Lavrov Bakıya hansı üzlə gələcək?

Lavrov Bakıya hansı üzlə gələcək?
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Azərbaycana gələn soyuq hava kütləsi yalnız təbiət hadisəsi deyil, bu, həm də Moskvanın imperialist siyasətinin havasıdır. Məlum olduğu kimi 3 gün öncə Ermənistan “nazirbaşı” vəzifəsini icra edən Nikol Paşinyanın öz parlamentində İran və Azərbaycanla sərhəd ərazilərdə - Zəngəzurda Rusiya Ordusunun Gümrüdəki 102-ci hərbi bazasının iki dayaq nöqtəsinin yaradıldığını rəsmən elan etdi. Bu, Azərbaycan cəmiyyətində haqlı olaraq müəyyən mənada narazılıq doğurdu. Əlbəttə, ilk baxışda Ermənistan ərazisində mövcud olan Rusiya bazasının və ona əlavə iki dayaq məntəqəsinin yaradılmasının Azərbaycana nə aidiyyəti var deyə, düşünmək olar. Ancaq, bununla yanaşı belə bir suala da cavab axtarılmalıdır: əgər Rusiya Türkiyəni öz tərəfdaşı, Azərbaycanı isə strateji tərəfdaş, bəzən hətta qardaş ölkə hesab edirsə, onda Ermənistanda 102-ci hərbi baza olduğu halda əlavə olaraq Zəngəzurda yeni yaratdığı bu iki hərbi dayaq məntəqəsi nəyə lazımdır?

Sözsüz ki, dünən İrəvanda Rusiya baş diplomatı Lavrovla Paşinyanın görüşü zamanı Lavrovun səsləndirdiyi “Biz müttəfiqimiz olan Ermənistan Respublikasının təhlükəsizliyini təmin etməyə sadiqik. Bu, Prezident Putinlə sizin təmaslarınızda və hərbi müdafiə qurumlarımız tərəfindən müntəzəm şəkildə aparılan söhbətlərdə də müzakirə edilir. Burda heç bir şübhə ola bilməz”, deməsini anlamaq olar. Çünki, Ermənistanın dövlət olaraq Rusiyanın köləsi olduğunu hər kəs yaxşı bildiyindən burada hansısa qeyri adi bir şey axtarmağa heç ehtiyac da qalmır. Amma bu yerdə cavabı axtarılmalı olan başqa bir sual meydana çıxır: maraqlıdır, Lavrav “102-ci Rusiya hərbi bazasının, Rusiya-Ermənistan birləşmiş hərbi qüvvələrin və Rusiyanın Federal təhlükəsizlik xidmətinin Ermənistandakı sərhəd idarəsinin fəaliyyəti Zaqafqaziyanın təhlükəsizliyinin qorunmasına xidmət edir”, söyləyərkən nə demək istəyir?

Məgər, “Zaqafqaziyanın təhlükəsizliyinin qorunmasına xidmət edən” Rusiya Cənubi Qafqazda Azərbyacanla Gürcüstanın ərazi bütövlüyünü elə özü pozmadımı? İndi Lavrov hansı üzlə bu ifadəni işlədir?!

Əslində Ermənistandan minalanmış Azərbaycan ərazilərinin xəritəsini almaq, separatçı-terrorçu quruplarının tezliklə çıxarılmasını tələb etmək əvəzinə, Rusiyalı sülhməramlıların humanitarlıq fəaliyyətindən, “erməni qaçqınlar” üçün yığma ev tikmək planından və vaksin vurulmasından ürəkdolusu danışan, üstəlik “Üçtərəfli bəyanatların tətbiqi yolu ilə bu məsələlərin hər formada, həm də formatda həll olunmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik”, deyən “kardaşyansoylu” Lavrovdan başqa nə gözləmək olardı?

Bu azmış kimi, ikitərəfli görüşdə ölmüş ATƏT-in Minsk Qrupunun digər həmsədrləri - ABŞ və Fransa ilə birlikdə erməni terrorçularının geri qaytarılması prosesinin tamamlanması da daxil olmaqla, bütün humanitar məsələlərin həll olunmasına Rusiyanın tərəfdar olduğunu vurğulayan Lavrov yalnız erməni tərəfinin mövqeyindən açıq çıxış etdiyi göz önündədir.

