Azərbaycan və Orta Asiya üzrə məsul şəxs idi, Türkiyə kəşfiyyatı tutub apardı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün iyulun 5-də hökumətin iclasının ardınca keçirdiyi brifinqdə ölkəsinin terror təşkilatlarına qarşı mübarizədə son aylar qazandığı uğurlardan danışıb. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Ərdoğan bu çərçivədə Fətullahçı Terror Təşkilatının (FETÖ) yüksək rütbəli mənsubu Orhan İnandının Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən Qırğızıstanda yaxalanaraq ölkəyə gətirildiyini ilk dəfə açıqlayıb.
Qırğızıstandakı “Sapat” tədris şəbəkəsinin başçısı Orhan İnandı mayın 31-də Qırğızıstan paytaxtında müəmmalı şəkildə yoxa çıxmışdı. Onun avtomobili ertəsi gün Bişkekin mərkəzində qapıları açıq vəziyyətdə tapılmışdı. Müəllimin qiymətli əşyalarına toxunmamışdılar. O vaxt onun xanımı ehtimal edirdi ki, əri Türkiyə səfirliyindədir.
Hökumət müşavirəsindən sonra danışan Erdoğan deyib ki, İnandını MİT kəşfiyyat idarəsi yaxalayaraq Türkiyəyə gətirib. “Dəqiq və səbirli işi nəticəsində MİT FETÖ-nün Mərkəzi Asiyadakı lideri Orhan İnandını ədalətlə üzləşdirmək üçün Türkiyəyə gətirib”.
Prezident əlavə edib ki, indiyədək Fətullah Gülən hərəkatına bağlı olan 100-dək şəxs dünya boyunca müxtəlif ölkələrdə yaxalanaraq Türkiyəyə gətirilib. Prezidentin çıxışının ardınca TRT dövlət telekanalı əlləri qandallı İnandının iki Türkiyə bayrağı arasında dayanmış vəziyyətdə videosunu göstərib.
53 yaşlı İnandı Qırğızıstanda 1995-ci ildən yaşayırdı və ikili Türkiyə-Qırğızıstan vətəndaşlığı var. Onun "yoxa çıxması" Bişkekdə etirazlara səbəb olmuşdu.
Türkiyə KİV-ləri yazır ki, Orhan İnandının barəsində “silahlı terror təşkilatı qurmaq və idarə etmək” ittihamı ilə cinayət işi qaldırılmışdı və axtarışda idi. İnandı 2001-ci ildən FETÖ-nün Qırğızıstan üzrə məsul şəxsi olaraq fəaliyyət göstərib. 2017-ci ildə isə Fətullah Gülənin təlimatı ilə Qırğızıstanla yanaşı Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan və Özbəkistan üzrə də təşkilatın məsul şəxsi olub.
Təhlükəsizlik qaynaqlarından KİV-lərə ötürülən xəbərlərə görə, İnandı Qırğızıstana fəaliyyət göstərdiyi müddətdə tez-tez Fətullah Gülənin Pensilvaniyadakı (ABŞ) qərargahına gedib-gəlirmiş. Sonuncu dəfə o, 2021-ci ilin mart ayı ərzində Fətullahın qərargahına gedib və təlimatlar alıb. Onun habelə Mustafa Özcan, Naci Tosun və Barbaros Kocakurt adlı yüksək rütbəli FETÖ mənsubları ilə əlaqələrinin olduğu da bildirilir.
995 dəfə oxundu