“Qərblə Rusiya arasında Ukrayna barədə gizli sövdələşmə olması inandırıcı görünmür...”

“Qərblə Rusiya arasında Ukrayna barədə gizli sövdələşmə olması inandırıcı görünmür...”
“Ancaq Qərbin dəstəyi olmayacaqsa və Ukrayna öz hərbi sənayesində müəyyən irəliləyişlər əldə etməyəcəksə, təəssüf ki, Ukraynanın məğlub olma ehtimalı kifayət qədər yüksəkdir...”

Bu günlərdə Rusiyanın Yeni İl öncəsi və sonra da davam edən kütləvi raket və PUA hücumları fonunda Ukrayna ilə kollektiv Qərb arasında nə baş verir? ABŞ-nin, bütövlükdə Qərbin Rusiya ilə hansısa gizli sövdələşməsi haqda informasiyalar və s. gündəmdədir... Görəsən, bu durumda 2024-cü ildə Ukrayna cəbhəsində hadisələrin inkişafını necə proqnozlaşdırmaq olar?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərsətun Oruclu bunları söyləyib

“Ukrayna ilə kollektiv Qərb arasında baş verənlər ilk növbədə üç mühüm səbəbdən qaynaqlanır. Birincisi, ABŞ - Qərbi Avropa münasibətləridir. Yəni Birləşmiş Ştatlarla onun Avropadakı NATO üzvləri ilə münasibətləri. İkinci səbəb isə ABŞ-nin daxilindəki siyasi durumun təsiridir. Təbii ki, üçüncü səbəb də var ki, bu da Ukrayna ilə bağlıdır. Amma bu haqda bir qədər sonra...

Avropa Birliyinin Ukraynaya silah və maliyyə yardımı məsələsi ciddi bir müqavimətlə üzləşib. Bildiyiniz kimi, AB-də Rusiyanın tərəfdaşı olan dövlət başçıları var. Onlar faktiki olaraq Ukraynaya silah-sursat üçün maliyyə ayrılmasının qarşısını kəsiblər. Belələrindən biri Putinin böyük tərəfdarı və tərəfdaşı olan Macarıstan baş naziri Viktor Orbandır. Və o, var gücü ilə, özü də açıq şəkildə Avropa Birliyinin Ukraynaya dəstək proqramlarını sabotaj edir. Elə bir vəziyyət yaranıb ki, Macarıstanın veto hüququndan istifadə edə bilməsi nəticəsində AB Ukraynaya faktiki olaraq yardım göstərə bilmir. Ukraynanın özünün isə resursları yetərincə deyil. Nəticə etibarilə oxşar, amma səbəblər baxımından fərqli bir proses ABŞ-də gedir. Vaşinqtonda respublikaçılar demokratların təklif etdiyi Ukrayna, İsrail və Tayvana dəstək üçün yönəlməli olan 106 milyard dollarlıq müdafiə paketini bir anlaşma , yaxud mübadilə predmetinə çeviriblər. Belə ki, respublikaçılar mühacirət siyasətini dyişməyi təklif edirlər, demokratlar isə razılaşmırlar. Və bunun qarşılığında da respublikaçılar həmin 106 milyardlıq paketin Konqresin Nümayəndələr palatasından keçməsinin qarşısını alırlar. Hal-hazırda Vaşinqtonda bununla bağlı ciddi müzakirələr gedir. Və hələlik nəticə yoxdur. ABŞ mediası: istər “Politiko” nəşri, istər “Asoşeyted-pres”, istər “Vaşinqton-post” və digərlərinin təhlilləri göstərir ki, hələlik respublikaçılar və demokratlar arasında anlaşma yaxında deyil”.

Analitik hesab edir ki, Qərblə Rusiya arasında Ukrayna ilə bağlı hansısa gizli sövdələşmələr olması haqda yayılanlar daha dezinformasiyadır.

“Bu arada da məlumatlar yayılır ki, guya Qərblə, ABŞ ilə Rusiya arasında Ukrayna ilə bağlı gizli sövdələşmələr var. Hesab edirəm ki, bu daha çox dezinformasiyadır. Belə bir anlaşmamın olmasına inanmıram. Ona görə ki, bu cür anlaşma olacağı halda kollektiv Qərb faktiki olaraq uduzduğunu, geo-siyasi məğlubiyyətini etiraf etmiş olur. Buna getmək isə özünü məhvə məhkum etmək olardı. Odur ki, buna inanmıram. Mümkündür ki, hansısa, belə deyək, zondaj xarakterli, nəbz yoxlamaq xarakterli bir danışıqlar prosesi, kontaktlar olsun, amma bunun Ukrayna ilə, yaxud başqa bir münaqişə ilə bağlı danışıqlar prosesi olduğu inandırıcı deyil...”

Ekspert belə nəticəyə gəlir ki, Ukraynanın Qərbdən çox asılı qalmağının əsas səbəbi son illərdəki bütün maliyyə və texniki dəstəklərə rəğmən hərbi sənayesini inkişaf etdirə bilməməsidir.

“Kollektiv Qərblə Ukrayna arasındakı durğunluğun üçüncü səbəbi, öncə dediyim kimi, əlbəttə, Ukraynanın öz daxilindən gəlir. Bilirsiz ki, Ukrayna sovet dönəmində SSRİ hərbi sənayesinin çox önəmli, mühüm bir parçası olub. Amma çox təəssüf ki, iki ildir müharibə getməsinə rəğmən ukraynalılar faktiki olaraq bu qədər maliyyə yardımı və bu qədər hərtərəfli texniki dəstək qarşılığında öz hərbi sənayelərini qura bilmədilər. Və əlbəttə ki, öz hərbi sənayesini qura bilməyən dövlət kənardan hərbi dəstəyin davam etməsinə möhtac qalacaq. Bu məsələ də, dediyim kimi, ölkələrin, reguionların daxili münasibətlərinin necə tənzimlənməsindən asılıdır. Belə olduğu halda da, 2024-cü ildə Ukrayna cəbhəsində hadisələrin inkişafında sürpriz məqamlar ola bilər. Düzdür, öncəki söhbətimizdəki kimi, yenə deyirəm, bəlkə də Ukrayna bu günlərədək həqiqətən elə silahlar əldə edib ki, həmin silahlardan hazırda istifadə etmək hansısa səbəblərdən mümkün və ya məqsədəuyğun deyil. Amma artıq biz görürük ki, Ukrayna öz PUA-ları vasitəsilə Rusiyanın həmin ölkə ilə sərhədlərindən uzaq bir çox şəhərlərindəki hərbi obyektləri də vura bilir. Lakin, əlbəttə, bu ayrı-ayrı hallarda olur və kütləvi deyil. Kütləvi olan bu günlər də davam edən Rusiyanın Ukraynaya raket və dron hücumlarıdır. Ona görə də vəziyyət mürəkkəbdir. Və ən başlıcası isə o, aydın deyil. Ancaq Qərbin dəstəyi olmayacaqsa və Ukrayna öz hərbi sənayesində müəyyən irəliləyişlər əldə etməyəcəksə, təəssüf ki, Ukraynanın məğlub olma ehtimalı kifayət qədər yüksəkdir. Söhbət, təbii ki, bütövlükdə Ukraynanın işğalından gedə bilməz. Lakin ən azı Rusiyanın bu günədək zəbt etdiyi və əldə saxladığı Ukrayna əraziləri müzakirə, mübadilə obyekti ola bilər. Bu, istisna deyil”, -deyə Ərəstun Oruclu yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...