“Azərbaycan ordusu mövcud xəritələrə əsasən irəliləyərək öz postunda yerləşib” - AÇIQLAMA
“Ermənistanın baş naziri Nikol Paşinyanın partiyası ondan narazılıq edir ki, sənin generalların heç bir işin öhdəsindən gələ bilmirlər. Qeyd edirlər ki, Azərbaycan çox mühüm 4 postu ələ keçirib. Azərbaycan ordusu sadəcə olaraq, mövcud xəritələrə əsasən irəliləyərək öz postunda yerləşib. Həmin ərazilər hələ SSRİ vaxtından Azərbaycan ərazisi olub. İndi isə bizim daha vacib problemlərimiz var. Misal üçün, Rusiya Müdafiə Nazirliyi ötən gün yayımladığı hesabatında Qarabağda ermənilər tərəfindən törədilən təxribat barədə nəinki bir cümlə, heç para cümlə də qeyd etməyib. Amma biz Rusiya sülhməramlılarına böyük ümid bəsləyirdik. Nikol Paşinyanın tabeliyində olan hansısa vəzifəlinin onun iradəsindən kənar qərar qəbul etməsi isə, fikrimcə, qəliz məsələdir. Müdafiə naziri kimdir ki, özbaşına harasa gedib-gəlsin və yaxud da sərbəst qərar qəbul etsin?!”
Bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, daxildə baş verən gərginliklər, orduda müşahidə edilən nizamsızlıq müdafiə naziri Arşak Karapatyanın qısa müddətdə vəzifədən azad edilməsinə səbəb oldu: “Yəni, bu hadisənin keçmiş müdafiə naziri Arşak Karapatyanın Rusiya ilə əlaqələri ilə bağlı olduğunu hesab etmirəm. İstənilən halda isə yeni təyinatla heç nə dəyişməyəcək. Ermənistanda vəziyyət çox gərgindir və dövlət mövcud vəziyyətdən çıxmaq üçün müxtəlif yollara əl atır. İctimaiyyətin narazılığını bir qədər azaltmaq üçün bəzi qərarları verməyə məcburdurlar. Nəzərə almaq lazımdır ki, hansısa revanşist qərarı müdafiə naziri vermir, çünki o, yalnız icraçıdır. Paşinyan bildirib ki, mən Arşak Karapetyana göstərdiyi uğurlu fəaliyyətə görə təşəkkür etdim və onu vəzifədən azad etdiyim qərarını ona açıqladım. Burada məntiq yoxdur. Əgər doğrudan da, fəaliyyətini bəyəndiyi bir məmurdursa, onu niyə vəzifədən azad edir?! 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda vəzifəsindən azad edilən üçüncü müdafiə naziridir. Deməli, Ermənistan ordusunda ciddi boşluqlar var. Yeni təyin olunan müdafiə naziri isə vaxtilə orduda xidmət keçərkən öz komandirini güllələyib, həbs həyatı yaşayıb. Yəni, həmin məmuru ciddi qəbul etmirlər. Sual yaranır ki, müdafiə naziri vəzifəsinə təyin etmək üçün Ermənistanda bir nəfər normal hərbçi tapılmadı?!”
735 dəfə oxundu