Sabiq deputat məktəbdə baş verən hadisənin yayılmasına görə xarici qüvvələri ittiham etdi

Sabiq deputat məktəbdə baş verən hadisənin yayılmasına görə xarici qüvvələri ittiham etdi

"Belə video-görüntülərin yayılması yolverilməzdir. Amma belə hadisələri bilərəkdən yayıb, qəsdən təbliğatını aparırlar. İstəyirlər ki, bu kimi hadisələr başqa məktəblərdə də baş versin".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Şahlar Əsgərov Bakıda 156 saylı məktəbin XI sinif şagirdinin həmin məktəbin IX sinif şagirdinə qarşı aşağalayıcı hərəkətlər etməsi ilə bağlı videodan danışarkən deyib.

"Mürəkkəb məsələdir, cavab vermək çətindir, həddindən artıq acınacaqlı haldır. Təhsil mürəkkəb sistemdir. Təhsilin obyekt və subyektləri çoxdur. Şagirdin dərdi bir başqadır, amma biz bu gün cəmiyyətin dərdini müzakirə etməliyik. Təhsil mühütü bu gün mürəkkəbləşir. Hər yoldan keçən təhsilin işinə qarışmalı deyil. Təhsildə müəllim, direktor düz seçilməlidir. Belə hadisələr onu deməyə əsas verir ki, ya direktor, ya da müəllim heyəti yerində deyil", deyə sabiq deputat vurğulayıb.

Onun sözlərinə görə, təhsilin bu günə düşməsində həm daxili, həm də xarici səbəblər çoxdur:

"Daxili səbəb nədir? Bəlkə orda direktor normaldır, bilmirik, ya da olsun ki, pul verib həmin vəzifəyə təyinat alıb. Xarici dövlətlərin Azərbaycanda maraqları var. İstəyirlər ki, Azərbaycanda təhsil sistemi pozulsun, əhali savadsız olacaq. Savadsız xalqı hər bir dəyərdən məhrum etmək asan olur. Müəllimi hörmətdən salırlar. Məktəbdə baş verən hadisə ailə sirri kimi boğulmalıdır. Amma xarici qüvvələr Azərbaycanın sirrini evdən bayıra çıxarıb və yayır. Əgər müəllim pisdirsə, cəmiyyət üsyan edib onu məktəbdən qovmalıdır".

Şahlar Əsgərov belə hadisələrin özəl məktəblərdə baş verməsini mümkünsüz hesab edir:

"Özəl məktəblərin də sayı çoxdur, amma mən inanmıram ki, orada belə hadisələr baş versin. Orada nəzarət güclüdür".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 156 saylı məktəbin XI sinif şagirdinin həmin məktəbin IX sinif şagirdinə qarşı zorakılıq etməsi ilə bağlı video yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər aşağalayıcı hərəkətləri edildiyi əks olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...