Kreml “Qarabağ klanı”nın hakimiyyətə qayıdışına çalışır? - ŞƏRH

Kreml “Qarabağ klanı”nın hakimiyyətə qayıdışına çalışır? -
Ermənistandakı siyasi gərginlik Azərbaycanı da diqqətli olmağa vadar edir; “21 iyuna hazır olmalıyıq”; Rusiya Xocalı canisi Köçəryana “stavka” etsə, bölgədəki sülhməramlı missiyasına zərbə vurmuş olacaq…
Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca siyasi hərarət də artır. Artıq hətta əksər ermənilərin özlərində belə şübhə yoxdur ki, seçkilərdən sonra ölkədə vətəndaş müharibəsi başlaya bilər.

Qeyd edək ki, 2008-ci ilin 1 mart hadisələri Robert Köçəryanın hakimiyyəti Serj Sərkisyana ötürməsinə etirazların sərgiləndiyi zaman baş vermişdi və 10-dan çox müxalifətçi güllələnərək öldürülmüşdü. İndiki ilə müqayisədə Ermənistanda vəziyyət xeyli normal olduğu halda, qanlı hadisələr baş vermişdisə, deməli, 20 iyundan bu ölkədə silahların işə düşəcəyini proqnozlaşdırmaq çətin deyil.

Məğlubiyyətə imza atmasına baxmayaraq, hələ də Nikol Paşinyan Qarabağ klanına və digər müxaliflərə qarşı mübarizədə irəlidədir. Hətta Sərkisyanın Paşinyana 24 saat vaxt verməsi də baş nazir vəzifəsini icra edən şəxsi qorxutmadı, hətta bundan sonra Nikol məzuniyyətə çıxdığını elan etdi. Levon Ter-Petrosyan da vətəndaş müharibəsi təhlükəsindən danışmağa başlayıb. Qarşılıqlı ittihamlar isə səngimir.

Bəzi ermənilər isə o qədər boğaza yığılıblar ki, Ermənistandakı fəlakətlərə görə bütün liderləri günahlandırırlar, özü də sərt şəkildə. “Hər şeydə Levon Ter-Petrosyan günahkardır, hamını satdı. Paşinyan və Köçəryanı isə məhkəməyə verib güllələmək lazımdır…” Bunu sürücülüklə məşğul olan erməni deyib.

Bu arada R.Köçəryanın yenə də Rusiyaya sığınması, prezident Putinlə telefon danışığı müzakirə mövzusudur. Ancaq bu da var ki, Azərbaycandakı cinayətlərin başında dayanan Qarabağ klanının yenidən hakimiyyətə dönüşü bölgədəki sülhün üstündən xətt çəkə bilər. Çünki Sərkisyan və Köçəryan hətta Zəngəzur dəhlizinə də “yox” deyirlər. Belə olan vəziyyətdə Kreml Köçəryan-Sərkisyan komandasını yenidənmi iqtidar etmək istəyir? Axı Rusiya sülhün təminatçısı olduğunu bəyan edir. Bu perspektiv Azərbaycana nə vəd edir? Vətəndaş müharibəsinə hamilə olan Ermənistanda qarışıqlıq yaransa, rəsmi Bakının davranışı nə olacaq?
Gundeminfo.az-ın məlumatına görə, deputat Ceyhun Məmmədov bildirib ki, hazırda Ermənistanda vəziyyət kifayət qədər gərgindir:

“Ermənistanda vəziyyətin gərginləşməsinin əsas səbəbkarları Ermənistanın əvvəlki və indiki siyasi liderləridir. Onların yarıtmaz siyasəti erməni xalqını hazırkı uçurumun dibinə gətirib çıxartdı. Əgər zamanında Ermənistanın siyasi liderləri həyata keçirdikləri yanlış siyasətdən əl çəkə bilsəydilər, bu gün Ermənistanda vəziyyət bu qədər gərgin olmazdı. Ermənistanın siyasi liderləri, ziyalıları, din xadimləri bu barədə ciddi düşünməli, nəticə çıxarmalıdırlar”.

Millət vəkili dedi ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün bütün addımları atacaq:

“Hətta qarışıqlığın yaranması belə Azərbaycanı bu yoldan çəkindirə bilməz. Ya Ermənistan səhvini başa düşərək əməkdaşlıq edəcək, ya da dəmir yumruq işə düşəcək”.

“20 iyun seçkiləri təkcə Ermənistan hakimiyyətinin yox, bütövlükdə erməni xalqının taleyini və eləcə də gələcəkdə regionda yürüdüləcək siyasətin istiqamətlərini, həmçinin 10 noyabr üçtərəfli atəşkəs razılaşmasının aqibətini müəyyənləşdirəcək çox mühüm hadisədir. Bu səbəbdən, Ermənistandakı seçkilərin gedişini və nəticələrini hazırda yalnız ermənilər yox, Azərbaycan, Rusiya, Türkiyə, İran, ABŞ və Avropa İttifaqı da diqqətlə izləyir”.

