Malayziya qəzetində Azərbaycan və Türkiyə diplomatlarının Ermənistan səfiri ilə məqalə debatı dərc edilib
Təkcə Malayziyada deyil, Cənub-Şərqi Asiya regionunda ən tanınmış nəşrlərdən olan “New Straits Times” qəzeti artıq bir müddətdir Azərbaycan və Türkiyə diplomatları ilə Ermənistanın Malayziyaya akkreditə olunmuş səfiri Cunik Ağacanyan arasında davam edən silsilə məqalələr debatının növbəti buraxılışını dərc edib.
Sonuncu məqalə cari iyun ayının 2-də Azərbaycanın Malayziyadakı səfirliyinin müşaviri Rafiq Rüstəmov tərəfindən qələmə alınıb.
Qeyd edək ki, ilk dəfə aprel ayının 27-də “New Straits Times” qəzetində Azərbaycan diplomatının “Ermənistan rəhbərliyinin təfəkkürü dəyişmədən sülh çətindir” sərlövhəli məqaləsi dərc olunmuşdu. Burada müəllif Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin qonşu Ermənistanla sülh münasibətlərinin qurulmasında cəsur və xeyirxah addımlarına baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin hələ də düşmənçilik məzmunlu “Böyük Ermənistan” ideologiyasının təsirindən qurtulmadığına, davakar münasibətini davam etdirməkdə maraqlı olduğuna, bu səpkidə bir sıra təxribatçı amillərə nəzər salıb. Həmçinin 10 noyabr, 2020-ci il tarixli üçtərəfli bəyanatın yaratdığı imkanlar çərçivəsində Azərbaycan və Ermənistanın yerləşdiyi Cənubi Qafqaz regionunda sülh quruculuğunun bərqərar olması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyinə vurğu edib.
Azərbaycan diplomatının konstruktiv məzmunda ifadə etdiyi mətləblərə baxmayaraq, Ermənistanın iqamətgahı İndoneziyada yerləşməklə, Malayziyaya akkreditə olmuş səfiri C.Ağacanyan sözügedən qəzetin 4 may tarixli buraxılışında Azərbaycan və Türkiyəni hədəf alan, iki ölkəni ifrat böhtana məruz qoyan məqalə ilə çıxış etmişdi.
Bunun müqabilində, Türkiyə Respublikasının Malayziyadakı Səfirliyinin müşaviri Cem Baş Ermənistan səfirinin hiddət doğuran iftiralarına 8 may tarixində “Ermənistan səfirinin illüziyaları” sərlövhəli məqalə ilə cavab vermişdi. Türkiyəli diplomat öz yazısında Ermənistan səfirinin aqressiv milliyyətçiliyə kökləndiyini, onun mövcud ruhi vəziyyətinin ölkəsinin Azərbaycan ilə müharibədə rüsvayedici məğlubiyyətdən sonra daha da kəskinləşdiyinin ehtimal olunduğunu nəzərə çatdırıb. Eyni zamanda, müşavir C.Baş konkret faktlarla Ermənistanın 44 günlük müharibə zamanı azərbaycanlı mülki əhaliyə qarşı nə qədər qəddar davrandığını ifadə edib, erməni siyasətçilərin uzun illərdən bəri əsassız iddialarla Türkiyəyə qarşı qara kampaniya apardığını vurğulayıb və I Dünya müharibəsi zamanı erməni silahlıları tərəfindən Türkiyədə qətlə yetirilən günahsız müsəlmanlardan bəhs edib.
Ermənistan səfiri Azərbaycan və Türkiyəyə qarşı öz əsassız iddialarını eyni qəzetin 26 may tarixli buraxılışında davam etdirib və böhtan dolu fikirlərini bir daha məqalə şəklində təqdim edib.
Cari iyun ayının 2-də “New Straits Times” qəzeti Azərbaycanın Malayziyadakı səfirliyinin diplomatının “Sülh diplomatiyasına qarşı tarixdən sui-istifadə” başlıqlı məqaləsini dərc edib. Azərbaycan diplomatı növbəti dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyinin propaqanda siyasətini və beynəlxalq ictimaiyyəti aldatma cəhdlərini ifşa edərək, səfir Ağacanyanın revanşist və nifrət dolu mövqeyini sərt tənqid edib. Erməni səfirin məqsədyönlü şəkildə Azərbaycan və Türkiyəni eyni anda hədəf seçərək xarici auditoriya qarşısında özünü “yalqız döyüşçü” kimi təqdim etməyə çalışdığını, lakin belə cəhdlərin artıq köhnəlmiş olduğunu nəzərə çatdırıb. Ermənistanın uzun illər boyu beynəlxalq ictimaiyyətin birmənalı çağırışlarına məhəl qoymadığını və Azərbaycan torpaqlarını işğal altında saxladığını bildirən R.Rüstəmov bu illər ərzində qonşu ölkənin milli-mədəni irsimizə qarşı ən ağlasığmaz təxribat və vandallıqlar törətdiyini konkret faktlarla qeyd edib.
Müəllif bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin göstərdiyi bütün xoşniyyət jestlərinə Ermənistan rəhbərliyi nəinki qarşılıq göstərməyib, hətta kiçicik təşəkkür bəyanatı belə vermək cəsarəti nümayiş etdirməyib.
Məqalənin sonunda Azərbaycan diplomatı vurğulayıb: “Ümumilikdə diplomatiyada, xüsusilə qonşuluq münasibətlərində etimad quruculuğu ilk növbədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və xalqların suveren hüquqlarına qarşılıqlı hörmətlə başlayır. Bu ilin may ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin birində çıxışı zamanı bildirmişdir ki, o, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkünlüyündən əmindir. Ən əsası da, Azərbaycan Prezidenti açıq şəkildə vurğulamışdır ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Lakin beynəlxalq ictimaiyyət bu günə qədər Azərbaycan Prezidentinin belə aydın və sülh yönümlü çağırışına Ermənistan Hökuməti tərəfindən hər hansı aydın iradə ifadəsi eşitməyib”.
Qeyd edək ki, sözügedən məqalə debatı NST oxucuları və Malayziyada geniş ictimai-siyasi dairələr tərəfindən böyük maraqla izlənilir.
946 dəfə oxundu