Azərbaycana qarşı aşkar təxribat: 3 mühüm məqama diqqət!

Azərbaycana qarşı aşkar təxribat:

Rusiyanın “ТВ Центр” federal televiziya kanalında Azərbaycana qarşı təxribat törədilib. Belə ki, telekanalın efirində yayımlanan xəbərlər proqramında Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindən "Zaqafqazskiy uzel" adlı reportaj efirə verilib. Jurnalist Vera Kuzminanın müəllifi olduğu reportajda Dağlıq Qarabağ ayrıca “ölkə” kimi təqdim olunub. Azərbaycana qarşı təxribatçı fikirlərin yer aldığı reportajda Xankəndidəki erməni sakinlərlə müsahibələr də yer alıb.

V.Kuzmina reportajda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirakını təxribat adlandırıb. Daha sonra jurnalist Dağlıq Qarabağda ermənilərin çoxunun Ermənistan deyil, Rusiya pasportu almalarını arzuladığını bildirib. Reportajda yer alan Xankəndinin erməni sakinləri müsahibələrində təhlükəsizlik üçün Rusiya vətəndaşı olmalarını və Qarabağın Rusiyanın tərkibində yer almasını istədiklərini vurğulayıblar.

Beləliklə, Rusiyada erməni lobbisinin sifarişi ilə hazırlanan bu təxribatçı süjetdə üç məqam diqqəti çəkir: Jurnalist tərəfindən Dağlıq Qarabağın ayrı “dövlət” kimi təqdim olunması, erməni sakinlərin Rusiya vətəndaşlığı almaq istədiklərini qabartması və Azərbaycanın 44 günlük Vətən müharibəsini təxribat kimi qiymətləndirməsi.

Qeyd edək ki, kanal Moskva hökumətinin (meriyanın) kanalıdır. Hazırkı dövrdə Rusiya hökumətinə bağlı olan bir kanalda Azərbaycana qarşı təxribat törədilməsi suallar doğurmaya bilməz. Moskva telekanalının sözügedən təxribatının arxasında nə dayanır?

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl AYNA-ya deyib ki, erməni lobbisinin Rusiyada, xüsusən də Moskvada kifayət qədər təsirə malik olduğu sirr deyil: “Ermənilər bizimlə müqayisədə Rusiyanın media orqanlarında çoxluq təşkil edirlər. Ermənilərin Rusiya mətbuat orqanlarına kifayət qədər təsir imkanlarının olması aşkar faktdır. Rusiya televiziyalarına baxın, aparıcıların, ekspertlərin əksəriyyətinin erməni olduğunu görürük. Bir media quruluşunun az qala 30-40 faiz əməkdaşları erməni millətindən olan şəxslərdən ibarətdir. Belə olan halda Azərbaycan əleyhinə materialların getməsi, efirdə görünməsi təəccüblü deyil”.

“Hazırda “ТВ Центр” telekanalının sözügedən reportajına diqqət yetirsək, görərik ki, burada erməni lobbisinin izi var. O qədər də məşhur olmayan bir televiziya əməkdaşı gəlir, Dağlıq Qarabağı ayrıca “subyekt” kimi təqdim edir, Azərbaycanın ərazilərini azad etməsini təxribat adlandırır. Bu, əlbəttə təsadüfü deyil. Hesab edirəm ki, bu, Rusiya Erməniləri İttifaqının rəhbəri olan Ara Abramyan və bu tip adamların sifarişi əsasında hazırlanan təxribat xarakterli reportajdır. Çox təəssüf ki, Rusiyada, Moskvada bunların cavabını əsaslı şəkildə verən insanlarımız, bizə dost olanlar azdır. Düzdür, Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalistlər, ekspertlər var. Mən demirəm lobbiçilik edirlər, sadəcə həqiqətlərimizi səsləndirənlər mövcuddur. Amma ermənilərlə müqayisə etsək, bunların sayı olduqca aşağıdır”, - deyə müsahibimiz bildirib.

İ.İsmayılın fikrincə, Rusiyada lobbiçiliyimizi gücləndirmək üçün Azərbaycanın kifayət qədər imkanları var: “Bu işləri bütün sferalarda yüksək səviyyəyə qaldırmaq imkanlarımız yetəri qədərdir. Düzdür, orada Qusman kimi nəhəng nümayəndəmiz var - hansı ki, o, bu istiqamətdə bizə kömək edə bilər. Biz erməni lobbisinin təxribatlarının qarşısını tam ala bilməsək də, cavablarını verməliyik. O cavablar bizim yerli, Bakı səviyyəsində olmamalıdır, Moskva səviyyəsində olmalıdır”.

“Yüksək səviyyədə cavab verilməlidir, bildirilməlidir ki, yayımladığınız reportajlar bütün prinsiplərə ziddir, həqiqətdən tamamilə uzaqdır. O zaman effektli profilaktikaya nail olmuş olarıq. Əks təqdirdə, belə təxribatların sayı çoxalacaq, mütəmadi olaraq əsassız materiallar Rusiya mediasını “bəzəyəcək”. Qaldı ki, rəsmi Bakı səviyyəsində cavaba, məncə, buna ehtiyac yoxdur. Sadəcə Azərbaycanın Rusiyadakı səfirliyi “ТВ Центр” telekanalına etirazını bildirsə, kifayətdir”, - deyə ekspert vurğulayıb. /Ayna.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...