“İranla əlaqələrimizi pozmağa çalışırlar” - Cavanşir Paşazadə

“İranla əlaqələrimizi pozmağa çalışırlar” -
“Gorus-Qafan yolunda təxribata cəhd edilməsi erməni təcavüzkarlarının ilk əməli deyil. Ermənilər Azərbaycanla qonşu dövlətlərin dostluq münasibətlərini, iqtisadi və siyasi əlaqələrini pozmağa çalışırlar”.

Bunu Modern.az-a Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Paşazadə Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanılmasından danışarkən deyib.

Deputat qeyd edib ki, ermənilər öz məğlubiyyətini bu cür təxribatlarla soyutmağa çalışırlar: “Bir müddət əvvəl İranın Azərbaycandakı səfiri aidiyyəti orqanlara dəvət edildi. Səfirlə aparılan danışıqlar zamanı məlum oldu ki, İranla əlaqələrdə bəzi məqamlara aydınlıq gətirilməlidir. İran narahatdır ki, ermənilər İranda yaşayan, hətta türk dilində danışan şəxslərə müxtəlif saxta sənədlər verir, vətəndaşları təxribata cəlb edirlər.

Bir sıra məqamlarda isə ermənilər bilərəkdən hadisələri şişirdərək, iki qonşu ölkənin - Azərbaycan və İran cəmiyyətlərinə təsir vasitəsi kimi istifadəyə cəhd edirlər. İran səfiri ilə müzakirələrdə bu kimi məsələlərə aydınlıq gətirildi.

Azərbaycanın qonşu ölkələrin heç biri ilə problemi yoxdur. Qafqazda yeganə ölkə Ermənistandır ki, daim regionun təhlükəsizliyinə təhdiddir. Ermənilərin gözü həmişə başqa xalqların, dövlətlərin süfrəsində olub. Ona görə, Qafqazda sülhü və əmin-amanlığı pozan Ermənistanın regiondakı inkişafdan kənarda qalması elə öz günahıdır”.

Xatırladaq ki, Ermənistan mətbuatı Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Səbəb kimi həmin sürücülərin Xankəndinə yük daşımasını təsdiq edən sənədlərinin olması göstərilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov iranlı sürücülərin saxlanıldığı barədə məlumatı təsdiqləyib. DİN rəsmisi qeyd edib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
915 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...