"Artıq AŞPA-da Azərbaycanın haqq səsi eşidilir" - Səməd Seyidov

 "Artıq AŞPA-da Azərbaycanın haqq səsi eşidilir" -

"Artıq Azərbaycanla bağlı həqiqətləri AŞPA-dakı nümayəndə heyətləri, hətta Avropa Şurası rəsmiləri də dilə gətirirlər".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, AŞPA-dakı nümayəndə heyətlərinin üzvləri, eyni zamanda Avropa Şurası rəsmiləri Azərbaycanın problemləri ilə yaxından maraqlanmağa başlayıblar: "Bu sessiya çox uğurlu keçdi. Sessiya zamanı bizi illər boyu tənqid edənlərin belə haqq yoluna qədəm qoymağa başladıqlarını müşahidə etdik. Onlardan biri Azərbaycan üzrə məruzəçi Stefan Şennakdır. O, bu günə qədər Azərbaycanı dəfələrlə qeyri-obyektiv, əsassız, müxtəlif bəyanatlarla tənqid edib. Amma bu sessiyada mina xəritələri mövzusuna toxundu, Azərbaycanın problemlərindən danışdı. Bu sessiyada Azərbaycanla bağlı həqiqətləri yalnız AŞPA-dakı nümayəndə heyətlərinin üzvlərindən deyil, hətta Avropa Şurası rəsmilərindən də eşitdik. Eyni zamanda Avropa Şurasının Baş katibi sessiyadakı çıxışı zamanı konkret olaraq mina xəritələri məsələsinin zəruri və həllinin gündəmin bir nömrəli problemi olduğunu xüsusi vurğuladı. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin Avropa Şurası Nazirlər Komitəsinə rəsmi şəkildə yazılı sualla müraciət etməsi, mina xəritələri ilə bağlı yazılı bəyanatın Avropa Şurasının sənədi kimi dərc olunması da xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu sənədə Bolqarıstan, Avstriya və Türkiyənin AŞPA-dakı nümayəndə heyətlərinin üzvləri imza atıblar. Bu sənəd hələlik açıqdır, imzalar toplanmaqda davam edir".

S.Seyidov artıq AŞPA-da Azərbaycan xalqının haqq səsinin eşidilməyə başladığını deyib: "Sessiya zamanı Azərbaycan nümayəndə heyəti aktiv, parlaq, yüksək savad və bilik nümayiş etdirərək çıxış etdilər. Hər bir sahədə, istər hüquqi, istərsə də humanitar məsələlərə toxundular, həm də Azərbaycanın ağrılı məsələsi olan işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi mövzusundan danışdılar. Ermənistanın illər boyu Azərbaycan torpaqlarında dağıntı, söküntü, barbar bir siyasətin aparılması, mədəni abidələrin dağıdılması ilə bağlı məsələlər qaldırıldı. Bu iyun sessiyası müstəsna bir sessiyadır. Bunu bir dönüş kimi, artıq Avropada Azərbaycan Prezidentinin, Azərbaycan xalqının, Azərbaycan Ordusunun yaratdığı reallığı dərk etməyə başlama sessiyası kimi qiymətləndirirəm. Bu baxımdan, bundan sonra da bu məsələlər yüksək səviyyədə öz əksini tapacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 176 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...