“Minsk Qrupu ləğv edilməlidir” - Fransalı senator

“Minsk Qrupu ləğv edilməlidir” -

Minsk Qrupu ləğv edilməlidir, çünki artıq Dağlıq Qarabağ problemi yoxdur.

Bunu Trend-ə və "lagazetteaz.fr" onlayn fransız qəzetinə müsahibəsində fransalı senator Natali Qule deyib. O bildirib ki, bu qrup faydasızdır. Çünki istənilən halda, bu qurumun balanslı bir siyasəti olmayıb, çünki otuz ilə yaxındır ki, heç nəyə nail ola bilməyib. Ona görə də Minsk Qrupu ləğv edilməlidir. Çünki artıq Dağlıq Qarabağ problemi yoxdur, Azərbaycan özü öz ərazilərini işğaldan azad edib.

Senator bu dəfə Azərbaycana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" konfransında iştirakla əlaqədar gəldiyini deyib: "Həmçinin, azad edilmiş ərazilərə baş çəkəcəm və Azərbaycana dəstək olacağam. Çünki Azərbaycanı Fransada dəstəkləyən rəsmilərin sayı elə də çox deyil. Xatırladım ki, yalnız mən Senatda Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının əleyhinə səs verən olmuşam".

Son günlər Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən süni şəkildə yaradılan gərginlik fonunda Fransa prezidentinin sosial şəbəkə vasitəsilə yazdığı fikirlərə münasibət bildirən fransalı senator qeyd etdi ki, Fransada ikili mövqe sərgilənir: “Sizə də məlum olduğu kimi, Senat sədri böyük bir nümayəndə heyəti ilə Ermənistana gedir. Keçmişdə bu səviyyədə nümayəndə heyətinin Ermənistana getməsi və daha sonra Azərbaycana gəlməməsi heç vaxt olmamışdı. Hətta prezident Sarkozi o zaman bir gecəni Yerevanda keçirdikdən sonra, bir gün də Bakıda qalmağa gəlmişdi. İndi seçkiqabağı səbəblərdən parlament fərqli bir siyasət yürüdür. Bu gün açıq şəkildə rəsmi mövqedən fərqli mövqelər var. Beləliklə, bu gün Fransa açıq-aşkar Ermənistanın tərəfini tutur və buna görə mən təəssüf edirəm. Təəssüf edirəm ki, artıq balans yoxdur.

Fransalı senator erməni işğalçılarının Azərbaycan torpaqlarını talan etməsi, müsəlmanlara məxsus bütün mədəniyyət abidələrini məhv etmələri ilə bağlı da fikirlərini bölüşüb:

"Avropa Şurası Parlament Assambleyasındakı azərbaycanlı millət vəkilləri uzun illərdir bu məsələləri gündəmə gətirirlər, ona görə də bu məsələ barədə yetərincə məlumatlıyıq".

Senator 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın regionda nəqliyyat qovşağı qismində rolunun artması perspektivlərini qiymətləndirərkən qeyd etdi ki, Azərbaycan bölgədə sabitlik ölkəsidir. Bura Cənubi Qafqaz regionu boyunca dəhlizləri, yolları, dəmiryolu xətlərini gücləndirən iqtisadi qovşaq, eyni zamanda enerji qovşağıdır. Azərbaycanda hər şey öz axarında gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...