Rəşad Rəsullu: "Portuqaliyadakı cüdoçularımız yolda yoluxublar"

Rəşad Rəsullu: "Portuqaliyadakı cüdoçularımız yolda yoluxublar"
"Təcrid olunan 6 heyət üzvümüzün müalicəsi üçün bütün lazımi tədbirlər görülüb və dərmanlarla təmin olunublar".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridən öncə COVID-19 testi müsbət nəticə vermiş nümayəndə heyəti üzvlərinin sağlıq durumu barədə danışarkən deyib.

Federasiya rəsmisi bildirib ki, qadın millisinin baş məşqçisi Rəşad Məmmədov, kişilərdən ibarət yığmanın köməkçi-məşqçisi Elçin İsmayılov, qadın cüdoçular Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq), həmçinin kişi cüdoçu Zelim Tskayev (81 kq) hazırda özlərini çox yaxşı hiss ediblər: Onların, demək olar ki, heç bir simptomları yoxdur. Sadəcə, testləri pozitiv çıxdığından, yarışa buraxılmayıblar".

R.Rəsullu bu gündən start veriləcək Qran-pridə 5 cüdoçunun - Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (+100 kq) mübarizəyə aparacağını xatırladıb. Onlarla bərabər baş məşqçi Mövlud Mirəliyev, baş həkim və masajçı da yarışlara buraxılıb.

ACF rəsmisinin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin 9 üzvündə vaksin sertifikatının olmadığına dair Portuqaliya mətbuatında gedən xəbər yanlışdır: "Əslində 3 nəfərdirlər. Onlardan 2-nin 18 yaşı yenicə tamamlandığı üçün bir doza vurdurub, qayıdıb gəldikdən sonra ikinci dozanı da vurduracaqlar. 1-nin isə yaşı 18-dən aşağı olduğundan, vaksinləşdirilməyib, 18 yaşına çatanda bunu edəcək. Azərbaycan qaydalarına əsasən, onun vaksin pasportunun olması məcburi deyil".

Baş katibin fikrincə, kütləvi yoluxma müxtəlif səbəblərlə əlaqədardır: "Beynəlxalq Cüdo Federasiyasının müəyyənləşdirdiyi yarışlarda iştirak protokolu mövcuddur. Həmin protokola əsasən, hətta vaksin pasportu olmayan idmançılar belə, yarışlara buraxılırlar. Qaydalara görə, vaksin pasportu olanlar yarışa yola düşməmişdən öncə bir, olmayanlar isə iki test verməlidirlər. Bizim 3 cüdoçumuzda vaksin pasportu olmayıb. Onlardan yanvarın 21-də və 24-də götürülmüş testlərin nəticələri neqativ çıxıb. Vaksin pasportuna malik heyət üzvlərindən yanvarın 24-də götürülmüş test də neqativ nəticə verib. Bu nəticələri IJF-nin elektron qeydiyyat portalına yüklədikdən və beynəlxalq qurum onları təsdiqlədikdən sonra yarışa yola düşmək olar. Bütün prosedur qaydalara əməl etməklə cüdoçularımız yanvarın 26-da yola düşüblər".

R.Rəsullu bildirib ki, testi artıq Bakıda ikən pozitiv çıxdığından, Nəriman Mirzəyev (73 kq) Portuqaliyaya göndərilməyib, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq) və Rüfət İsmayılov (90 kq) texniki səbəblərdən yarışa yollana bilməyib: "Daha dəqiqi, Türkiyənin İstanbul şəhərindəki aeroport əlverişsiz hava şəraiti ilə əlaqədar bağlı olduğundan, biz başqa marşrut tapmaq məcburiyyətində qaldıq. Qeyd edim ki, məhz bununla əlaqədar Türkiyə yığması yarışa ümuimiyyətlə gedə bilmədi".

ACF rəsmisinin sözlərinə görə, yarış məkanına çatdıqdan sonra bütün ölkələrin nümayəndələrindən PCR testi götürülüb. Məhz bu test nəticəsi 3 qadın cüdoçu, eləcə də baş məşqçi və köməkçi-məşqçidə müsbət olub. Bununla əlaqədar bütün komanda ikinci dəfə PCR testinə cəlb olunub. Bu dəfə isə Zelim Tçkayevin (81 kq) də testi müsbət çıxıb: "Beləliklə, 6 üzvümüz hazırda təcrid olunub. Portuqaliya hökumətinin qaydalarına əsasən, yanvarın 26-dan başlayaraq, onlar bir həftə karantində qalacaq və yarışlara buraxılmayacaqlar".

Belə bir halın təkcə Azərbaycan yığmasında baş vermədiyini deyən R.Rəsullu müxtəlif ölkələrdən 30-dək cüdoçunun Qran-pridən kənarlaşdırıdıqlarını diqqətə çatdırıb: "Bu məsələdən heç kim sığortalanmayıb, əvvəllər də Azərbaycan millisində və digər yığmalarda belə hallar baş verib. Sadəcə, biz bütün protokola, qaydalara əməl etmişik. Yəqin ki, yolda olub və ya ora getdikdən sonra necə olubsa, testləri pozitiv göstərib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...