“Co Bayden birbaşa İlham Əliyevlə işləyib” - Robert Sekuta
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Xəzər siyasi mərkəzinin (CPC) İqtisadi və Enerji Proqramları üzrə rəhbəri Robert Sekuta Caliber.Az-a açıqlamasında Co Baydenin hakimiyyətə gəlməsi ilə Azərbaycan-ABŞ münasibətlərində hansı dəyişikliklərin baş vermə ehtimallarının olması barədə danışıb.
R.Sekuta vurğulayıb ki, hakimiyyət başına gələn hər bir yeni rəhbərlik adətən həm xarici, həm də daxili siyasətə yenidən baxır.
“Müxtəlif xəbər agentliklərində oxuduqlarınız, həmçinin bəyanatlardan və hərəkətlərdən də müşahidə etdiyiniz kimi, Baydenin yeni administrasiyası xarici siyasətin icmalını həyata keçirir. ABŞ-ın Azərbaycan barədə siyasətinə gəldikdə, Dövlət Departamenti və ABŞ-ın Azərbaycanla əlaqəli bir sıra dövlət qurumları regionda cərəyan edən hadisələri izləyir və ABŞ-ın Azərbaycanda oynaya biləcəyi rolu araşdırır. Bütövlükdə region barədə danışırıqsa, ABŞ Çin, Rusiya, Türkiyə, həmçinin Azərbaycanın qonşusu İrandakı vəziyyəti də təhlil edir”, – deyə R.Sekuta bildirib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri qeyd edib ki, təhlildə ABŞ-ın qeyd olunan ölkələrlə qarşılıqlı əlaqəsi və yaxın illərdə bu əlaqələrin hansı formada həyata keçiriləcəyinə dair düşüncələr yer alır:
“Həmçinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və transatlantik birliyini canlandırmaq üçün tələb olunan fəaliyyətləri nəzərdən keçirilir. Bundan əlavə, bu cür siyasi təhlillər terrorizm, iqlim dəyişikliyi, narkotik ticarəti, korrupsiya və beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə kimi vacib transmilli məsələləri nəzərdə tutur. Sadaladığım bütün bu məqamlar ABŞ-ı Azərbaycanla necə münasibətlər qurmaq istiqamətində düşünməyə sövq edir”.
R.Sekuta hesab edir ki, Bütün bu məsələlər həm ABŞ, həm də Azərbaycan və Xəzər regionundakı digər tərəfdaşlardan yaradıcı yanaşma tələb edir.
“Təkcə inkişaf etməkdə olan xarici siyasət problemlərinə baxmaq deyil, daha köhnə tezislərə qayıtmaq və hökumətlərin əvvəllər etdiklərini təkrarlamaq lazımdır. Xəzər regionunda, Avropa və Avrasiyada, ümumiyyətlə dünyada mühüm dəyişikliklər baş verir. ABŞ, Azərbaycan və bölgədəki digər ölkələr onları görməli, bir-birləri ilə müzakirə etməli və daha sonra irəliyə doğru hərəkət etmək üçün bu dəyişikliklərə necə reaksiya göstərmək barədə qərar verməlidirlər. Bundan əlavə, qeyd etmək istəyirəm ki, prezident Bayden xarici siyasət sahəsində geniş və dərin biliyə, təcrübəyə malikdir. Bu baxımdan mən, şayiələrə əsaslanmadan, bilirəm ki, (Azərbaycanda səfir olduğum üçün) o, birbaşa Prezident Əliyevlə işləyib”.
889 dəfə oxundu