“Rəsul Quliyev hər şeyi biri-birinə qarışdırıb” - Etibar Məmmədov

“Rəsul Quliyev hər şeyi biri-birinə qarışdırıb” -

"Rəsul Quliyev tarixi təhrif edir, tarixçilərimizi, ümumiyyətlə tarixin özünü təhqir edir. Belə olmaz, hərə öz bildiyi sahədən mütəxəssis kimi danışmalıdır".

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri MüsavatTV-yə müsahibəsində Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov eks-spiker Rəsul Quliyevin İranla bağlı qalmaqallı fikirlərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, o, internet kanallarının birinə müsahibəsində İranda yaşayan türklərlə bağlı qalmaqallı ifadələr işlədib. Bildirib ki, İranda yaşayan azərbaycanlılar özlərini iranlı hesab edirlər və Şimali Azərbaycanın İrana birləşməsini istəyirlər.

Etibar Məmmədov isə bu fikirləri çox səhv, yanlış və ziyanlı adlandırıb, əlavə edib ki, onların heç bir əsası yoxdur: "İranın ərazisində milli yox, sülalə dövlətləri, xanədanlar olub. Son min ildə, Səlcuqlardan başlamış sonuncu Qacarlara qədər bu tendensiya davam edib. Bu ərazilərdə çoxlu etnoslar, xalqlar olub, amma onların içərisində türklər qurucu etnos olublar. 1924-cü ildə Qacarlar devriləndən sonra Rza Pəhləvi özünü şah elan etdi və Pəhləvilər sülaləsinin hakimiyyəti başladı. O, İranı milli, yəni fars dövlətinə çevirməyi qarşısına məqsəd qoymuşdu".

AMİP lideri xatırladır ki, bundan əvvəl, 1918-ci ildə Azərbaycanın şimalında artıq Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlət yaranmışdı. "Bu, artıq milli dövlət idi. Həmin dövrdə onun yaranması İranı narahat etsə də, gücü çatmırdı ki, təsir göstərsin. Bu dövlət SSR-nin tərkibində strukturlarını saxladı, 1991-ci ildə müstəqilliyini elan edib BMT tərəfindən tanındıqdan sonra Cənubdakı türklər öz dövlətlərinin mövcud olduqlarının şahidi oldular. O zaman İranın təbliğatı belə qurulmuşdu ki, Azərbaycan çox zəif dövlətdir, heç öz ərazisinin təhlükəsizliyini təmin edə bilmir, onun perspektivi yoxdur. Amma 44 günlük müharibə vəziyyəti kökündən dəyişdi. İndi İranın narahatlığının səbəbi budur ki, Azərbaycanda ordu dövləti var. Bu o deməkdir ki, əhalinin hamısı özünü dövlətin əsgəri hesab edir. Türk xalqları həmişə ordu dövlətləri qurmağa nail olublar", - E.Məmmədov vurğulayıb.

AMİP lideri qeyd edib ki, Azərbaycan dövlətinin güclənməsi onu Cənubdakı türklər üçün bir mayaka çevirir: "Onlar nə olur-olsun, özlərini İranın yox, Azərbaycan dövlətinin hir hissəsi kimi görmək istəyəcəklər və proseslər bu istiqamətdə inkişaf edəcək. Rəsul Quliyevin də hər şeyi biri-birinə qarışdırıb, İrandan-Turandan danışmasının elə bir əhəmiyyəti yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...