“İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi

İran Mədəniyyət Mərkəzi və onun patronajlığında olan "Xomeyni İmdad Komitəsi" Azərbaycanda 1993-cü ildən etibarən fəaliyyət göstəriblər. "İmdad Komitəsi"nin Bakı təmsilçiliyinin rəhbəri Hüseyn Ənvari KİV-ə açıqlamasında bildirmişdi ki, fəaliyyətdə olduqları 20 il müddətində Azərbaycanda " mədəniyyət ocaqlarına, təhsil müəssisələrinə, qaçqın və köçkün ailələrinə, ailə qurmaq istəyən imkansız gənclərə, aztəminatlı ailələrə, tibbi yardıma ehtiyacı olanlara" yardım göstriblər.

Amma araşdırmalar gösərir ki, bu açıqlamada bilərəkdən yol verilmiş yanlışlıqlar var. Faktlar düşünülmüş şəkildə təhrif edilib, İran Mədəniyyət Mərkəzinin gerçək məqsəd və niyyətinin gizlədilməsinə xidmət edib. "İmdad Komitəsi" Ənvarinin qeyd etdiyi sosial zümrələrə deyil, bu zümrələr sırasından seçib müəyyənləşdirilmiş ayrı-ayrı fərdlərə, konkret şəxslərə "yardım" göstəriblər. Yardım adıyla təqdim edilən vəsait təyinatlı olub, xüsusi maraqlara xidmət edib. Hər bir istiqamət üzrə diqqətlə seçilib müəyyənləşdirilmiş, maliyyələşdirilmiş şəxslərin kimliyinə, hansı məqsədlərə xidmət etdiklərinə, hansı səbəblə maliyyələşdirildiklərinə aydınlıq gətirmək üçün öncə İran "Mədəniyyə Mərkəzi"nin və onun yönləndirməsi ilə vəsaitlər ayıran "İmdad Komitəsi"nin missiyasına diqqət yetirmək lazım gəlir.

Məsələnin kökü ondadır ki, şiə inancına görə, 12-ci imam qeybə çəkilib və o, zühur edənə qədər şiələrə rəhbərliyi vilayəti-fəqih həyata keçirməlidir (https://az.wikipedia.org/wiki/Vilay%C9%99ti-F%C9%99qih ). Iran bu inancdan özünün siyasi maraqları üçün sui-istifadə edir, məsələni dini-ideoloji kontekstdə təqdim etsə də, nəticəni özünün siyasi maraqları müstəvisinə yönləndirir. İran ideoloqları özlərinin dini rəhbərləri Seyid Əli Xamneyinin hakimiyyətini vilayəti-fəqih elan ediblər. Bütün dünya şiələrini dini-mənəvi, siyasi-ideoloji baxımdan Xamneyiyə, yəni onun rəhbərliyi altında olan İrana tabe etmək istəyirlər. İran Mədəniyyət Mərkəzi və onun rəhbəri Seyid Əliəkbər Ocaqnejad İranın ali-dini lideri Seyid Əli Xamneyinin, yəni vilayəti-fəqihin Azərbaycandakı nümayəndəsidir. Məntiqi nəticə budur ki, Ocaqnejadın burada olmasının fəlsəfəsi Azərbaycan şiələrini dini-ideoloji baxımdan İrana tabe etməkdən ibarət olub.

