Ceyhun Bayramov ICESCO-nun rəhbəri ilə görüşdü
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, baş direktoru salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ISESCO arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayıb. Azərbaycanın öz ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini bildirən nazir, hökumət tərəfindən bu sahədə görülən işləri xüsusilə vurğulayıb.
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ISESCO tərəfindən dəstəkləndiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı ISESCO tərəfindən verilmiş bəyanatın yüksək qiymətləndirildiyi Baş direktorun diqqətinə çatdırılıb.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-mədəni irsin dağıdılması və məhv edilməsinə diqqəti yönəldən nazir, son onilliklər ərzində Azərbaycanın bu məsələ ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etdiyini qeyd edib. ISESCO Baş direktorunun hazırkı səfəri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə baş çəkməsinin onun bu ərazilərdəki vəziyyətlə əyani şəkildə tanış olması üçün əlverişli imkan yaratdığı bildirilib.
Baş direktor Salim bin Məhəmməd əl-Malik həyata keçirdiyi bu səfəri olduqca uğurlu qiymətləndirib. O, səfərin yalnız yüksək səviyyəli rəsmilərlə görüş baxımında deyil, habelə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından səmərəli olduğunu vurğulayıb.
Ərazilərlə tanışlıq zamanı buradakı dağıntıların miqyasının, o cümlədən dini abidələr, məzarlıqlar, muzeylər, yaşayış evləri və digər tikililərin məhv edilməsinin bu dağıdıcı siyasətin onilliklər ərzində məqsədyönlü şəkildə aparılmasının bariz nümayişi olduğu qeyd olunub.
Görüşdə tərəflər, həmçinin Azərbaycan-ISESCO əməkdaşlığının gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
559 dəfə oxundu