"Ermənistan bölgədə yaranan yeni reallıqla barışmalıdır" - Deputat

"Ermənistan bölgədə yaranan yeni reallıqla barışmalıdır" -
"Prezident İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi zamanı Qarabağda cərəyan edən, bölgədə baş verən proseslərlə bağlı geniş fikir bildirdi, eyni zamanda Ermənistana yenidən xəbərdarlıq etdi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, dövlət başçısı müharibəyə qədər, eləcə də sonrakı dövrdə cərəyan edən hadisələrə də geniş toxunub: "Artıq müharibə bitib. Ermənistan Azərbaycanın bölgədə yaratdığı reallıqla barışmalı, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışılmalıdır. Təəssüf ki, bu günə kimi Ermənistan hələ də mövqeyini konkretləşdirməyib. Özü də nə istədiyini bilmir. Ermənistanın özünü belə aparmasına görə məsuliyyəti həm də beynəlxalq qurumlar daşıyır. Vaxtında Ermənistana təzyiqlər edilsəydi, Ermənistan bu qədər cinayətlər törətməzdi, bölgəyə sülh və əməkdaşlıq gələrdi".

Deputat bildirib ki, Prezident həmçinin Azərbaycanın bölgədə cərəyan edən proseslərə tam nəzarət etdiyini vurğulayıb. Azərbaycanla Ermənistan sərhədinin, Laçın koridorunun daim nəzarətdə saxladığını xüsusi qeyd edib: "Prezident İlham Əliyev müsahibədə Türkiyə-Azərbaycan əlaqələrindən geniş bəhs edib. Bu gün dünyada dili, dini, tarixi eyni olan bir çox xalqlar mövcuddur. Ancaq onların heç biri Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın deyil. Bu münasibətlərin güclənməsində iki ölkə liderinin mühüm rolu var. Prezident Şuşa bəyannaməsinin əhəmiyyətinə də toxunub. Dövlət başçısı qeyd etdi ki, Şuşa bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətlər daha da yüksək səviyyəyə qaldırılıb".

C.Məmmədov vurğulayıb ki, hazırda Türkiyə-Azərbaycan əlaqələri yeni müstəviyə qədəm qoyub: "Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və dönməzdir. Türkiyənin sevinci Azərbaycanın sevinci, Türkiyənin kədəri isə Azərbaycanın kədəridir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...