Əks təqdirdə son günlər Azərbaycanın iyun ayınadək Xankəndini tamamilə nəzarətə götürməsi barədə yayılan məlumatlara münasibət bildirən erməni politoloq, Ermənistan Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan, “Stepanakerti tabeliyinə almaq üçün Azərbaycan Rusiya ilə müharibəyə girməlidir”, deyərdimi?

Görünür məhz elə bu kimi dəstək və yanaşmalardır ki, ermənilərdə revanşist hisslərin güclənməsinə təkan verir. Bu mənada Ermənistanı revanş etməyə Rusiyanın həvəsləndirdiyini desək yanılmarıq.

Baxın, Lavrovun İrəvana getdiyi gün hadrutlu ermənilərin yaratdığı “Hadrut naminə” ictimai təşkilatının nümayəndəsi Artur Sarkisyan, “Lavrovdan bizim gözləntimiz yoxdur, lakin o, Ermənistan XİN-i və Qarabağ arasında vasitəçilik edə bilər ki, bizim işğal olunmuş ərazilər məsələsi mümkün qədər tez həll olunsun", - deyir. İndi sizcə bu ilana zəhəri məhz elə Lavrovlar vermirmi? Əslində onlar Hadruta qayıtmaları ilə yanaşı “məramı sülh olmayanları” da bu əraziyə gətirmək istəyirlər ki, bu da elə Rusiyanın özünə bütün Araz boyu - Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıya, nəzarət etmək imkanı baxımından daha çox sərf edən məsələdir.



Maraqlıdır, Lavrov iki xalqı barışdırmaq niyyətindədirsə nədən Xocavənddə faşist Njdeyə qoyulmuş daş parçasının 9 may ərəfəsində oradan götürülməsi barədə Paşinyana və ya digər “yanlara” bir söz demədi? Nədən bu həssas dönəmdə Azərbaycan cəmiyyətini hiddətləndirən addımlar atılmasının - Xankəndi Universitetinin tələbələrinə "Zəfər inşası" adlı yazı müsabiqəsi, həmçinin Xankəndi meydanında 9 mayda planlaşdırılan hərbi paradın keçirilməsinin yol verilməzliyi barədə narazılığını bildirmədi? Çünki, erməni revanşizminin nüvəsi elə Lavrov özüdür. Bir vaxtlar “Qarabağ məsələsinin hərbi həlli yoxdur” deyən və Vətən müharibəsi zamanı Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovu 11 saat saxlayaraq gipnoz etməyə çalışan Lavrov bir neçə gündən sonra Bakıya görəsən hansı üzlə gələcək?!

Bu arada, nə qədər təzadlı olsa da, Azərbaycan üçün ən böyük virusun ermənilər olduğunu bilib özünü bilməməzliyə vuran Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, “Rus peyvəndinin Bakıya gəlməsi Rusiya ilə Azərbaycan arasındakı dostluğumuzun bir jestidir. Rusiya tərəfi virusa qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir”, - deyir. Yeri gəlmişkən bu, o vaksindir ki, effektivliyinə və ya hansısa gücünə görə Putin onu avtomat Kalaşnikovla müqayisə edir. Başqa sözlə, yenə də güc nümayişi, yenə də silah...

Sonda onu deyək ki, əgər xatırlayırsınızsa, ötən ay Ermənistan Prezidenti Armen Sarkisyan dünyaca məşhur erməni porno-ulduzu Kim Kardaşyana Amerikada “erməni soyqırımı” ilə bağlı xidmətinə - Baydenə uydurma “soyqırım”ı dilə gətirməsində “çəkdiyi əziyyətə” görə yazdığı minnətdarlıq məktubunda, “Əla işdir, Kim Kardaşyan. Bu işdə fasiləsiz fəaliyyətinizə və sədaqətinizə görə çox sağ olun”, deyə yazmışdı.

Odur ki, siyasət aləmində Kardaşyandan heç də fərqlənməyən Lavrovun, onun timsalında Rusiyanın imperialist siyasətinin qarşısını almaq üçün Azərbaycan gərək vaxt itirmədən öz ərazisində qardaş Türkiyəyə məxsus hərbi baza, həmçinin əlavə olaraq ən azı iki dayaq məntəqəsi yerləşdirsin. Əks təqdirdə Qarabağ probleminin tam həll olunması məsələsində Azərbaycan tərəfi hələ çox kardaşyanlar və ya lavrovlarla üz-üzə qalmalı olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...