Amma bu, zahiri görüntüdür, dini ideologiya pərdəsi altında gerçəkləşdirilən riyakar bir siyasətdir. Proses dini-ideoloji müstəvidə təqdim edilsə də, mahiyyətcə İran dövlətinin siyasi maraqlarına xidmət edir. İranın ali dini liderinin Azərbaycan Respublikası üzrə nümayəndəsi höccətülislam Əliəkbər Ocaqnejad ilk gəlişində ölkəmizdə hörmətlə qarşılanıb. Bu, Azərbaycanda dinə hörmətdən və Ocaqnejadın soydaş sayılmasından irəli gəlib. Digər bir səbəb isə İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xaməneiyiyə olan xoş münasibətdən qaynaqlanıb. Ancaq sonrakı dövrlərdə baş verən proseslər, o cümlədən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi üçün İranın verdiyi dolayı dəstək, 44 günlük müharibədə İranın Azərbaycan əleyhinə fəaliyyəti, Zəngəzur dəhlizinin açılmaması üçün qurduğu planlar isbat etdi ki, nə İran səmimi islam respublikası deyil, nə də onun ali-dini liderinin Bakıya qarşı davranışları müsəlmançılıq prinsiplərinə uyğun gəlmir. Əksinə, İran Seyid Əli Xomeneyiyə, onun Bakıdakı nümayəndəsi Ocaqnejada göstərilən yüksək etimaddan sui-istifadə edib. O, din pərdəsi adı altında Azərbaycan cəmiyyətində pozuculuq fəaliyyəti ilə məşğul olub. "Hüseynçilər" Hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı, "Şəhriyar" Mədəniyyət Mərkəzi kimi təşkilatların fəaliyyətini stimullaşdıraraq, Azərbaycanın sekulyar quruluşuna qarşı çıxıb. Bu təşkilatlar ölkəmizdə ayətullah Xomeyninin "İslam inqilabı doktrinası"nın yayılması, İranın tələblərinə tabe olan bir rejim yaradılması üçün çalışıblar (https://report.az/analitika/eliekber-ocaqnejat-iranla-azerbaycan-arasindaki-gerginliyin-esas-baiskari/ ).

İran bənzər siyasəti Azərbaycandan öncə digər şiə kökənli ölklərdə tətbiq edib və həmin ölkələrə fəlakətlər gətirib. Yaxın Şərq təcrübəsi göstərir ki, İran öz məqsədinə çatmaq üçün şiələrin kompakt yaşadığı müsəlman ölkələrində şiələri öncə dini-ideoloji baxımdan təşkilatlandırır, sonra onları siyasi qüvvə kimi formalaşdırır, daha sonra həmin dini-siyasi qüvvənin silahlı qruplaşmasını yaradır. Livan (Hizbullah), İraq (Həşdi-Şabi) və Yəmən (Husilərdən ibarət silahlı ordu) buna bariz nümunədir. İran eyni ssenarini Azərbaycanda da tətbiq etməyə çalışıb. Ocaqnejad bu prosesin ilkin mərhələsini, yəni şiələrin dini-mənəvi və siyasi-ideoloji baxımdan təşkilatlanmasını həyata keçirmək üçün Azərbaycanın müstəqillik qazanmasının ilk anından-1993-cü ildən Bakıya göndərilmişdi.

Yaxın Şərqdə böyük qətliamlar törədən, ideoloji baxımdan "siyasi təmayüllü sünni"lik qismində təqdim edilən İŞİD kimi, İran kökənli "siyasi təmayüllü şiəlik" də dünyəvi dövlət quruluşlu ölkələri ciddi şəkildə təhdid edir. Perespektivdə Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsini, dünyəvi dövlətçilik prinsiplərinin ortadan qaldırılmasını, xalqımızın milli dəyərlərininin yox edilməsini və farslaşdırılmasını hədəfləyən "siyasi təmayüllü şiəlik" bu xüsusiyyətləri ilə "siyasi təmayüllü sünnilik"dən az təhlükəli deyil. İranın və onun Azərbaycandakı təmsilçisi Əliəkbər Ocaqnejadın təlqin etdiyi "siyasi siəlik" ideologiyasının yayılma mexanizminə nəzər salanda görürük ki, İranın nə hədəfləri, nə də bu hədəflərə çatmaq üçün tətbiq etdiyi metodlar, icra mexanizmləri dəyişmir. 10 illərdir ki, bu siyasət şiəməzhəb ölkələrdə eyni formada tətbiq edilir. Azərbaycanda da siyasətin tətbiq edilməsi İran Mədəniyyət Mərkəzinin rəhbəri Seyyid Əliəkbər Ocaqnejadın əsas missiyası olub.