Bu fikirləri isə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bildirib.

Ekspert əlavə edib ki, əlbəttə, iyunun 14-16 aralığında keçirilən görüşlərin, xüsusən də Bayden-Ərdoğan və Bayden-Putin danışıqlarının gedişi də mütləq Ermənistandakı seçkilərin nəticələrinə təsir edəcək və bu görüşlərdən sonra siyasi mənzərə daha da aydın görünəcək: “Hələliksə görünən odur ki, Ermənistandakı qərbyönümlülərin lideri Paşinyan geri çəkilməyəcək və nəyin bahasına olursa-olsun rusiyayönümlülərin lideri Köçəryanı elə ilk turdaca məğlub etməyə çalışacaq. Çünki Paşinyan qalib gələ bilməsə, Qarabağdakı məğlubiyyətin bütün təqsiri onun üzərinə yıxılaraq həbs ediləcək, hətta o, öldürülə də bilər. Yəni Paşinyan bu seçkilərə həm də özünün və ailəsinin şəxsi təhlükəsizlik məsələsi kimi yanaşır və seçki günü daha qətiyyətli olacaq, şəxsi düşməni Köçəryanın qələbə qazanmasına imkan verməyəcək. O, artıq Qərbin də köməkliyi ilə ən kritik dövrü adlamağı bacarıb – ötən ilin noyabr və dekabr aylarında onun mövqeyinin ən zəif vaxtları idi, ancaq Rusiya onu yıxa bilmədi. Xatırlayırsınızsa, rusiyayönümlü 17 partiya noyabr ayında birləşərək, Paşinyanın istefasını, Manukyanın başçılığı ilə müvəqqəti hökumət qurulmasını və növbədənkənar parlament seçkilərini də məhz bu hökumətin keçirməsini tələb edirdi”.

E.Şükürlü qeyd etdi ki, ancaq müxalifətin buna gücü çatmadı, əhali mitinqlərə çıxmadı, onların tələblərini dəstəkləmədi: “Paşinyan isə vaxtı udaraq, hakimiyyətdə qalmağı və ABŞ-ın yeni administrasiyasının da dəstəyini əldə etməyi bacardı. Rusiya son cəhdini fevralın 25-də Baş Qərargah rəisi Onik Qasparyanın əli ilə – hərbçiləri prosesə qoşmaqla etsə də, yenə də əhali onların yox, Paşinyanın arxasında durdu… Bu səbəbdən Rusiya Ermənistandakı siyasətini dəyişməyə məcbur oldu və növbədənkənar seçkiləri Paşinyan hökumətinin keçirməsinə razılaşdı. İndi Rusiya üçün ən önəmlisi bu seçkilərdə Köçəryanı baş nazir gətirmək yox, Köçəryanın özünün və tərəfdarlarının parlamentə düşməsini təmin etməkdir. Çünki bu mərhələdə Köçəryan qalib gəlsə, sərhədlərdə və Qarabağda vəziyyət gərginləşəcək, Rusiyanın zəmanəti ilə əldə edilmiş atəşkəs razılaşması pozulacaq, onun müddəaları yerinə yetirilməyəcək və nəticədə, Rusiyanın sülhməramlı missiyası təhlükə altına düşəcək, Türkiyə və Qərb də vəziyyətdən istifadə edərək, öz hərbi qüvvələrini bölgəyə gətirəcək”. E.Şükürlünün fikrincə, Köçəryan nə qədər Rusiyaya və Putinə sadiq şəxs sayılsa da, Rusiya Köçəryana görə Azərbaycanı itirməyə razılaşmayacaq: “Əksinə, erməni cəmiyyətinin Paşinyanın arxasında durduğunu görən Rusiya istəyəcək ki, elə bu mərhələdə Paşinyan özü hakimiyyətdə qalsın, atəşkəs razılaşmasının müddəaları yerinə yetirilsin, xüsusən də nəqliyyat-kommunikasiya xətlərinin açılması tezliklə təmin edilsin və Paşinyanın əli ilə Rusiyaya daha çox güzəştlərə gedilsin, son nəticədə də Ermənistandakı bütün uğursuzluq qərbyönümlü Paşinyanın hakimiyyətinin ayağına yazılsın. Paşinyan tərəddüd edəcəksə, bu dəfə parlamentə düşmüş Köçəryanın və tərəfdarlarının əli ilə Rusiya ona daha yaxşı təzyiq edə biləcək. Seçki günü isə Ermənistanda böyük qarışıqlıq yaranacağını, hətta silahlı toqquşmaların olacağını və qan töküləcəyini gözləyirəm. Çünki Rusiya maraqlı olacaq ki, ABŞ və Avropanın ”Ermənistanın Saakaşvilisi” kimi qəbul etdiyi Paşinyanın demokratik imici birdəfəlik alt-üst olsun. Bu işdə də Köçəryanın nəzarətindəki silahlılardan istifadə ediləcək. Proseslərin bu şəkildə inkişafı isə bizim lehimizədir. İstənilən halda, 20 iyun Azərbaycanın Rusiya və Ermənistanla münasibətlərinin perspektivini aydınlaşdıracaq bir tarix olacaq. Rusiya yenidən oyun oynamağa, Köçəryanı hakimiyyətə qaytarmağa və onun əli ilə prosesi uzatmağa çalışacaqsa, bu, Azərbaycana Qərblə daha sürətlə yaxınlaşma haqqı verəcək, hətta Türkiyə və NATO bazalarının ölkəmizə gətirilməsi prosesinə yaşıl işıq yandıracaq”.

