Paşinyanın destruktiv mövqeyi - Ermənistan sülhdən uzaq olduğunu göstərir - ŞƏRH

Paşinyanın destruktiv mövqeyi -
Son zamanlar Ermənistanda revanşist cəhdlər yenidən baş qaldırmaqdadır. Belə ki, ayrı-ayrı siyasilər, o cümlədən müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini tənqid edir, yeni mübarizə çağırışları edirlər. Onlar Ermənistan iqtidarını satqınlıqda ittiham etməklə yanaşı, həm də “qisasla” bağlı açıqlamalar verirlər. Məsələn, müxalif deputat Tiqran Abramyanın səsləndirdikləri fikirlər buna sübutdur. O, Paşinyan və komanda yoldaşlarını zəiflikdə günahlandırır, Azərbaycanı isə ittiham edir.

Bundan başqa, artıq Qarabağda mövcud olmayan separatçılar da revanşla bağlı fikirlər səsləndirirlər. Görünən odur ki, onlar “dəmir yumruğun” təsirini və nəticələrini unudublar.

Maraqlıdır ki, Ermənistanda Azərbaycanla sülh sazişində maraqlı olduğunu deyən hakimiyyət bu cür revanş cəhdlərin qarşısını almır. Məsələ ondan ibarətdir ki, etirazçı kütlə əlaqələrin normallaşması prosesinə zərbə vurur. Qisas məzmunlu açıqlamalar Ermənistan cəmiyyətinin şüuruna da təsir edir və qarşılıqlı etimad mühitinin yaranmasının qarşısını alır. Məntiqlə Paşinyan bu durumdan narazı olmalıdır. Amma bunun əlamətləri görünmür. Deməli, baş nazir ya həqiqətən zəifdir və revanşistlərlə bacarmır, ya da sadəcə olaraq bunu istəmir.

Ermənistan hakimiyyəti hər nə qədər kənar güclərin təzyiqi və təhriki ilə hərəkət etsə də, müəyyən təsir gücünə sahibdir. Paşinyanın Rusiyadan uzaqlaşmaq meyilləri göstərir ki, o, istəyəndə siyasi iradə ortaya qoya bilir. Deməli, Rusiyaya meydan oxumağa çalışan iqtidarın daxildəki müxalifətlə bacarmaması inandırıcı deyil. Hətta görünən odur ki, Paşinyan hakimiyyəti onların fəaliyyəti üçün şəraiti belə təmin edir.

Başqa bir məqam ondan ibarətdir ki, separatçılar Qərb təmsilçiləri ilə də görüşlərə can atırlar. İqtidarın bu məsələdə də müxalifətə dəstək göstərməsi istisna deyil. İş orasındadır ki, Paşinyan və komandası sülhdən danışsalar da, əslində, bunu istəmirlər. Beləliklə, Ermənistan iqtidarı müxalifətdən istifadə edir. Özünü yaxşı göstərir, “topu” revanşistlərə atır.

Bu proses davam edəcəyi təqdirdə Ermənistanın ağır nəticələrlə üzləşəcəyi şübhə doğurmur. Çünki sözügedən tendensiya Ermənistanın sülhdən çox uzaq olduğunu göstərir. Bu isə yeni hərbi toqquşmaya rəvac verə bilər.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın 8 kəndi hələ də işğal altındadır. Həmçinin, bugünkü Ermənistan ərazisini təşkil edən İrəvan, Göyçə, Zəngəzur da tarixi Azərbaycan torpaqlarıdır. Ermənistanın revanşist cəhdlərinin nəticəsi olaraq rəsmi Bakı bu məsələləri gündəmə gətirə bilər. Bu isə Ermənistan üçün yaxşı nə isə vəd etmir. Belə bir ssenarinin nəticələri II Qarabağ müharibəsinin nəticəsindən daha ağır olacaq. Paşinyan bu barədə düşünməli və daxildəki revanşistlərin “ipini yığmağa” çalışmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...