asanlıqla qurtula bilmədikləri üçün Qərbin üzərinə çox böyük vəzifə düşəcək. ABŞ ikinci dünya müharibəsindən sonra Qərbi Almaniya və Yaponiyanı necə demokratikləşdirdisə, postsovet məkanın da eyni üsulla hürriyyətə qovuşdurmalıdır.
İkinci dünya müharibəsidən sonra Qərbi Almaniya və Yaponyada demokratiya əsasən Amerika qoşunları tərəfindən “zorla” həyata keçirildi. Əgər o zaman ABŞ müttəfiqi Böyük Britaniya ilə birlikdə bu missiyanı həyata keçirməsəydi Almaniyanın və Yaponiyanın demokratikləşməsi çox çətin ola bilərdi. Müharibədən sonra keçirilən bir araşdırmada məlum olmuşdu ki, almanların yarısından çoxu hələ də Hitlərə rəğbət bəsləyir. Alman və yapon xalqını totalitar keçmişindən ABŞ məcburi şəkildə qopardı. Bunu o zaman alman və yapon xalqı həzm etməsə də, illər keçdikdən sonra amerikalıların bu xidmətini minətdarlıqla anmağa başladı.
Posstsovet məkanı da eyni qayda ilə demokratikləşdirilməlidir. Çox böyük ehtimalla məhz belə də olacaq. Bunu şərtləndirən səbəblər çoxdur. Ən əsas səbəb isə ondan ibarətdir ki, bölgə xalqları totalitar keçmişlərindən könüllü imtina etməyə hazır deyillər.
433 dəfə oxundu