“Nəcməddin Sadıkov zəng etdi ki, ermənilər hücuma keçib” - Surət Hüseynov

“Nəcməddin Sadıkov zəng etdi ki, ermənilər hücuma keçib” -

Bu günlərdə sabiq Baş Nazir Surət Hüseynovun BBC Azərbaycana verdiyi müsahibə o vaxt hakimiyyətdə təmsil olunan şəxslər və siyasi dairələr tərəfindən geniş müzakirə olunur. “Qafqazinfo” xəbər verir ki, ötən ilin sentyabrın 7-də alınmış və yenidən yayımlanan müsahibədə S. Hüseynov 4 iyun hadisələrinə toxunaraq onu qiyamçı adlandıranlara reaksiya verib. Eyni zamanda S. Hüseynov haqqında səsləndirilən bir sıra ittihamlara da cavab verib.

O qeyd edib ki, 4 iyunda onun tərəfindən qiyama heç bir cəhd edilməyib: “4 iyun nəticədir. Biz bunun səbəblərinə nəzər salmalıyıq. Bunun üçün mən 1992-ci ilin avqust ayının 27-nə nəzər salım. Həmin vaxt Almaata sazişi olmuşdu. O zaman 27-dən 28-nə keçən gecə Tofiq Qasımovla Pənah Hüseynov gecə saat 3-ün yarısında mənim yanıma gəldilər. Pənah Hüseynov mənə dedi ki, Tofiq Qasımov Almaatadan gəlir. Orada ermənilərlə atəşkəsə, müştərək post yaratmaq haqqında sazişə imza atılıb. Bu o zaman idi ki, mənim yəni Azərbaycanın ikinci korpusu 2 ay yarım müddətində Dağlıq Qarabağın 52 faizini ermənilərdən azad etmişdi.

O zaman müsahibəmdə bildirmişdim ki, atəşkəs imzalanmasının əleyhinəyəm. Onlara dedim ki, siz səhv etmisiniz, sazişə imza atmısınız, Elçibəyin yanına gedəcəyini dedilər. Sentyabr ayında (1992-ci il) Ermənistan tərəfindən 55-ə yaxın deputat İsa Qəmbərin qəbulunda olublar. O imzalarla ki biz istəyirik ki, barışığa gedək. Niyə barışığa gedirdilər? Nəyə görə mən Xankəndinə getməli olduğum halda, məni çıxartdılar ki, gedin Laçın dəhlizini bağlayın. Dedim ki, Xankəndinə getməyə hazırlaşmışıq.

Həmin vaxt ay yarım əvvəl keçmiş Ermənistanın keçmiş baş naziri Baqratyan müsahibəsində bildirib ki, Qarabağ əldən gedirdi, Rusiyanın baş nazirinə zəng vurub ki, onlara yardım edilsin. Azərbaycanda Elçibəyin hakimiyyətində olan Rusiyanın adamları vasitəsilə məni Xankəndinə getməyə qoymadılar. Dedilər dəhlizə gedin, o 15 gün müddətində də atəşkəsə imza atdılar. Azərbaycan ordusunu belə süquta uğradan siyasətçilər olub”.

Sabiq Baş Nazir o zaman Ağdərədən qoşunları geri çəkdirməsi məsələsinə də toxunub. O bildirib ki, qoşunları geri çəkməyib, onlar hamısı ona qarşı yalan- böhtandır: “O zaman oktyabr ayından başlayaraq yeni Seyfəli hərbi təlim mərkəzində qüvvələr toplamağa başladım. Təlim keçəndən sonra fikrim o idi ki, apreldən 10 min nəfərlik bir briqada da hazırlayım. 1993-cü ilin aprel ayında hücuma getməyə planlaşdırırdım. Bunu o vaxtki iqtidarın yüksək vəzifəli şəxslərinə də toplantıda demişəm. Bir briqada 1992-ci ilin dekabrın 20-də hazırlandı. Prezident Elçibəyə və komandasına bildirdim ki, həmin gün təlimə gəlib baxsınlar. Onlar gəlməyib, müdafiə naziri gəlib. Sonra videokadrlara baxıblar deyiblər ki, cavan oğlandır, vertolyotu da, bütün digər sursatları var, nə vaxt istəsə çevriliş edə bilər. Qısqanclıq yaranıb mənə qarşı.

