Əliyev Paşinyanı xilas edir: Serjikin alçaldılması... - TƏHLİL
Prezident İlham Əliyev Serj Sarkisyanı tənqid etmədi, alçaltdı. Və bu, təkcə Serjikin gerçək kimliyinin göstərilməsi yox, həm də Ermənistan daxili seqmentinə ötürülən mesaj məqsədi daşıyır:
- “Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən” dedi;
- Serjikin onu hakimiyyətə gətirən Koçaryana belə xəyanət etdiyini açıqladı;
- Müharibədə məğlubiyyətin günahkarının Paşinyan yox, Sarkisyan olduğunu qeyd etdi;
- 2018-ci ildə Serjikin Nikolun qarşısında haqsız olduğunu etiraf etməsini xatırlatdı;
- Ermənistanda “silah alveri” məsələsi ilə həbs edilənlərin Sarkisyanın mirası olduğunu bildirdi və s.
Əliyev niyə bu dəfə Koçaryanın üzərinə getmədi?
Niyə Serjikin layiq olduğu ifadələri yenidən və daha sərt formada gündəmə gətirdi?
1. Ermənistan cəmiyyətinin yadaşında Koçaryan yox, Sarkisyan dövrü daha yenidir və Əliyev Serjikin kim olduğunu ermənilərə xatırladır;
2. Koçaryan Ermənistanda Rusiyanın hakimiyyətə əsas alternatividir və Əliyev rusların kartını bu dəfə gözdən salmır, son proseslər fonunda da bu təsadüfi deyil;
3. Serjikin Koçaryana da xəyanət etdiyini gündəmə gətirməklə “Qarabağ klanı”nın postmüharibə dövründə birləşməsinə qarşı gediş edir: son parlament seçkilərinə ayrı-ayrı bloklarla gedən Koçaryan və Sarkisyan arasında ixtilaflar var; Əliyev bu ixtilafı böyüdəcək mesajlar verir;
4. Paşinyanın “müharibədə məğlubiyyət” ittihamları qarşısında əlini gücləndirir: Nikolun “ordunun zəifliyinin günahı keçmiş hakimiyyətdədir” fikrini günahkarın 30 il ərzində Ermənistanda müdafiə naziri, PA rəhbəri, Təhlükəsizlik Şurasının katibi və 10 il prezident olan Serjikin olduğu arqumenti ilə genişləndirir;
Bu, Ermənistanın siyasi seqmentini yönləndirməyə hesablanmış gedişlərdir. Əliyev bundan öncə iki belə gediş edib:
Birincisi, müharibə vaxtı Paşinyana verdiyi adlarla - “it kimi qovulan”, “dabanyalayan”, “çaqqal”, “düşük”, “təlxək” – erməni müxalifətinin hakimiyyətə qarşı ittiham leksikonunu formalaşdırdı;
İkincisi, müharibədən sonra “Paşinyanın yox, Koçaryan-Sarkisyan cütlüyünün ordusunu məğlub etdik” kimi açıqlamalarla hakimiyyətin müxalifətə qarşı ittihamlarını formalaşdırdı;
Müharibənin sonuna yaxın və sonrasında erməni mediasını müşahidə etmək Əliyevin fikirlərinin daxili siyasi seqmentdə qarşılıqlı ittihamların lüğətini zənginləşdirdiyini görməyə kifayət edirdi.
Və Əliyev üçüncü gedişini edir: müharibə vaxtı Nikolu alçaldığı kimi, indi də Sarkisyanı alçaldır;
Bunun Ermənistan daxilində necə inkişaf edəcəyini təxmin etmək çətin deyil: Sarkisyan Əliyevə cavab verməyə məcbur qalacaq; onun fikirlərinə qarşı ermənilər arasında əks çıxanlar olacaq; sosial şəbəkələrin erməni seqmentində müzakirələrə və qarşılıqlı ittihamlar başlanacaq; Paşinyan prosesin bu yöndə inkişafından “müharibədə məğlubiyyət” ittihamlarına qarşı istifadə edəcək; (bundan öncəki təcrübə də belə təxminləri gücləndirir);
Və Əliyevin məhz indi – Paşinyanla görüş müzakirələrinin getdiyi vaxtda bu gedişi etməsi masada razılaş(dırıl)acaq Nikola jesti hesab oluna bilər.
Asif Nərimanlı
646 dəfə oxundu