"Vaksinlənmə 70-80 faizə çatanda təhlükə azalacaq"- Deputat

"Vaksinlənmə 70-80 faizə çatanda təhlükə azalacaq"-

“Hazırda statistikaya baxsaq, görərik ki, dünyada virusun yayılması artan templə davam edir. Bu, yayda həm daxili, həm də xarici keçici miqrasiyaların hesabına baş verir”.

Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, turizm mövsümünün olması, insanların kütləvi şəkildə müxtəlif turistik bölgələrə səfər etmələri və beləcə, təmasların artması yoluxmanı çoxaldan əsas amillərdən biridir. Konkret olaraq Azərbaycana gəldikdə isə burada bir sıra spesifik səbəblər var:

- Yumşalmalara gedilməsi, bəzi ictimai məkanlarda insanların toplaşmasına dair məhdudiyyətlərin aradan qaldırılması, şənliklərə icazənin verilməsi və bundan sonra toylarda insanların sıx şəkildə bir-birilə təmasda olmaları yoluxmalarda mənfi sayın yaranmasına səbəb olan amillərdən biridir,- deputat deyib,- Koronavirusa dair ümumi statistikaya nəzər salsaq, epidemioloji durumumuzu digər ölkələrə nəzərən analiz etsək, Azərbaycanda ümumi vəziyyətin bir çox ölkələrə nisbətdə idarəolunan və təhlükəli hədlərə yaxınlaşmağını görərik. Ancaq son günlərin koronavirus statistikasına baxanda yoluxma sayının artan istiqamətdə dəyişməsini görürük . Yoluxmalar bu intensivliklə davam edərsə, biz qısa müddətdən sonra artıq dördüncü dalğa ilə üz-üzə qala bilərik. Ona görə də, hazırkı vəziyyət idarə olunan olsa belə, qarşıda bir çox risk və təhlükələrlə üzləşə bilərik.

"Qapanmalara getməmək üçün... - Baş infeksionistdən tövsiyələr
Müşfiq Məmmədli deyir ki, həm Operativ Qərargahın keçirdiyi brifinqlər, həm də səhiyyə sahəsində çalışan nüfuzlu şəxslərin, elm xadimlərinin fikirləri onu göstərir ki, yoluxmaların artması davam edərsə dövlət tənzimləyici tədbirlər həyata keçirəcək:
- Çünki yoluxmanın surətini aşağı salmaq lazımdır. Burada əsas vacib amil isə vaksinasiya prosesidir. Bu gün peyvəndlənməyə daha çox diqqət ayırmalıyıq. Yoluxmaların sayı riskli həddə çatdıqda təbii ki, bəzi məhdudlaşdırıcı tədbirlər həyata keçirilə bilər. Hazırda həftəsonu nəqliyyatdan istifadə ilə bağlı məhdudiyyətlər bu sahədə atılmış mühüm addımlardan biridir. Bu məhdudiyyətlər yəqin ki, hələ bir müddət davam edəcək. İctimai məkanlarda insanların müəyyən təlimatlara daha ciddiyətlə riayət edilməsi tələb edilə bilər. Açıq havada maskadan istifadə ilə bağlı sərbəstlik verilib. Ancaq açıq hava olsa belə sıx toplaşma məkanlarında maska məhdudiyyəti təbiqi reallaşa bilər. Yaxud da yoluxmaların sayı hansı bölgədə çoxdursa, orada karantin tədbirlərinin sərtləşdirilməsi mümkündür.

Deputat Azərbaycanın hazırda vaksinasiya prosesində hər iki dozanı almış insanlarla bağlı 70-80 faizlik nəticəni əldə etməsinin vacibliyini vurğulayıb: “Ümumiyyətlə 10 milyon əhalidə hədəf kütləni nəzərə alsaq, 6-7 milyon yarım həcmində insanın hər iki dozanı qəbul etməsi lazımdır. Hazırda 20-25 faizlik həddəyik. Bu baxımdan, yoluxma potensialı olan insanlarımızın sayı kifayət qədərdir. Vaksinasiyadan keçmiş insanlarda yoluxma faizi çox aşağıdır. Onlarda ağır formalar demək olar ki, müşahidə edilmir. Amma yoluxma ehtimalı az da olsa, qalır. Peyvənd olunanlar virusa yoluxarkən onu ya çox yüngül keçirirlər, ya da daha az fəsad olur.

Heç birimiz - dövlətin icraedici strukturları, səhiyyə təşkilatları, yaxud da digər adminstrativ orqanlar qapanmaların tərəfdarı deyilik. Hər kəs normal həyata davam etməyin tərəfdarıdır və mümkün olduğu qədər qapanmalara getməməyə çalışır. Amma qapanmaların aktuallaşmaması üçün ata biləcəyimiz bir neçə addım var. Hər bir insan öz sağlamlığına diqqətlə yanaşmalı, qoruyucu tədbirlərdən geniş istifadə olunmalıdır. İkinci və ən vacib məsələ dövlətimizin digər ölkələrdən fərqli olaraq, vətəndaşları kifayət qədər həm vaksin, həm də lazımi infrastrukturla təchiz etməsidir. Bu, bizim üçün şanslı bir mühit yaradır. Ona görə də, vaksinasiya proseslərində aktiv iştirak edərək, dövlətimizin verdiyi imkanlardan geniş şəkildə yararlanmalıyıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...