“Biz heç bir zaman İsraildə səfirlik açmadıq, hesab etdik ki…”

Son günlər İsraildə Azərbaycan səfirliyinin açılması mövzusu yenidən müzakirələrə səbəb olub. Bir il əvvəl isə Milli Məclisin bəzi deputatları bu barədə təkliflə də çıxış etmişdilər. Lakin İsrail öz səfirliyini Azərbaycanda hələ 1992-ci ildə açsa da, rəsmi Bakı bu ölkədə diplomatik nümayəndəliyini açmağa tələsmir. Bununla belə, bu ilin iyulunda İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri açılıb.

İsrail Xarici İşlər Nazirliyi rəsmi açıqlamasında bunu daha bir tarixi hadisə adlandırıb: "Bu, Azərbaycanın İsraildə yaxın vaxtlarda səfirliyinin açılmasına aparan yolda bir mərhələdir".

İsraildə Azərbaycan Respublikasının səfirliyi niyə hələ də açılmayıb? Yaxın zamanlarda bunu gözləmək olarmı?

Xarici İşlər Nazirliyindən "Turan"a bildirilib ki, İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi xəbər olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
“Biz heç bir zaman İsraildə səfirlik açmadıq, hesab etdik ki…”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə agentliyə deyib ki, son günlər bu məsələsinin aktuallaşması təsadüfi deyil: "Çünki "mehriban qonşu" dediyimiz İranın Azərbaycana kəskin və anlaşılmayan münasibəti, şübhəsiz ki, çoxlu suallar yaradır. Xüsusilə də İranın Azərbaycan sərhədlərində 30 il ərzində keçirilməyən hərbi təlimlərinin keçirilməsi, əzələ nümayişinə keçməsi, əlbəttə ki, Azərbaycan ictimaiyyətində də çoxlu suallar yaradıb".

Komitə üzvünün sözlərinə görə, İran rəsmiləri son zamanlar Azərbaycanın sərhədlərinə İsraili gətirməsi ilə bağlı iftira yayırlar: "Ölkəmizin prezidenti cənab İlham Əliyev də bu məsələyə aydınlıq gətirdi, bildirdi ki, "sübut gətirin". Sübut yoxdursa, bu, böhtan və iftiradır. İran Azərbaycanı İsraili sərhədlərə gətirməsində ittiham edir, amma Azərbaycanın indiyə qədər İsraildə heç səfirliyi belə yoxdur. Özünə dost və qardaş dediyi Ermənistanın isə İsraildə səfirliyi fəaliyyət göstərir".

Onun qeyd etməsinə görə, Azərbaycan ictimaiyyəti arasında söyləyirlər ki, İsraildə səfirlik açılmalıdır: "İctimaiyyəti də bu məsələdə başa düşmək olar. Biz heç bir zaman İsraildə səfirlik açmadıq, hesab etdik ki, İran bu məsələ ilə bağlı fərqli mövqedədir və belə bir addım atacağımız təqdirdə İran bunu onlara qarşı bir addım kimi qiymətləndirəcək".

Lakin onun sözlərinə görə, hazırda vəziyyət dəyişib: "İndi ictimaiyyətimiz söyləyir ki, İsrail dövləti Vətən müharibəsi dövründə Azərbaycana ən müasir silahları satmışdı. İran isə həm müharibədən öncə, həm müharibə dövründə və sonra Ermənistana dəstək verir. Xankəndinə bir ay ərzində 60-a qədər yük maşını göndərib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...