Ona öz missiyasını yerinə yetirmək üçün lazım olan ilkin maddi vəsait isə İmdad Komitəsinin "yardım kampaniyaları" adı altında çatdırılıb. İran Mədəniyyət Mərkəzi və İmdad Komitəsi Azərbaycan rayonlarını təsnifatlaşdıraraq 19 qrup üzrə bölmüş, həmin 19 bölgə üzrə özünün yerli təmsilçiliyini yaratmış, bu təmsilçiliklərin hər rayon üzrə nümayəndəsini təyin etmişdi. Təmsilçilər əhali ilə canlı təmasda olmuş, araşdırmış, missiyalarına uyğun gələn şəxsləri seçib müəyyənləşdirmiş, onların adlarını "yardıma ehtiyacı olan imkansızlar" siyahısına daxil edərək nəzarətə götürmüşdür. Ocaqnejad Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə "yardıma ehtiyacı olan imkansız ailələr" sırasından xüsusi talantlı uşaq və gəncləri seçib ayırmış, "seçilmiş" gənclərin təhsil almaq adı ilə İrana göndərilməsini həyata keçirmişdir. İrana aparılan gənclərin dini təhsil almaq adı altında orada əməkdaşlığa cəlb edilmələri, İranmeylli təbliğat maşınının qurbanına çevrilmələri, gələcəkdə öz xalqına qarşı məqsədyönlü fəaliyyətə yönəldilmələrinə dair çoxsaylı faktlar mövcuddur. Günümüzdə İranda məskunlaşmış və anti-Azərbaycan fəaliyyəti ilə seçilən şəxslərdən Orxan Məmmədovun, Tohid İbrahimbəylinin, Əkrəm Hacızadənin, Musa Əsədzadənin durumları göz qabağındadır (https://ovqat.com/manset/28400-hizbullahn-azrbaycan-uzr-eyx-nsrullas-tofid-brahimbyli-kimdir.html ).

İranda "təhsilini" başa vurduqdan sonra geri qayıdan gənclər də sərbəst buraxılmayıblar. Onlar müxtəlif vasitələrlə maliyyələşdirilmiş, din xadimi və ya ilahiyyatçı kimi cəmiyyət tərəfindən qəbul olunmalarına çalışılmışdır. Hazırda həbsdə olan bir qrup radikal şiə radikalları arasında məhz həmin şəxslər də vardırlar.

"Yardım" pulu "xidmətə müqabil"ində verilib

İran molla rejiminin ideoloji müstəvidə xidmətçisinə çevrilən bu şəxslərin maliyyələdirilmə mexanizmləri də maraqlıdır. Məsələn, əldə edilən siyahıların birindən bəlli olur ki, "xidmətdə fərqlənən" 250 nəfərə hər ay "Hüseyniyyə" mərkəzində 100-1000 manat aralığında "yardım pulu" verilib. Həmçinin, Ocaqnejadın göstərişi ilə İran molla rejimini açıq tekstlə təbliğ etmək üçün müəyyənləşdirilmiş 381 nəfərdən hər birinə hər ay 100-150 manat civarında pul verilib.

İranın dini məktəblərində təhsil alaraq geri dönmüş, Bakıda mollalıq edən gənclərdən biri öz müsahibəsində qeyd edib ki, Ocaqnejadın idarəsindən hər ay aldığı 150 manat qarşılığında ondan çox sadə tələblərə əməl etməsi istənilib: "Hüzr məclislərində, dini toplantılarda arada bir İranın dini siyasətindən söz salıb təqdir etsin , "Ocaqnejad Ağa" deyə bir cümlə işlətsin" ( https://aqreqator.az/az/siyaset/441594 ).

Ocaqnejadın, "İmdad Komitəsi"nin siyahılarında adı keçən şəxslərin bir qismi sadə və mövhumatçı dindar vətəndaşlardırlar. Bu kateqoriyaya daxil olan insanlar ən az yardım alanlar sırasındadırlar. Onlar aldıqları vəsait qarşılığında fərqinə varmadan İran molla rejiminin xüsusi təlimatlarını həyata keçiriblər

Göründüyü kimi, Əliəkbər Ocaqnejad İrandan gələn maliyyə vəsaitini ehtiyac içində olanlara deyil, İranın maraqlaına xidmət edənlərə, Azərbaycanın dövlət siyasətinə əks gedənlərə paylayıb. O, elə bir mexanizm qurub ki, İranın ayırdığı ilkin sərmayəni təkcə siyasi divident formasında deyil, həm də maddi vəsaitlər qismində geri qaytarıb.

