"Rusiya və Ermənistan arasında böhran daha da dərinləşəcək" - Tofiq Zülfüqarov

"Rusiya və Ermənistan arasında böhran daha da dərinləşəcək" -

“Biz ümid edirdik ki, Ermənistan müharibədən sonra Azərbaycanla Türkiyə qarşısında normal xarici siyasət yeritməyə başlayacaq. Üstəlik, Rusiyanın da Ermənistanı dəstəkləməyə çox meyilli olmadığını nəzərə almaq lazımdır. Ancaq baş verənlər rəsmi İrəvanın qarşıdurma yolunu seçdiyini göstərir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın səsləndirdiyi fikirlər sadəcə fondur: "Əsas məsələ isə daha dərindir. Fikrimcə, bundan sonra rəsmi Moskva ilə İrəvan arasındakı böhran daha da dərinləşəcək. Çünki Ermənistan Rusiya və Qərb arasında “ikili oynayır”. Bu, təxminən “iki od arasında qalmaq” deməkdir. Bu isə bizim qarşımızda yeni fürsətlər açır. Bir çox məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə irəliləyişə nail olmaq üçün imkanlar yaranır. Hücum diplomatiyasına davam etməliyik. Ən yaxşı müdafiə məhz hücumdur. Ermənilər başqa yol qoymurlar”.

T. Zülfüqarov bildirib ki, brifinqin indiki məqamda keçirilməsi heç də təsadüfi deyil: “Bilirsiniz ki, bir neçə gün sonra Soçidə üçtərəfli, gələn ay isə Brüsseldə ikitərəfli görüş keçiriləcək. Paşinyan indidən həmin müzakirələrə hazırlaşır. O, görüşlərdə səsləndirəcəyi fikirlər üçün indidən zəmin yaradır. Ancaq biz də öz işimizi görməli, hücum diplomatiyasından geri çəkilməməliyik”.

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 23-də feysbuk səhifəsi üzərindən keçirdiyi mətbuat konfransında Ermənistan ərazisi boyunca nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinə çıxıb, gözlənilən 9 noyabr görüşünün baş tutmamasının səbəbkarının özü olmadığını bildirib. Baş nazirin xüsusilə Rusiyaya hörmətlə yanaşması, KTMT-dən çıxmaq niyyətində olmadığı barədə açıqlamaları isə onun əməli ilə üst-üstə düşmür. Çünki Paşinyan son vaxtlar Qərblə yaxınlaşır, NATO, Avropa İttifaqı kimi beynəlxalq qurumlara müraciət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...