İranın narahat mollaları - “Din qardaşlarımız” nədən qorxur?

 İranın narahat mollaları -
Son günlər iki qardaş ölkə, Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin Xəzərdə birgə təlimləri keçirilir. Lakin deyəsən bu təlimlər bəzi qüvvələrin yuxusunun əməlli başlı ərşə çəkilməsi ilə nəticələnib. Əks halda hələ təlimlər sona çatmamış İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadənin həyəcanlı bəyanatının səbəbi hikmətini anlamaq çox çətin olardı. Belə ki, İranlı nümayəndə həyasızcasına Türkiyənin Xəzər dənizindəki fəaliyyətlərini qeyri-qanuni adlandırır və İranın baş verənlərdən ciddi şəkildə narahat olduğunu qeyd edir.

Burada kiçik bir haşiyə çıxaraq bir neçə gün öncə İran yük maşınlarının Qarabağa icazəsiz yükdaşımalar həyata keçirdiyi ilə bağlı yayılan xəbərləri xatırlatmaqda fayda var.

Beynəlxalq hüququn normalarına uyğun olaraq Azərbaycanın ərazisi hesab olunan Qarabağa icazəsiz yükdaşımaları həyata keçirən İran niyəsə bu vəziyyətdən heç narahat görünmürdü. Hətta bu məsələ ilə bağlı Azərbaycan tərəfinin rəsmi nota ünvanlamasına baxmayaraq İran rəsmiləri üçün hər şey öz qaydasında idi. Lakin Xəzər dənizindəki türk qüvvələrinin varlığı birdən ayətullahları narahat etməyə başladı. Birdən İran rəsmilərin yadına düşdü ki, regional təhlükəsizlik, dövlət maraqları, sərhədlərin toxunulmazlığı kimi məsələlər var.


Qeyd edək ki, Azərbaycan üçün İranın oxşar səmimiyyətsiz və ikiüzlü siyasi diskursu elə də yeni bir fenomen deyil.


Hələ Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğal olunduğu, məsçidlərinin dağıdıldığı bir vaxtda İranın sərgilədiyi ölüm səssizliyi bu günədək unudulmayıb.

“Din qardaşlarımızın” duaları o qədər səs-küylü olub ki, topun tüfəngin səsini bu günədək eşidə bilməyiblər.

28 il sonra İkinci Qarabağ müharibəsinin qızğın dövründə din qardaşlığından bəhs edən bir ölkənin düşməni silahlandırması, buna etiraz edən Azərbaycanlı türklərin həbs olunması da yaddan çıxmayıb. Bütün bunları edən və əməllərindən zərrə qədər peşimanlıq duymayan, əksinə utanmazcasına hələ də din qardaşlığından bəhs edən bir dövlət indi baş verənlərdən niyə narahat olmalıdır ki.

Üstəlik həm Azərbaycan, həm də Türkiyən İrana qarşı münasibətlərində heç vaxt təhdidkar davranış sərgiləməyib və hər zaman dostluq çərçivəsində münasibətlərin inkişafından tərəf olub.

Lakin deyəsən, İran başqalarını da özü kimi görür, məhz özü kimi iki üzlü və səmimsiyyətsiz siyasət yeridəcəyini düşünür və buna görə də narahatdır. İran hər yerdə özünü dini dövlət kimi göstərsə də, dini inancı da siyasi baxışları kimi daim simasını dəyişməyi sevən olan insanlar tərəfindən idarə olunur. Narkotik maddələrin dövriyyəsində, terrorun maliyyələşdirilməsində əvəzsiz rola malik olan İranın real vəziyyəti içərisində olduğu böyük bir bataqlıqdan ibarətdir.

Kimin dost, kimin düşmən olduğu ayırd edə bilməyən İran rəsmiləri yaxşı olardı ki, öz ölkələrinin daxili sosial vəziyyətləri ilə, pandemiyaya qarşı mübarizə ilə maraqlansınlar.

Öz vətəndaşlarını virusdan xilas etməkdə çətinlik çəkən bir ölkənin regional ambisiyalar sərgilməsi, böyük siyasətə can atması özünü güzgüdə div kimi görməsi də saxtakarlığın bir digər örnəyidir. Görünən odur ki, İran rəsmiləri öz düşüncə tərzlərini dəyişdirmədikcə hələ çox uzun bir müddət narahat olmağa davam edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...