Bəllidir ki, şiə inancına mənsub müsəlmanlar xümsü (qazanclarının beşdə birini) təqlid etdikləri müctəhidə verirlər. İran və onun Azərbaycandakı nümayəndəsi Ocaqnejad bu amildən də sui-istifadə edib, yetərincə faydalanıb. Xüms ödəyənlərin ayırdıqları vəsaiti müctəhidin nümayəndəsinə, yəni onun özünə təqdim etmələri üçün mexanizm yaradıb (https://www.sistani.org/azari/book/25262/4103/ ). Beləliklə, Seyid Əli Xamneyini təqlid edən Azərbaycan şiələri xümslərini Xamneyinin nümayəndəsi Ocaqnejada veriblər. Ocaqnejad da həmin xüms pulundan şəhriyyə (aylıq maddi dəstək) kimi İranda "təhsil almış" şəxslərə, daha doğrusu, İranpərəst ruhunda tərbiyələndirilən şəxslərə paylayıb. Bu münvalla onları maliyyələşdirib. Məlumatlar göstərir ki, Ocaqnejad təkcə Azərbaycan vətəndaşı olan şiələrdən deyil, həm də Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Türkiyədə yaşayan şiə inanclı soydaşlarımızdan xüms toplayıb. Bu vəsaitin miqdarı yüz minlərlə dollar məbləğində olub.

Ocaqnejatın təbliğat toruna daxil olan sosial şəbəkə profilləri və KİV qurumları

Qeyd etdik ki, xüms adıyla toplanılmış vəsaitin bir qismi Ocaqnejatın "seçilmişlər" qrupunun üzvlərinə verilib, İranın Azərbaycan əleyhinə təbliğatına yönəldilib. Bu təbliğat maşını xüsusi tezislərlə təmin edilib. Cəmiyyətə təlqin etməyə çalışıblar ki, bütün sosial-iqtisadi, mənəvi, hüquqi problemlərin əsas səbəbi Azərbaycanın dünyəvi dövlət quruluşudur. Buna istinad edərək dindarlar arasında "şəriət qaydaları ilə idarə olunan ölkə" ideyasının yayılmasına çalışıblar. Milli mənsubiyyətimiz və mədəniyyətimizlə bağlı hər şeyi inkar edib, dini kimliyimizin Azərbaycançılığa qarşı qoyulmasına cəhd göstəriblər. Ümmətçilik prinsiplərinin təbliği fonunda milli kimliyimiz arxa plana atılıb. Ölkəmizdə dini kontingent daxilindəki birlik və həmrəylik mühitini sarsıtmaq, məzhəb ayrı-seçkiliyi zəminində qarşıdurma yaratmaq üçün çoxsaylı təşəbbüslər göstərilib. Vətən müharibəsində şəhid olmuş vətəndaşlarımız məzhəbinə görə fərqləndirilib.

Ocaqnejad qrupunun təbliğatında Azərbaycanın ictimai, sosial və mədəni sahələrindəki inkişafı kontekstdən çıxarılaraq neqativ formada şərh edilib, əxlaqsızlığın yayılması, ənənəvi dəyərlərin tapdanılması kimi təqdim edilib. Ölkəmizin xarici siyasətini, beynəlxalq təşkilatlarla münasibətini İslama təhdid kimi qiymətləndiriblər. Türkiyə, İsrail, ABŞ dövləti ilə münasibətləri hədəfə alıblar, dini inanclı insanları dövlət siyasətimizdən narazı salmağa çalışıblar.

Ocaqnejad komandası məscidlərin pandemiya ilə əlaqədar bağlanmasını fərqli formada şərh etmiş, dindarlığın sıxışıdırlması kimi qələmə vermiş, dindarları Məhərrəm ayında əzadarlıq mərasimlərinin məsciddən kənar yerlərdə keçirilməsinə təşviq etmişlər.

