30 illik blokadanın sonu – Bundan sonra Naxçıvanı nələr gözləyir?

30 illik blokadanın sonu –

Azərbaycanın haqq savaşı olan 44 günlük Vətən müharibəsi bizə tarixi torpaqlarımızı qaytarmaqla yanaşı, həm də uzun illərdir blokada şəraitində qalan Naxçıvanın mövcud vəziyyətdən çıxmasına şərait yaratdı. Artıq Tarixi Zəfər nəticəsində yeni nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvanın 30 illik blokadasına son qoyulacaq. Bu isə öz-özlüyündə çox böyük nəaliyyət hesab olunur.

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, Vətən müharibəsi həm Cənubi Qafqaz, həm də Yaxın və Orta Şərq üçün yeni reallıqlar yaratdı: “Yaranmış bu reallığın ən mühüm nəticələrindən biri də Naxçıvan Muxtar Respublikasının blokadadan çıxarılmasıdır. Hesab edirəm ki, 10 noyabr razılaşmasının 9-cu bəndindən irəli gələn Azərbaycanın Naxçıvan bölgəsi ilə həm avtomobil, həm də dəmiryolu əlaqəsini nəzərdə tutan dəhlizin açılması, Muxtar Respublikanın sosial-iqtisadi inkişafına və turizm sektorunun, sənayenin dirçəlməsinə şərait yaradacaq. Ümumiyyətlə 44 günlük Vətən müharibəsi Azərbaycanı regionda söz sahibinə çevirməklə yanaşı, həm də blokadada olan Naxçıvanın inkişafını stimmullaşdıracaq mühüm bir mexanizmə çevrilmiş oldu. Nəticə etibarilə Naxçıvan böyük bir nəqliyyat şəbəkəsinin mərkəzinə çevrilir. Bu isə turizm və sənayenin inkişafına böyük təkan verəcək və insanların sosial rifahına çox böyük təsir göstərəcək”.

Anar Əliyevin sözlərinə görə, Naxçıvanda müxtəlif istiqamətləri özündə əks etdirən çoxşaxəli iqtisadi inkişafın şahidi olacağıq: “Naxçıvanın təhlükəsizliyi baxımından da blokadanın açılması çox əhəmiyyətlidir. Bildiyimiz kimi indiyə qədər Azərbaycan hava nəqliyyatı vasitəsilə və daha çox İran ərazisindən keçməklə Naxçıvanla əlaqələr qururdu. Bundan sonra artıq dəhliz vasitəsi ilə birbaşa əlaqələrimiz yaranacaq. Bu həm yüklərin çatdırılması və alınmasında maliyyə və vaxt xərclərinin azalmasına, həm də Naxçıvan məhsullarının rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində Muxtar Respublikanın sosial-iqtisadi inkişafının ən mühüm bazasına çevriləcək. Hesab edirəm ki, Vətən müharibəsi bütün sahələrdə ölkəmizin inkişafına stimul verəcək bir alətə çevirildi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...