Ermənişünas alim Qafar Çaxmaqlı bu fikirdədir ki, seçkilər yaxınlaşdıqca, Ermənistanda gərginlik artır: “Rəqiblərin bir-birinə qarşı kompramatlar önə sürməsi təbiidir. Köçəryan- Sərkisyan cütlüyü xalqın gözündə korrupsioner, talançı kimi imiclərini dəyişdirmək üçün rəqib Paşinyanın ”açıqlarını” ortaya qoymağa çalışacaqlar. Paşinyanın yaralı yeri ailəsidir. Sərkisyan ola bilsin seçkilərin lap son günlərində bəzi videolar – əgər varsa – paylaşsın. İndi o, hədə-qorxu gələrkən bunu nəzərdə tutur. Köçəryan və Sərkisyanın hakimiyyətə gətirilməsi planının Rusiyanın çoxdankı arzusu olduğunu nəzərə alsaq, indiki situasiyada Köçəryanın reytinqinin artırılması yönündə apardığı siyasəti də anlamaq olar. Müstəqil sorğu şirkətləri tərəfindən aparılan sorğularda Köçəryanın reytinqinin yüksəlməsi Rusiyanı da ürəkləndirib. İndi yerlərdə Köçəryanın lehinə işləməyə başlayıblar”. Bəs Kreml keçmiş rəhbərlərin – konkret olaraq Köçəryanın gətirilməsinə nail ola biləcəkmi? Q.Çaxmaqlı: “Üç dəfə həbsə girib – çıxan və xalqın gözündə bütün bəlaların səbəbkarı kimi qiymətləndirilən şəxsin yenidən başa keçirilməsi Ermənistanı xaosa sürükləyə bilər. Amma Paşinyan faktoru da Rusiyanın öncəliklərindəndir. Rusiya nəzarəti əldən verməmək üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Rusiya hər iki halda bölgədəki siyasətini dəyişdirməyəcək. Rusiyanın təsir imkanları Ermənistanda heç vaxt məhdudlaşa və ya təhlükəyə düşə bilməz. Ölkənin iqtisadiyyatının önəmli faizi Rusiyanın əlindədir, başqa sözlə, Rusiya burada artıq mülk sahibidir. Dəmir yolu, enerji sektoru onun əlindədir. Köçəryana Putinin bir neçə dəfə zəng eləməsi ona verilən təlimat deyil, bəlkə də məsləhətlərdir. Köçəryan parlament fraksiyası təşkil edəcək, amma hələlik ölkənin başına gətirilməsi yeni kataklizmlərə aparıb çıxara bilər. Rusiya ölkədə vətəndaş qarşıdurması istəmir, sabitlik onun işinə yarayır. Bu yolla o, həm də Qərbin müdaxiləsinin minimuma endirilməsinə nail olmaq istəyir. Köçəryan Ermənistan hakimiyyətinə Rusiyanın təzyiq vasitəsi kimi bundan sonra da istifadə olunacaq”. Azərbaycanın bu kritik dönəmdə nə etməli olduğuna gəldikdə, ekspert bildirdi ki, biz Ermənistanda gedən prosesləri izləməliyik və 21 iyun gününə hazır olmalıyıq.

Qarabağ klanının hakimiyyətə qayıdışı bölgədə savaşı tətikləyə bilər. Xatırladaq ki, Prezident İlham Əliyev Ağdamda olarkən 44 günlük müharibədə böyük cinayətlər törətmiş Köçəryan-Sərkisyana ordusunu darmadağın etdiklərini bildirdi. Bölgədə prosesləri diktə edən Bakı belə cinayətkarlar və revanşistlərin hakimiyyətə dönüşünün mümkünsüz olduğu barədə əvvəlcədən xəbərdarlıq edib. Ermənistan “dalan”dan çıxmaq istəyirsə, bu canilərə “yox” deməlidir. Eləcə də Rusiya Xocalı canisi Köçəryana “stavka” etsə, bölgədəki sülhməramlı missiyasına zərbə vurmuş olacaq…/musavat.com/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...