Bunlar dekabrın 26-da Gəncədən gediblər. Nurəddin Sadıkov başda olmaqla 64 nəfər yüksək rütbəli Baş Qərargahın zabitləri mənə dedilər ki, hücum əməliyyatına qoşun getməlidir. 1992- 1994-cü illərdə Azərbaycanda çox şaxtalı qış keçib. Qarabağda dağlarda 30-35 dərəcə şaxta olub. Nurəddin Sadıkova bildirdim ki, qoşunu aprel ayında hücuma hazırlamışam. Bu nə məsələdir? Dedi ki, Ali Baş Komandan əmr edir. Dedim ki, siz hərbçi olaraq bilirsiniz ki, qışda heç vaxt hücum əməliyyatına başlamaq olmaz. Rəhim Qazıyevə zəng etdim, o da dedi ki, Elçibəyin əmridir. Dedim ki, mən bu təxribata qol qoyası deyiləm. Bildirdim ki, istefa verirəm. Dedi ki, sən bu adamlara acıq edib istefa verəcəksənmi? O vaxtki iqtidar məni vurmaq üçün belə bir hərəkət edib.

Fevralın 4-dən 5-nə keçən gecə ermənilər əks hücuma keçib. Bizim əməliyyatımızı özümünkülər pozub. 3 kəndi ermənilər götürüb. Fevralın 5-i Nəcməddin Sadıkov zəng etdi ki, ermənilər hücuma keçib. AXC İcraiyyə Komitəsinin katibi olan Fərəc Quliyevin nə haqqı var idi ki, məni xain adlandırırdı. Durduğunuz yerdə sizi xain adlandırsaydılar, siz nə edərdiniz, mən də elə onu etmişəm.

Ayın 9-da Elçibəy məni Gəncədə qonaq evinə çağırdılar. Demişəm ki, a bəy, bu nə hərəkətdir mənə qarşı? O da dedi ki, həmin bəyanatdan xəbəri olmayıb, Fərəc Quliyev bunu verib. Mən gözləyirdim ki, gəlib korpusu təhvil götürsünlər. Elçibəy mənə söz verdi ki, gedib Bakıda məsələni araşdıracaq. Ayın 11-də Elçibəylə 1 saat görüşüb söhbət etdik. Bildirdi ki, Fərəc Quliyevə təzyiq göstərsə də, o öz fikrindən dönmür. Məni “Azəryun” şirkətinin prezidenti təyin edəcəyini bildirdi. Elçibəyin əmri qaldı kənarda, kimlərinsə istəyiylə məni həbs etməyə gəldilər. Maşını saxlamadım, getdim Gəncəyə. Prezidentin köməkçisi Gürşadı yığdım. Dedim bu məsələdir. Bəy bunu İskəndər Həmidovun üstünə yıxdı. Dedi ki, Həmidov özbaşınalıq edir. Mən prezidentə ultimatum verməmişəm. Mən deyirəm ki, korpusu gəlib təhvil alın, ondan sonra gedim. Deyirlər ki, yox eləcə çıxım gedim. Oranı gəlib heç kim təhvil götürmədi”.

Sabiq Baş Nazir qeyd edib ki, Əbülfəz Elçibəyin prezident olmasında ondan çox əməyi olan olmayıb: “Mən elə adam deyiləm ki, kimsə məndən istifadə etsin. Məni oyuna salmaq istəyən Pənah Hüseyn və İsa Qəmbər olub. Onlar da Elçibəyi yıxıb hakimiyyətə gəlmək istəyirdilər. Elçibəyi qoruyan mən olmuşam. Düşünürdüm ki, o həqiqətən vətənpərvərdir.

İyunun 2-3-də atamın yas yerinə gələnlər danışırdılar ki, şəhərin ətrafına qoşun yeridirlər. Necə olur qiyamçı bəyə deyir ki, ayıbdır, qoy atamın 40 mərasimini yola verim, 10 gündən sonra hara deyirsinizsə ora tək gəlim. Pənah Hüseyn Gəncədə hərbi hissədə olan avtobusu güllələtdirib. Ona qan tökmək lazım idi. Avtobusa atəş açanlar nə 709-un əsgərləri olub, nə də Gəncə sakinləri. Mən Elçibəyin istefasını tələb etməmişəm. Pənah Hüseynlə, İsa Qəmbərin istefasını tələb etmişəm. Bakıya qoşunun girməsi üçün əmr verməmişəm. Əsgərlərim Bakıya heç girməyib. Rusiya dövlət çevrilişini Dadaş Rzayevin əliylə edirdi, Pənah Hüseyn və İsa Qəmbəri hakimiyyətə gətirmək istəyirdilər”.

O bildirib ki, onun üçün Elçibəyin Kələkiyə getməsi gözlənilməz olub: “O zaman Bakıya gəlməmişdim. Niyə getdiyini bilmirəm. Heydər Əliyevi Bakıya dəvət etməyi də mənim üstümə yıxırdılar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...