Ermənistan Prezidentinin istefası - Serjin adamlarından təmizlənən hakimiyyət
Armen Sarkisyan nəhayət gecikmiş də olsa, Ermənistan Prezidenti postundan istefa verdi. O, kimdir? Hansı siyasi qüvvəni təmsil edirdi? İkili vətəndaşlığı olmaqla Sarkisyan cinayət törədibmi? Baş nazir Nikol Paşinyanla münasibətləri necə idi? Armen Sarkisyan özünü Ermənistan Prezidenti kimi yoxsa iş adamı kimi aparırdı?
68 yaşlı Armen Sarkisyan 2018-ci il martın 2-də parlamentdə keçirilən gizli səsvermə yolu ilə prezident seçilib. Onda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan yeni konstitusiyaya əsasən Baş nazir olmuşdu. O, Serj Sarqsyanın, yaxud Robert Koçaryanın təmsil etdiyi siyasi qüvvənin adamı sayılıb. Bu, hadisələrin sonrakı mərhələsində də özünü göstərib.
Armen Sarkisyan iş adamıdır. Ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) geniş ticarət əlaqələrinə malik olub. İstefa ərizəsi yazmazdan iki gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Səfər çərçivəsində BƏƏ-nin energetika sahəsinin aparıcı şirkətlərindən biri - “Masdar”la danışıqlar aparıb. Şirkətin direktoru Məhəmməd Cəmil Əl-Ramahla görüşüb. Habelə külək enerjisi sahəsində tanınmış "Mubadala Investment Company”nin baş direktoru Kaldun Xəlif əl-Mübarəklə biri sıra məsələləri müzakirə edib. Dubaya səfərindən sonra Armen Sarkisyanın istefa verməsi onun BƏƏ-də daha çox şəxsi biznesi ilə bağlı danışıqlar apardığını ehtimal etməyə əsas verir. Çünki onun apardığı danışıqlar nəticəsində ikitərəfli heç bir sənəd imzalanmayıb. Yaxud belə sənəd imzalamağa onun heç bir səlahiyyəti yoxdur. Bu baxımdan Sarkisyanın BƏƏ səfəri daha çox iş adamının ziyarəti kimi xarakterizə edilə bilər. Elə oradan səfərdən qayıtdıqdan sonra istefa verməsi də bunu təsdiqləyə bilər. Belə çıxır Sarkisyan öz biznesini sahmana saldıqdan sonra vəzifəsindən istefa verib.
Yeri gəlmişkən, Sarkisyan Davos Dünya İqtisadi Forumunun qlobal energetika şurasının sədri olub. “Alcatel”, “Lucent”, “British Petrolium”, “Merrill Lynch” - “Bank of America” kimi energetika və texnologiya şirkətlərində müşavir işləyib. “Knightsbridge Group” şirkətinin sahibidir. Onun Avropa ölkələri, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanla çox geniş əlaqələri mövcuddur.
Armen Sarkisyan 2002-2011-ci illərdə Böyük Britaniyanın vətəndaşı olub. Onun sonradan bu statusdan imtina etdiyi də deyilir. O, müxtəlif illərdə üç dəfə Ermənistanın Böyük Britaniyada səfiri olub: 1993-1996-cı illərdə Böyük Britaniya və Şimali İrlandiya, 1998-2000-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya, habelə Vatikanda, 2013-2018-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya, eləcə də İrlandiyada. Fasilələr olsa belə bir ölkədə üç dəfə səfir olmaq məsələsi Ermənistan hakimiyyətinin bu işə ciddi yanaşmadığını, yaxud Armen Sarkisyanın şəxsi təşəbbüsləri ilə əlaqədar olması ehtimalı az deyil. Gələcəkdə Ermənisanın hüquq-mühafizə orqanlari onun Böyük Britaniyadakı diplomatik fəaliyyətini araşdıra bilər.
2021-ci ilin martında 53 hüquqşünas Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı prokurorluğa hesabat təqdim edib. Bildirilmişdi ki, Armen Sarkisyan 2003-2012-ci illərdə ən azı 10 il Birləşmiş Krallığın vətəndaşı olub, son altı ildə Ermənistan onun vətəndaşlıq tələbini təmin etmədiyi halda, 2018-ci il martın 2-də Ermənistan prezidenti seçilib. Krallıq onun vətəndaşlığını 2012-ci il martın 1-dək dayandırsaydı, onda prezident seçilə bilərmiş. Məlumata görə, onun ailə üzvləri hələ də Britaniyada yaşayır. Belə çıxır ki, o, vətəndaşı olduğu ölkədə Ermənistanın səfiri işləyib. Bütün bunların çoxuna 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişiklikləri aydınlıq gətirdi.