Təsadüfi deyil ki, 1993-cü ildən başlayaraq, Azərbaycan xüsusi xidmət orqanları bir neçə dəfə zərərsizləşdirdikləri terrorçuların istintaqını apararkən, İran Mədəniyyət Mərkəzinin və onun rəhbəri Əliəkbər Ocaqnejadın izinə çıxıblar. 1993-cü ildə Ocaqnejad dövlət təhlükəsizlik prinsiplərinə zidd fəaliyyətlə məşğul olduğuna, "Təzəpir" məscidində panislamizm təbliğatı apardığına görə nəzarətə götürülmüş, xəbərdarlıq almışdır. Bənzər hadisə 2011-ci ildə də yaşanıb. Həmin ilin avqust ayında Azərbaycan hüquq mühafizə orqanları "ölkəmizə qarşı düşmənçilik fəaliyyəti aparmaqla xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə təqsirli bilinən bir neçə şəxsin saxlanılması" barədə bəyanat yayıblar. Həmin bəyanatda da işin tərəfdarlarından biri kimi İran Mədəniyyət Mərkəzi və onun rəhbəri Əliəkbər Ocaqnejadın adı keçir. Qeyd edilir ki, "Cəfəri" adlı radikal dini qrupun üzvləri İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunuları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər". Bu olayda İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin və onun rəhbəri Ocaqnejadın adı xüsusi hallandırılıb (https://www.azadliq.org/a/24297758.html ). Bildirilib ki, dindar kontingent daxilində İranmeyilli təsirlərin artması, radikal meyillərin gücləndirilməsi, İslamın şiə məzhəbi müstəvisində təbliğ olunması nəticəsində ölkəmizdəki tolerant mühitin zəiflədilməsinə hesablanmış fəaliyyət göstərilib. Qəribədir ki, Ocaqnejad bu proseslərdən qurtulmağı bacarıb.

2015 -ci ilin payızında baş vermiş Nardaran insidentinin "xeyir- duası" da Ojaqnejadın dəvəti ilə hadisələrdən iki ay öncə Qumdan Bakıya səfəri etmiş Ayətullah Hüseyn Nuri Həmədani tərəfindən verilib. Nardaran insidenti Əliəəkbər Ocaqnejadın içində olduğu proseslərdən bir nümunədir .
“İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi

Maraqlı məqamlardan biri də Ayətullah Hüseyn Nuri Həmədani ilə məsciddə keçirilən görüş zamanı zalda bir neçə "Hizbullah" bayrağının dalğalanması idi. Hadisələrindən sonra Azərbaycan xüsusi xidmət orqanları müəyyən etmişdilər ki, Nardaranda ələ keçirilən silah çeşidləri tanıdığımız ənənəvi silahlar deyil. Bu silahlar "Hizbullah"ın Yaxın Şərqdə istifadə etdyi silahlar kategoriyasına aiddir. Nardaranda bu silahların necə əldə edilməsi üzrə mülahizələr isə çox narahatedici məqamlardan xəbər verirdi.

İran Mədəniyyət Mərkəzi və onun rəhbəri olan Ocaqnejadın kuratorluğu ilə idarə edilən anti-Azərbaycan təbliğatı təkcə hüzr mərasimlərində, dini ayinlərdə, məscidlərdə aparılmayıb. Bu təbliğatı əks etdirən geniş sosial şəbəkə profilləri mövcuddur. Sıralarında internet və ənənəvi KİV qurumları da vardır. İnternet məkanında Azərbaycanın milli maraqlarına, dövlətçilik prinsiplərinə zərbə vurmağa çalışan dini, dini-siyasi məzmunlu səhifələrin, kanalların, saxta və real profillərin yaradılması, bu səhifələrin mərkəzləşdirilmiş qaydada dəstəklənməsi İran Mədəniyyət Mərkəzinin məşğuliyyətlərindən olub. Hansı sosial şəbəkə profilləri, hansı KİV qurumları bu şəbəkəyə qoşulublar, təbliğatlarını necə qurublar, kimliklərini necə gizlədiblər? Növbəti yazımızda bu barədə geniş bilgi veriləcək...

Müşfiq Ələsgərli

Yeganə Hacıyeva



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...