“Ermənistan baş verənləri anlamalı və qəbul etməlidir” - Ruslan Xasbulatov
Qarabağda Vətən Müharibəsi bitdikdən sonra Cənubi Qafqaz bölgəsində nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması ekspert cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Tanınmış siyasi və ictimai xadim, Rusiya Federasiyası Ali Sovetinin keçmiş sədri, Plexanov adına Rusiya İqtisad Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri Ruslan Xasbulatov Caliber.Az-a müsahibəsində öz fikirlərini bölüşüb:
- Hesab edirəm ki, nəqliyyat dəhlizlərinin açılması son dərəcə vacibdir. Bütün bunların əsası Sovet dövründə qoyulub, buna görə də müasir şəraitdə belə əməkdaşlığın bərpasını və inkişafını qiymətləndirmək çətindir.
Nəqliyyat dəhlizləri Rusiya üçün də vacibdir. Bu, bölgədə davamlı siyasi, sosial və iqtisadi barışıq yaratmağa kömək edəcək. Həmişə Qafqazın parçalanmasından narahatlıq keçirmişəm. Burada bir çox millət, fərqli iqlim qurşağı, fərqli relyefli geniş ərazilər var. Qafqazın qarşıdurmalar zonasına çevrilməsinə icazə verilməməlidir. Təəssüf ki, bölgənin bəzi ölkələrində bu hələ də baş verir.
Sülhün mümkünsüzlüyü və müharibəyə məhkum olmamızla bağlı bəzi ölkələrin müxtəlif şəxslərindən gələn açıqlamaları alqışlamıram. Bəs bu vəziyyətdə nə etməli? Aya köçək? Yeganə yol dinc yaşamağa başlamaqdır.
Son hadisələr Cənubi Qafqazın davamlı və dinc inkişaf yoluna qədəm qoymasına kömək edir. Çox istərdim ki, bütün insanlar bu anlayışı qavrasın.
Azərbaycanda, Ermənistanda, Gürcüstanda çox dostlarım var. Onların bir çoxu ilə universitetdə oxumuşam. Və neçə dəfə demişəm ki, insanlar əllərinə silah almadan əvvəl məsələləri sülh yolu ilə həll etmək lazımdır. İndi növbəti mərhələdir, heç bir sözə və vədə güvənməməli, sülhə doğru möhkəm bir yol tutmalıyıq. Burada xalqlarımız yaşayır, okeanın o tayından gələn siyasətçilər yox! Bundan öncəki təcrübə əvvəlki bütün yaxşılıqları bərpa etməyin lazım olduğunu göstərmədimi?! Çox ümidliyəm ki, müdriklik qalib gələcək.
Tale bir vaxtlar məni Heydər Əliyevlə rast gətirdi, onunla yaxşı dostlaşdıq. İndi də oğlu Prezident İlham Əliyevin fəaliyyətini izləyirəm. O, görkəmli dövlət xadimidir. Onun məqsədyönlü fəaliyyəti Qafqaza sülh gətirəcək. Müdrik ənənələrə hörmət etməli, münasibətləri bərpa etməliyik.
Gürcüstan üçün də çox narahatam. Vəzifə borclarının öhdəsindən gəlməyən başçıları olub, indi biz (Rusiya və Gürcüstan-red.) 100 il düşmənçilik edək? Ümumi yanaşmaları tapmaq lazımdır. Yeri gəlmişkən, mən həm Gürcüstanın, həm də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə cəlb olunmasının tərəfdarı olmuşam. Bəlkə də bu birlik vasitəsi ilə nə qədər tənqidi yanaşılsa da, bir çox məsələni həll etmək mümkün olacaq. Ancaq təəssüf ki, bu barədə yazdığım vaxt nə Moskva, nə Tbilisi, nə də Bakı reaksiya vermədi.
- Yeri gəlmişkən, Azərbaycan bu yaxınlarda Kazanda keçiriləcək Aİİ ölkələri Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün dəvət aldı. Lakin Ermənistan buna qarşı çıxdı.
- Bu qeyri-ciddi yanaşmadır. Bir vaxtlar Ermənistanın Aİİ-də iştirakına etirazlar var idi. Ancaq ziddiyyətlər aradan qaldırıldı. Ermənistandan olan həmkarlarımı tənqid etmək istəyirəm: Bu çirkin hərəkətdir, belə etmək olmaz. Ermənistan baş verənləri başa düşməli və qəbul etməlidir.
Bu vəziyyətdə mən Rusiya Prezidenti Vladimir Putini dəstəkləyirəm, o ağlabatan şeylər təklif etdi. Rusiyanın vasitəçiliyi ilə razılaşılaşmaq vacibdir.
Moskva Cənubi Qafqazda sülhdə maraqlıdır və siyasətdə həmişə mövcud olmayan bu imkanlardan istifadə etmək lazımdır.
741 dəfə oxundu