Azərbaycanın qonşuları - Ermənistanın himayədarları
Atalarımız yaxşı deyib: “Cidanı çuvalda gizlətmək olmaz”. İranın Azərbaycan Respublikasına münasibətində, Rusiya sülhməramlı hərbçilərinin Qarabağdakı fəaliyyətində bu deyim dəfələrlə təsdiqlənib.
Əslində, İslam Respublikasının rəsmiləri əvvəllər Azərbaycanın işğal altındakı bölgələrində separatçılarla əlaqə saxlamadıqlarını, İrandan işğalçılara ərzaq, yanacaq məhsulları və s. daşımadıqlarını bildirirdilər. İslam Respublikasının dövlət nömrə nişanı olan yük avtomobillərinin Qarabağa yanacaq və başqa yüklər daşıdığını sübut edən videomaterialları belə Tehran rəsmiləri, onların din xadimləri təkzib edirdi. 44 günlük döyüşlərdə Rusiyadan göndərilən hərbi texnika və silah-sursatın İran ərazisindən Ermənistana ötürüldüyü bu qonşu dövlətin rəsmiləri tərəfindən inkar olunurdu. Ümumilikdə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra işğalçılara və havadarlarına qarşı mübarizədə İranı heç vaxt yanında görməyib. Bu illər ərzində Tehrandakı hakimiyyət Ermənistana real maddi yardımlar edib, Azərbaycana isə dəstək bəyanatı verib.
Son günlər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Qarabağla bağlı verdiyi fətva iddiası da müəmmalı olaraq qalmadı. Tehran hakimiyyətinə yarınmağa cəhdin üstü tez açıldı. Çünki qaydalara uyğun olaraq fətva yazılı, möhürlü olur. Ancaq Xaməneinin belə bir sənədə imza atması barədə fakt yoxdur. Əslində, İranın ali rəhbərinin məlum çıxışında ermənilərin hüquqlarının müdafiəsi vurğulanır.
Bu günlərdə Azərbaycanın Rusiyanın sülhməramlı hərbçilərinin müvəqqəti nəzarəti altında olan hissəsindəki ermənilərlə İran hakimiyyətinin əlaqələrinə dair yeni faktlar üzə çıxıb. Məsələ ilə bağlı İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub və ona etiraz notası təqdim edilib. Həmin gün Azərbaycan Müdafiə Nazirliyi də Rusiya sülhməramlılarına xəbərdarlıq edib. Sənəddə bildirilib ki, Ermənistan ordusunun qalıqları Qarabağda yeni postlar qurur. Bildirilib ki, bununla Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır və s.
2020-ci il noyabrın 10-da imzalanan atəşkəs haqqında bəyanatın 4-cü maddəsində açıq-aydın göstərilib: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Rusiya sülhməramlı hərbçiləri yerləşsə də, Ermənistanın işğalçı ordusunun qalıqları hələ də Azərbaycan torpaqlarında qalmaqla yanaşı, orada fəaliyyətini genişləndirir. Bu həm Rusiya, həm də Ermənistan tərəfindən bəyanatda götürülən öhdəliyin pozulmasıdır. Yeri gəlmişkən, onu da qeyd edək ki, sənəddə erməni separatçıların hər hansı silahlı birləşmə saxlaması nəzərdə tutulmayıb. Bu baxımdan Rusiya sülhməramlı hərbçilərinin müvəqqəti olaraq nəzarət altına verilən Azərbaycan ərazisində istənilən silahlı birləşmənin mövcudluğu qanuna ziddir. Qanunsuz silahlı qruplaşma olduğundan Azərbaycanın onları tərksilah etmək hüququ var.
Göründüyü kimi, Rusiya hərbçiləri Azərbaycanda mandatına uyğun fəaliyyət göstərmir. Əslində, onların əsas vəzifəsi həmin ərazidəki Azərbaycan vətəndaşı olan ermənilərlə azərbaycanlılar arasında barış yaratmaq tədbirləri görməkdir. Ancaq onlar ermənilərin hərbi postlar yaratmasına və ya başqa silahlı dəstələr qurmasına yardım etməklə vətəndaşımız olan bölgə sakinlərini Azərbaycandan uzaqlaşdırırlar. Sülhməramlıların post və başqa bu kimi fəaliyyəti dəstəkləməsi onlarda Azərbaycan barədə xof yaratmağa xidmət edir. Rusiya hərbçilərinin bu tip sülhməramlılıqları ermənilərdə Azərbaycana qarşı fobiya yaradırlar. Onlar bu kimi əməlləri ilə erməni vətəndaşları Azərbaycana qarşı qoyurlar. Bu halda belə çıxır ki, sülhməramlılar həmin vətəndaşları öz dövlətlərindən qoruyurlar. Belə bir fəaliyyət sülhməramlılıq mandatına nə dərəcədə uyğun gəlir? Təbii ki, belə yanaşma ermənilərin Azərbaycana qarşı düşmənçiliyini dəstəkləmək, bu münasibəti körükləmək, milli ədavəti qızışdırmaq, hətta ona yeni forma verməkdir.
Hər halda sülhməramlılar mandatına uyğun olmayan fəaliyyətlə Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatı dəstəkləmiş olurlar. Elə Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə sərhəddəki vəziyyətdən danışarkən “səbrimiz sonsuz deyil, biz güc tətbiq edəcəyik” deməsi də bu tip fəaliyyətin nəticəsi sayıla bilər. Görüşdə Sergey Şoyqu Ermənistana vəd verərək bildirib: “Rusiya Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatına töhfə verməyə hazırdır”. Şoyqu qeyd edib ki, Rusiyanın 102-ci hərbi bazası yaxşı təchiz olunub və təhlükəsizliyin qarantı kimi Ermənistan ərazisində yerləşir: “Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır, bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq”.
Beləliklə, bu kimi faktlar bir daha sübut edir ki, Azərbaycanın şimal və cənub qonşuları yenə də rəsmi sənədlərə və danışıqların nəticəsinə əsasən üzərilərinə düşən öhdəliklərə əməl etmirlər.
Azərbaycan Prezident İlham Əliyev iyulun 22-də AzTV-yə müsahibəsində bu məsələlərə toxunaraq xəbərdarlıq etmişdi: “Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur”.
Hər nəsnənin ömrü olduğu kimi, yalanın da müddəti var. O, 40 gündən çox sürmür.
479 dəfə oxundu