Ermənilərlə birgə necə yaşaya bilərik? – Mümkün variantlar

Ermənilərlə birgə necə yaşaya bilərik? –

“Ölkə başçısı bu yaxında Ümumqafqaz evindən bəhs etmişdi. Gözəl arzudur. Ümumqafqaz evinin inşası və orada ömür sürən insanların rifahı ilk növbədə bu evin otaqlarında yaşayan qonşuların yaxşı münasibətlərindən asılıdır. Necə ki biz bunu bu gün İsveçrə nümunəsində görürük”.

«Yeni Sabah” xəbər verir ki, bunu ASTNA-ya müsahibəsində Vətəndaş cəmiyyətinin üzvü, SOCAR-ın keçmiş prezidenti, Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov deyib. Gələcəkdə azərbaycanlılarla ermənilərin birgə yaşaması haqda sualı cavablandıran Bağırov mümkün variantları dilə gətirib.

“Sual verilə bilər ki, Qarabağ erməniləri və türkləri arasında münasibətlər prinsipcə yaxşılaşa bilərmi? Əlbəttə çox çətin məsələdir. Amma mümkündür. Bunu həm dünya tarixi, həm də öz tariximiz sübut edib.

Keçən əsrin əvvəllərində baş verən qanlı hadisələrdən sonra məgər bu münasibətlər yaxşılaşmamışdı? Əla olmasa da normal münasibətlər olub. Təbii ki, yenidən münasibətlər tədricən yaxşılaşa bilər. Addım-addım buna doğru irəliləmək mümkündür. Lakin əsas şərt etnik zəmində münaqişələrin törədilməsində günahları olanların ən sərt şəkildə cəzalandırılmasıdır. Bu çox ciddi şəkildə bildirilməli və hər kəs bunu yaxşı dərk etməlidir.

Xalqlarımız keçən əsrdə bu dərsləri keçiblər. Gənc nəsil bilmir, lakin yaşlı nəsil bu dərsləri çox yaxşı mənimsəyib. Ən ciddi şəkildə cəzalandırma olmasa qarşılıqlı təhqirlər, söyüşlər, savaşlar davam edəcək. Bu cəzalandırma üsulu ilə yanaşı münasibətlərin tədricən yaxşılaşmasının digər üsulları da var ki, paralel olaraq onları da işə salmaq mümkündür. Məsələn, iqtisadiyyat sahəsində, biznes münasibətlərində, mədəniyyət sahəsində və digər. Onlarla mexanizmlər işə salına bilər. Məsələn, biznes sahəsində birgə layihələrin təşviq mexanizmləri. Ya deyək ki, azad bazar zonaları və s. Onlarla təşviq mexanizmləri mümkündür ki proseslər müsbət istiqamətdə getsin.

Qeyd etdiyim şərtlərin təmin edilməsi həm iradə həm də səbr tələb edir. Hətta müəyyən xərclər də çəkilməli olacaq. O da yəqin qeyd edilməlidir ki, hər iki tərəfin ziyalıları, ağsaqqaları da proseslərin müsbət istiqamətdə getməsinə öz töhfələrini verə bilər. Sovet vaxtı məşhur mahnı var idi “Qardaş olub Hayastan və Azərbaycan”. Əlbətdə qardaş ola biləcəyimiz çox müşkül məsələdir, lakin normal münasibətlərdə olmamız və qarşılıqlı fayda verən əməkdaşlıq etməyimiz mümkündür.

Azərbaycan tərəfi ən yüksək səviyyədə Qarabağda yaşayan ermənilərin yenidən Azərbaycan vətəndaşlığına qayıtmalarının mümkün olduğunu bəyan edib. Əlbəttə güclə bunu etmək mümkün deyil, özləri buna qərar verməlidir. Texniki baxımdan isə bunu etmək problemli deyil. Xankəndində (Stepanakertdə) ASAN xidmətin filialı açılır (işçiləri ilk mərhələdə Azərbaycan rusları ola bilər, sonra isə vətəndaşlıqları bərpa edilən yerli ermənilərlə əvəz edilə bilər) və bu şəhərdə yaşayanlar arasında Azərbaycan vətəndaşlığına dönmək istəyənlər ASAN-a ərizə ilə müraciət edirlər. Ərizələri qısa müddətdə nəzərdən keçirilir (yoxlanılır ki, ərizəçi Sovet vaxtı Azərbaycan vətəndaşı olub ya yox, və ya yaşı 30-dan azdırsa, valideynləri Azərbaycan vətəndaşları olubmu. Bu yoxlamanın məqsədi həmin insanın Suriyadan, Livandan və ya digər xarici ölkədən olub-olmamasını yoxlamaq ola bilər) və ona Şəxsiyyət Vəsiqəsi və Passport təqdim edilir. Eyni ilə kənd yerlərində yaşayan və Azərbaycan vətəndaşlığını bərpa etmək istəyən ASAN-ın səyyar xidmətinə müraciət edə bilər. Yəni texniki baxımdan mən ciddi problemlər görmürəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...