"Rusiya Ukraynanın NATO-ya üzvlüyü məsələsində söz sahibi deyil"
Avro-Atlantik regionda təhlükəsizlik təminatı ilə bağlı müzakirələr Rusiyanın Ukrayna sərhədlərində de-eskalasiyaya getməsi, Donbas və Krımdan geri çəkilməsi ilə başlamalıdır.
APA-nın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşə münasibət bildirərkən deyib.
Xarici işlər naziri Cenevrədəki görüşü və bu gün keçiriləcək NATO-Rusiya Şurasının iclasını Avropada vacib diplomatik hadisə adlandırıb.
Onun sözlərinə görə, danışıqlar davam etsə də, ilkin nəticələr çıxarmaq mümkündür.
“Rusiya məqsədli şəkildə qəbuledilməz tələblər irəli sürərək öz istədiklərini maksimuma çatdırmaq üçün “təhlükəsizlik zəmanəti” adlanan danışıqlara başlayıb. 100 mindən çox qüvvəsini Ukrayna sərhədlərində topladığı, Krımı girov saxladığı və Donbasda döyüşdüyü bir vaxtda Rusiyanın təhlükəsizlik zəmanəti tələb etməsi utanmazlıqdır. Ukraynanın NATO-ya üzvlüyü məsələsində Rusiya söz sahibi deyil. Qərb Rusiyaya alyansın şərqə doğru genişlənməməsinə “hüquqi təminat” verməyə razı olmayacaq, çünki bu, strateji məğlubiyyət olardı”, - D. Kuleba bildirib.
XİN rəhbəri qeyd edib ki, ölkəsinin iştirakı olmadan Ukrayna ilə bağlı heç bir qərar qəbul edilməməlidir. O əlavə edib ki, diplomatik prinsipini möhkəmləndirmək üçün Ukrayna öz tərəfdaşları ilə intensiv işləyir və Cenevrə görüşündə Rusiya tərəfi artıq bu siqnalı alıb: “ABŞ Ukraynanın iştirakı olmadan Ukrayna, Avropanın iştirakı olmadan Avropa, NATO-nun iştirakı olmadan NATO ilə bağlı heç bir qərarı təsdiq etməyəcək. Qərbin həmrəyliyi Rusiyanın amerikalılarla razılaşmaq ümidlərini məhv edir. Mən səylərimizin öz nəticəsini verdiyini görməyə şadam: tərəfdaşlarımız arasında Ukraynanın təhlükə altında olduğu bir vaxtda Avro-Atlantik təhlükəsizliyin mümkünsüzlüyünü anlayanların sayı artır”.
490 dəfə oxundu