Rusiya sülhməramlılarını Qarabağdan yalnız bu yolla çıxara bilərik – İLGİNC DETALLAR

Rusiya sülhməramlılarını Qarabağdan yalnız bu yolla çıxara bilərik –
“Kreml Azərbaycan ordusunun Şuşadan sonra Xankəndinə enməsinin, yəni Qarabağın tamamına nəzarət etməsinin qarşısını aldı. Qarabağda Rusiya hərbçilərinin yerləşdirilməsi böyük güzəştimiz idi”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Rusiya hərbçiləri 10 noyabr bəyanatına riayət etməyərək səlahiyyətlərini aşır və faktiki erməni separatçılarını himayə edir: “9 ay ərzində artan təxribatlar da bundan xəbər verir. Bu sıraya Rusiya hərbçilərinin Laçın dəhlizində “təlimlər” keçirməsindən, bayraq qaldırmasından və bölgədə tikinti işləri aparmasından tutmuş, İrandan gələn yüklərin Qarabağa buraxılmasına qədər faktları aid etmək olar. 10 noyabr bəyanatına görə Azərbaycan istəməsə 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər. Azərbaycan XİN-nin bəyanatlarında və rəsmilərin açıqlamalarında “bölgədə müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi işlənir. Yəni rəsmi Bakı və Azərbaycan cəmiyyəti rusiyalı hərbçilərin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyir. Əlbəttə ki, bu asan başa gəlməyəcək, rusiyalı hərbçilər bölgəni tərk etməsin deyə fərqli təxribatların reallaşacağı istisna deyil. Bütün hallarda dialoq şəraitində rusiyalı hərbçilərin bölgəni tərk etməsi əsas vəzifəmizdir və bu mümkündür”.

Elxan Şahinoğlu: “Yenə də atəşkəs çağırışları səslənə bilər”

Politoloq Əlavə edib ki, Rusiya-Azərbaycan münasibətləri tarixində Moskvanın Bakının qərarları ilə hesablaşdığı durumlar az deyil: “Rusiya 1990-cı illərin əvvəllərində Azərbaycanın Qərb şirkətləri ilə birgə Xəzərdə zəngin enerji yataqlarının istismarına mane olmaq istəyirdi. Bunun üçün Moskva Azərbaycana qarşı bütün təzyiq mexanizmlərini işə salmışdı. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı hətta BMT-yə şikayət etmişdi. Rusiyanın BMT-yə göndərdiyi şikayət məktubunda bu yazılırdı: “Rusiya Xəzər dənizində birtərəfli təşəbbüslərin əleyhinədir, qanunsuz sazişləri tanımayacaq”. Buna baxmayaraq, Xəzərdəki yataqların istismarı məqsədilə Bakıda 1994-cü ilin sentyabrın 20-də “əsrin müqaviləsi” imzalandı. Rusiya dediyini etmədi və ya etmək istəmədi. Çünki “əsrin müqaviləsində” Rusiyanın “Lukoyl” şirkəti pay almışdı. Yəni öz şirkətinin iştirak etdiyi müqavilənin əleyhinə çıxmaq məntiqsiz olardı. Bununla rəsmi Bakı Kremli geri addım atmağa məcbur etdi. Rəsmi Bakı ikinci dəfə Xəzərin statusu məsələsində Kremli əvvəlki mövqeyindən çəkindirdi. Kreml Xəzərin statusunun müəyyənləşdirilməsi məqsədilə aparılan danışıqlar zamanı da, Qərb şirkətlərinin bölgəyə gəlişinin qarşısını almağa çalışırdı. Xəzərsahili ölkələrdən əsasən Azərbaycan buna qarşı çıxırdı və Kreml məcbur qalıb siyasətini korrektə etdi. Rusiya Xəzərdən çıxarılan neft və qazın dünya bazarlarına çatdırılması məsələsində də Azərbaycanın ortaya qoyduğu reallıqları qəbul etdi. Kreml Azərbaycanın Xəzərdən çıxardığı neft və qazı yalnız Rusiya üzərindən dünya bazarlarına nəql olunmasını istəyirdi. Rəsmi Bakı Rusiyanın təzyiqinin artacağını nəzərə alaraq “əsrin müqaviləsindən” sonra Bakı-Novorosiysk kəmərini işə saldı. Rəsmi Bakı Kremli rahatlatdıqdan sonra Türkiyə və Qərb şirkətləri ilə birgə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə başladı və uğurla yekunlaşdırdı. Hazırda Azərbaycan nefti və qazı əsasən Türkiyə üzərindən dünya bazarlarına çatdırılır, Bakı-Novorosiysk kəməri isə ara-sıra işləyir. Kreml Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə mane ola bilməsə də, təcili Tengiz-Novorosiysk kəmərini inşa etdi. Kremlin məqsədi Qazaxıstanın zəngin “Kaşaqan” yatağından çıxarılacaq neftin Rusiya ərazisindən nəqlini təmin etmək idi. Çünki Kreml ehtiyat edirdi ki, Qazaxıstan da öz neftini Bakı-Tbilisi-Ceyhan boru xətti ilə nəql edəcək. Qazaxıstan bu gün Rusiya marşrutundan (tələsik inşa edilən Tengiz-Novorosiyk kəmərində isə tez-tez qəzalar baş verir, neft Qara dənizə axıdılır) istifadə etsə də, Bakı-Tbilisi-Ceyhan boru kəmərindən də yararlanır. Moskvanı bu planı da alınmadı”.

Elxan Şahinoğlunun sözlərinə görə, növbədə Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi və Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən nəqli məsələsi gəlir: “Rusiya buna da etiraz edir, ancaq arqumenti yenə zəfdir. Çünki özü Qara və Baltik dənizlərinin dibi ilə boru xətləri inşa edərək Türkiyə və Avropaya qaz nəql edir. Rusiyanın yaxın keçmişdə Azərbaycanın qərarları ilə hesablaşdığını müşahidə etdiyimizdən, rəsmi Bakının başqa tələblərini də nəzərə alacağını, hərbçilərini Qarabağdan çıxaracağı ehtimal etmək mümkündür. 1990-cı illərin əvvəllərində Rusiyanın hərbi bazalarının Azərbaycandan çıxarılmasını təmin etmişiksə, bunu yenə təkrarlaya bilərik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...