“Bunları İlham Əliyev qardaşımla da davamlı müzakirə edirik...” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın geniş tərkibli nümayəndə heyəti ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başlayıb. Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bayram namazını Şimali Kipr prezidenti Ersin Tatarla birlikdə Lefşokadakı Hala Sultan məscidində qılıb, daha sonra jurnalistlərin suallarına cavab verib.
Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanımağa hazırlaşdığı haqda xəbərlərə münasibət bildirən Ərdoğan deyib: “Bu məsələdə tərəddüd edəcək heç nə yoxdur. Bunları İlham Əliyev qardaşımla da davamlı müzakirə edirik”.
Şimali Kipr prezidenti Ersin Tatar isə bunları deyib: “Azərbaycan bizim qardaş ölkəmizdir, çünki nəticə etibarilə Türkiyə Cümhuriyyəti ilə olan münasibətləri bizim də qardaşlıq bağlarımızdır...Onların qəlbində və könlündə Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərini inkişaf etdirmək istəyi var”.
Ersin Tatar Azərbaycandan Milli Məclisin komitə sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinin Şimali Kiprə səfər etdiyini xatırladıb. Bildirib ki, Azərbaycan nümayəndə heyəti ilə görüşdə “biz bir millət, üç dövlətik” deyib. “Düşünürəm ki, iş buna doğru gedir”,-o qeyd edib.
Xatırladaq ki, Ərdoğan bu gün Şimali Kipr parlamentində çıxış edəcək və özünün dediyi kimi, “Kipr türklərinə xoş sürprizi” açıqlayacaq. Belə ehtimal edilirdi ki, bu sürpriz Azərbaycanın Şimali Kipri tanıması barədə olacaq. Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti də hazırda Lefkoşadadadır və Şimali Kiprin sülh və müstəqillik bayramı mərasimlərinə qatılır.
Virtualaz.org
1 004 dəfə oxundu