Müstəqil jurnalistlər Rusiyadan gedir - "Xarici agent"lərin ölkədə qalması təhlükəlidir
Rusiya hakimiyyətinin KİV-“xarici agent” kimi tanıdığı və uyğun reyestrə saldığı 75 vətəndaşın azı 32-si xaricə gedib, yaxud yaxın gələcəkdə buna hazırlaşır. "AzPolitika.info" xəbər verir ki, bu haqda BBC-nin Rusiya xidməti yazıb. Xidmətin hesablamasına görə, “xarici agentlər”in azı 43 faizi emiqrasiya yolunu seçib. Daha 14 nəfər isə siyahıya salınanadək xaricdə yaşayırdı.
Xatırladaq ki, fiziki şəxslərin “xarici agent” siyahısına salınmasına 2020-ci ilin dekabrında başlanıb. Sonuncu dəfə ötən il dekabrın 30-da siyahıya adlar əlavə olunub.
Rusiyada bir neçə “xarici agent” reyestri var, ancaq fiziki şəxslər – ölkə vətəndaşları hazırda yalnız KİV- “xarici agentlər” reyestrinə salınır. Bu status fərdin üzərinə çoxsaylı öhdəliklər qoyur – hüquqi şəxs yaradılmalı, gəlirlər və xərclər barədə məcburi hesabat verilməli, bütün nəşrlərin, hətta sosial şəbəkələrdəki şəxsi hesablarda qeydlərin üzərinə belə “xarici agent” statusu haqda xüsusi qeyd əlavə edilməlidir.
BBC reyestrə salınanların daha bir statistikasını aparıb. Siyahıya 32 moskvalı, 13 peterburqlu, Kazanın beş sakini, Vladivostok, Samara, Pskov və daha 16 şəhərin sakinləri salınıb.
Siyahıdakı 75 nəfərin 41-i rusiyalı jurnalistlərdir. Onların təxminən yarısı sonucda Rusiyadan getməli olub. Anonimliyini saxlamaq istəyən biri qərarını belə izah edib ki, “xarici agentlik” sonucda cinayət təqibinə yol aça bilər. Sözügedən qanunun bəzi normaları aydın ifadə edilmədiyindən onların pozulması ehtimalı var.
Reyestrə salınanlardan 10-dan artıq jurnalist ya keçmişdə, ya da hazırda "Azadlıq" radiosu, korporasiyanın müxtəlif layihələri ilə əməkdaşlıq ediblər. Radio “xarici agent” reyestrinə ilk salınanlardandır.
Ədliyyə Nazirliyi “Qolos” seçicilərin hüquqlarını müdafiə hərəkatının 20 koordinatoru və şura üzvünü də “xarici agent” siyahısına əlavə edib. İctimai hərəkatın özü də siyahıdadır. Reyestrdə 14 vəkil, hüquq-müdafiəçisi və rəssam, eləcə də İvan Povlov, yazıçı Viktor Şenderoviç, qalereyaçı Marat Gelman da var. Onlar da Rusiyadan kənarda yaşayırlar.
Rəyi soruşulan “xarici agentlər”in yalnız 14 faizi heç bir halda Rusiyadan getməyəcəyini deyib. Məsələn, reyestrə adı salınmış ilk Rusiya vətəndaşı, hüquq-müdafiəçisi Lev Ponomaryov ölkədən çıxmağı planlaşdırmır.
623 dəfə oxundu