“Harda yazılıb ki, qadın küçəyə mütləq kişi ilə çıxmalıdır?!” - Deputat
"Əfqanıstanda qadınlarla bağlı verilən qərarların hər biri islami qaydalara uyğun deyil. Yoxsa, necə olur ki, bir islam dövlətində qadağan olunan digər müsəlman ölkəsində qadağa sayılmır?! Bu, dövlətin özünün müəyyən etdiyi qaydalara əsaslanır. Harda yazılıb ki, qadın küçəyə mütləq kişi ilə çıxmalıdır?! Həmçinin qeyd edirlər ki, qadınlar əyləncə mərkəzlərinə çıxa bilməzlər, çünki bu, əxlaqsızlığın artmasına səbəb olacaq. Əfqanıstanda 35 milyon əhalinin təxminən 18 milyonu qadındır. 18 milyon qadın da insandır, ya yox? Nə vaxta qədər örtülüb təzyiq altında yaşayacaqlar?! Harda görülüb ki, qadın yolda tək gedəndə yarıda saxlayıb yanına mütləq ərini qoşsunlar, ya da cəza kəssinlər. Bu, haqsızlıqdır".
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Parlament üzvü bildirib ki, Taliban hökumətinin qoyduğu qaydalar Əfqanıstan hökumətinin inkişafına mane olacaq: "Əfqanıstanda hakimiyyətə gələn Taliban hökuməti hələki xarici ölkələr tərəfindən tanınmır, qonşu dövlətlərlə intensiv danışıqlar gedir. ABŞ Əfqanıstandan çıxandan sonra Çin, Pakistan, Hindistan, Rusiyanın orada marağı var. Doğrudur ki, camaat ölkədə qalmaq istəmir, qaçırlar. Bunun da əsas səbəbi taliblərin qadınlara olan münasibətidir. İstənilən halda, ölkədə Taliban qalib gəlib və hakimiyyətdədir. Hesab edirəm ki, danışıqlar nəticəsində Talibanı tanıyacaqlar, çünki ölkədə onun gücünə bərabər alternativ qüvvə yoxdur. Talibanın Əfqanıstana kəskin islam qaydalarını tətbiq edəcəyi əvvəlcədən aydın idi. Daha doğrusu, özləri islama uyğunlaşdırılmış çox kəskin qaydalar tətbiq edirlər. Misal üçün, Qurani-Kərimdə qadının mütləq kişi ilə yol getməli olduğu harda yazılıb ki?! Baxmayaraq ki, taliblər qadınların təhsil almaq hüquqlarını tanıdıqlarını elan ediblər, amma universitetlərdə kişilərlə xanımları ayrı-ayrı oturdurlar. Yəni, onların bir-birlərini görüb ünsiyyətə girməsinə mane olurlar. Bu, əslində Ayətullah Xameneinin 1979-cu ildə qoyduğu qaydalardır, o deyirdi ki, hətta qadınlarla kişilər eyni istehsalat müəssisəsində işləyə bilməzlər. Bu, islam qaydalarına uyğun olsa da, dünyanın bir çox ölkəsində qəbul edilmir. Bununla bağlı Taliban hökumətinə ciddi təzyiqlər edilir, daha demokratik ölkə qurulması üçün tələblər irəli sürülür. Danışıqlar zamanı xarici ölkələrdə qadına daha yumşaq münasibət göstərilməsinin zəruriliyini taliblərə bildirirlər. Hazırda Əfqanıstan əhalisinin yarısını qadınlar təşkil edir. Axı onlar da insan kimi yaşamalıdır".
1 063 dəfə oxundu