Armen Sarkisyan Paşinyanın rəhbərliyinin ilk dövründə özünü gizlədə bildi. Ancaq Robert Koçaryan həbsdən sərbəst buraxılıb, siyasi fəaliyyətə başlayandan sonra Armen Sarkisyan da özünü gizlətmədi. O, Ermənistanın ümumxalq səsverməsi yolu ilə 2015-ci ildə qəbul olunan yeni konstitusiyasına qarşı çıxaraq ölkəsinin yenidən prezident üsul-idarəsinə qayıtmasını və mövcud Əsas Qanunun dəyişdirilməsini tələb edirdi. O, müxalifət təmsilçisi kimi çıxış edərək bildirirdi: “Mövcud konstitusiya ilə Ermənistan nə prezident, nə də parlament respublikasıdır. Belə alınıb ki, insanların əlində böyük hakimiyyət gücü var, ancaq məsuliyyət yoxdur”. O, Nikol Paşinyanla generalların qarşıdurmasında da ikinci tərəfi müdafiə edirdi. Sarkisyan Baş nazirin istefasını tələb etmişdi. O, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyanın vəzifəsindən azad olunması ilə bağlı Baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. 2021-ci il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Armen Sarkisyan bu siyasi kampaniyanı əngəlləmək üçün “Ermənistan Respublikasının Seçki Məcəlləsinə” dəyişikliyin edilməsinə dair Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında 2021-ci il aprelin 2-də parlamentin qəbul etdiyi sənədi imzalamaqdan imtina etmişdi. O, Nikol Paşinyanın daha bir - Məhkəmə Məcəlləsində dəyişikliklərlə bağlı layihəsini imzalamaqdan imtina edərək sənədi Konstitusiya Məhkəməsinə göndərmişdi. Qeyd edək ki, hər iki sənəd parlament tərəfindən qəbul olunmuşdu. Armen Sarkisyan 44 günlük müharibədən danışarkən Ermənistan ordusunun əvvəlki prezidentlərin dövründə qurulduğunu və məsuliyyətin onların da daşıdığına işarə etmədən indki hökuməti tənqid edirdi: “Məsul şəxslər müharibədə qalib gəlməməyimizin səbəbini müzakirə etməlidirlər. Vəzifələri müharibəni və məğlubiyyətin səbəblərini təhlil etməli olan məsul şəxslər var”.
Ermənistan Konstitusiyasına əsasən, hazırda prezident səlahiyyətlərini parlamentin sədri Alen Simonyan, onun müavini Akop Arşakyan isə parlamentin sədri vəzifəsini icra edirlər. Armen Sarkisyan istefa verdiyi tarixdən bir həftə müddətində ərzəsini geri götürə bilər. Ermənistan Konstitusiyasına əsasən, indiki halda növbədənkənar prezident seçkisi 25 gündən sonra 35 gündən gec olmayaraq keçirilməlidir. Əsas Qanuna əsasən, erməni dilini bilən, son 6 ildə Ermənistanda yaşamış və ölkə vətəndaşı olan şəxs prezident seçilə bilər. Ermənistan prezidenti başqa vəzifəni daşıya, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Namizədə deputatların 3/4-ü səs verdiyi halda prezident seçilir. Birinci turda prezident seçilməzsə, ikinci tur keçirilir. Bu zaman birinci turdakı namizədlərin hamısı iştirak edir və deputatların 3/5-ü səs verdiyi halda prezidenti seçilir. ikinci turda da prezident müəyyən edilməzsə, onda ən çox səs toplayan iki namizəd səsverməyə buraxılır. Onlardan ən çox səs toplayanı ölkənin 7 il müddətinə prezidenti olur.
Beləliklə, Armen Sarkisyanın istefası 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyinin ideya-siyasi xəttinə tam uyğundur. Yuxarıda da bunun bir sıra səbəblərinə işarə etdik. Odur ki, indiki müxaifət və keçmiş hakimiyyət nümayəndələrinin adamı olaraq onun prezident vəzifəsini icra etməsi məntiqli görünmürdü. Ona görə də Sarkisyanın istefasında qeyri-adilik axtarmaq məntiqdən uzaqdır. Belə ehtimal etmək olar ki, Sarkisyanın istefası ilə Paşinyanın islahatının daha bir mərhələsi başa çatıb. Bundan sonra Serj Sarqsyanın qəbul etdiyi konstitusiyada islahatın aparılması mərhələsi başlayır. Çünki mövcud konstitusiyada baş nazirlə prezidentin səlahiyyətləri tam müəyənləşməyib.
Yeni prezident Levon Ter-Petrosyan da ola bilər. Çünki Paşinyanla onun birliyi daha yaxşı alına bilər. Bir də onun hakimiyyətdə iştirakı bu yolla rəsmiləşər. İslahat aparılması ehtimal olunan Əsas Qanun da isə baş nazirin (indiki halda Nikol Paşinyanın) səlahiyyətlərinin genişlənəcəyi istisna edilmir. Odur ki, Armen Sarkisyanın istefası hakimiyyətin Serj Sarqsyanın adamlarından təmizlənməsi, yeni konstitusiya islahatı üçün bir addımdır.
581 dəfə oxundu