Soçi masasında aktual sənədlər və mövzular: razılıq olacaqmı?
Əliyev-Putin-Paşinyan görüşünə saatlar qalır və masada nələrin olduğu, görüşdən hansı nəticənin çıxacağı məsələsinin aktuallığı artır. Görüş öncəsi proseslər masada müzakirələrin iki istiqamətdə gedə biləcəyi gözləntisini yaradır.
Birincisi, konkret razılaşmalar və imzalanacaq sənədlərlə bağlıdır:
Paşinyan görüşdən öncə açıqladı ki, "imzalana biləcək yeganə sənəd delimitasiya və demarkasiya komissiyasının yaradılması ilə bağlı ola bilər, lakin bu sərhədin müəyyənləşməsi prosesinin başlanması demək deyil”.
Bu, görüşdə sərhədlə bağlı razılaşma mövzusunun ictimaiyyətə açıqlanması kimi görünür, hərçənd, burada Nikolun məqsədi gündəmi açıqlamaqdan daha fərqlidir:
a) Paşinyan erməni ictimai rəyinə oynayır və bununla "narahatlığa əsas yoxdur” mesajını verirdi;
b) İrəvan görüşdə tələbini bu kontekstdə qoyacaq: üçtərəfli komissiyanın formalaşmasına başlanılsın, sonra hansı xəritənin əsas götürüləcəyi üzərində işlənilsin; və hədəf vaxt qazanmaq, delimitasiya-demarkasiya prosesini maksimum uzatmaqdır;
Bakı İrəvanın planını anlayır, bu baxımdan, gündəliyi konkret qoyacağı istisna deyil:
- komissiya hansı müddətə formalaşdırılmalıdır;
- hansı xəritələr əsas götürülməlidir.
Rusiya Müdafiə Nazirliyinin tərəflərə təkliflər irəli sürdüyü bəllidir və bu təklif paketlərində xəritələrin olduğu da istisna deyil. Paşinyan təkliflərin may ayında verildiyini açıqlayıb və həmin vaxt sərhəddə baş verənlərə baxdıqda bəzi məqamları anlamaq mümkündür: may ayında Azərbaycan Laçın istiqamətində (Qaragöl) dövlət sərhədini bərpa etdi və gərginlik də bundan sonra başlandı; mümkündür ki, Rusiya MN tərəflərə xəritələri təqdim edib, Ermənistan tərəfi bununla razılaşmadığı üçün Azərbaycan praktiki addımlar atmaq məcburiyyətində qalıb;
Bu, Bakı və Moskvanın xəritə məsələsində anlaşdığı ehtimalını gücləndirir. Və bu gün masada həll edilə biləcək məsələlərdən biri də məhz xəritə ola bilər. Bu baxımdan, Bakının yaradılacaq üçtərəfli komissiyanın razılaşdırılmış xəritə üzərində delimitasiya prosesinə başlamasını tələb edəcəyi mümkündür.
- Kommunikasiyaların bərpa edilməsi:
Bu istiqamətində öncəki üçtərəfli razılaşmaların icrası ilə bağlı irəliləyişə ehtiyac var, xüsusilə Moskva prosesin uzanmasının regional maraqlarına risklər yaratdığını anlayır. 11 yanvar 2021-ci il Moskva bəyanatının 4-cü maddəsinə görə, martın 1-nə qədər hazırlanıb, təsdiq edilməsi üçün tərəflərə təqdim olunması nəzərdə tutulan "yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafiki” kommunikasiyanın bərpası istiqamətində yeganə irəliləyiş ola bilər və Soçidə bununla bağlı sənədin imzalanacağı gözləntisi böyükdür.
Paşinyanın görüşdən öncə açıqlamları Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı problemlər yaratmağa çalışdığını göstərir. İrəvanın istəklərinin üçtərəfli razılaşmalara yenidən baxmaq zərurəti yaratdığı üçün qəbul ediləcəyi ehtimalı zəifdir. O cümlədən, Overçukun görüş öncəsi Bakı və İrəvana səfəri artıq kommunikasiyalarla bağlı sənədin tərəflərlə razılaşdırıldığını deməyə əsas verir.
Sərhədlə bağlı razılaşma mətninin də tərəflərə təqdim olunduğu fikrini gücləndirən detal da diqqət çəkir: Bakıda Əliyev, İrəvanda Paşinyanla görüşən Overçuku Rusiya xarici işlər nazirinin müavini, əsasən sərhədlərin delimitasiya və demarkasiyası işlərində fəal olan Andrey Rudenko müşaiyət edirdi; bu, tərəflərə hər iki istiqamətdə razılaşmanın mətninin təqdim edildiyi və görüşdə bunlarla bağlı konkret sənədlərin müzakirə ediləcəyini deməyə imkan verir.
İkincisi, şifahi müzakirə ediləcək, tərəflərin hər birinin gündəmə gətirəcəyi mövzulardır:
Paşinyanın "əsir” adlandırdığı ermənilərin qaytarılmasını istəyəcəyi məlumdur. Əliyev hansı tələbləri irəli sürə bilər?
- 10 Noyabr razılaşmasının 4-cü bəndini – erməni qoşunların çıxarılmasını gündəmə gətirə bilər: erməni qoşunları Azərbaycan sərhədləri daxilində olduğu müddətdə sərhədin delimitasiya-demarkasiyası hüquqi baxımdan da ziddiyyətlidir;
- Və yekun sülh sazişi də müzakirə edilə bilər: Əliyev may ayında Ermənistandakı seçkilərə görə Paşinyanın bu məsələdən "uzaq qaçmasını” anlayışla qarşıladığını açıqlamışdı; seçkilər başa çatıb və belə demək mümkünsə, Paşinyana verilən zaman da bitib.
Proseslər Soçi masasından tərəflərin nəticə ilə ayrılacağını deməyə əsas verir. Əsas məsələ "zamanı dolmuş” Paşinyanın anlaşmalara nə dərəcədə əməl edəcəyidir və bu, həm də sonrakı proseslərin inkişafını da müəyyən edəcək. Bakı artıq razılaşmaların icrası üçün daha bir il də gözləmək niyyətində deyil.
892 dəfə oxundu