Siyavuş Novruzov Ramiz Mehdiyevi istefaya çağırdı

Siyavuş Novruzov Ramiz Mehdiyevi istefaya çağırdı

“Son günlər cəmiyyətdə müzakirə mövzusuna çevrilən məsələlərdən biri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında yaranmış vəziyyətdir. Alimlər, ziyalılar bu elm ocağında hökm sürən durumu kəskin tənqid edirlər, idarəetmə böhranına, elm sahəsinə verdiyi zərərə görə AMEA prezidenti Ramiz Mehdiyevi istefaya çağırırlar.”

Azpost.info bildirir ki, bunu son günlər AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı yaşanan proseslərə münasibət bildirərkən deputat Siyavuş Novruzov deyib. O, Ramiz Mehdiyevin son açıqlaması ilə milli maraqları hədəf aldığını bildirib: “Təəssüflər olsun ki, belə bir tarixə malik olan Akademiyada bu gün milli inkişaf naminə elmi məsələlər deyil – pul mənimsəmək, qayda-qanun pozmaq kimi problemlər müzakirə olunur. Ən əsası, aparılan müzakirələr Azərbaycan dövlətçiliyinə, ictimai-siyasi mühitə, siyasi sistemə qarşı yönəlib. Daha dəqiq desək, AMEA-nın rəsmi saytında dərc olunmuş cavab xarakterli yazıda əksini tapan sözlər, fikirlər özündə təhlükəli məqamları ehtiva edir, Azərbaycanın milli maraqları hədəfə alınır”.

S.Novruzov qeyd edib ki, siyasi mühitə zərbə vurmaq məqsədilə hakimiyyətin, dövlətin siyasətini ictimai rəyə mənfi fonda təqdim etməyə cəhd göstərilir: “Məsələn, hakimiyyətin qollarından biri olan – ali qanunverici hakimiyyət funksiyasını yerinə yetirən Milli Məclisin legitimliyinin, fəaliyyətinin səmərəliliyinin şübhə altına alınması yolverilməzdir. Bəllidir ki, bəyanatda “özünü buraxmış parlament” adlandırılan Milli Məclisə 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilər Prezident İlham Əliyevin dərin islahatlar strategiyasının mühüm tərkib hissəsi – növbəti mərhələsi olub. O vaxt Milli Məclisə yeni – növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüşdü. Elə Ramiz Mehdiyevin də üzvü olduğu YAP Siyasi Şurasının iclasında partiyanın deputatlarının da iştirakı ilə bu məsələ müzakirə edilmiş və Milli Məclisə müraciət ünvanlanmışdı”.

Deputat bildirib ki, Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, VI çağırış Milli Məclisə seçkilər Azərbaycanda siyasi sistemin inkişafına çox mühüm töhfədir: “Belə olan halda, bəyanatda seçkilərin legitimliyini şübhə altına almaqla, parlamenti ironiya ilə “özünü buraxmış” adlandırmaqla nə demək istəyirlər, hansı mesajı verirlər? Görünən odur ki, dövlət başçısının islahat kursu ilə əlaqədar mənfi rəy yaratmağa çalışırlar”.

S.Novruzovun fikrincə, Azərbaycan demokratik islahatların tərkib hissəsi olan bu addımı atmaqla – seçkiləri vaxtından əvvəl keçirməklə digər strateji hədəflərini vaxtında və yüksək səviyyədə yerinə yetirdi: “Onu da nəzərə almaq lazımdır ki, yeni siyasi konfiqurasiya nümunəsi olan Milli Məclisdə təmsil olunan qüvvələr Vətən müharibəsi zamanı Ali Baş Komandanın qətiyyətli siyasətinə birmənalı dəstək ifadə etdilər, reallıqların dünya ictimaiyyətinə çatdırılmasında – informasiya təxribatlarının qarşısının alınmasında və erməni yalanlarının ifşasında mühüm rol oynadılar”.

“Bəyanatda hakimiyyətin faydalı və səmərəli təşəbbüslərindən olan siyasi dialoq prosesinin, həmçinin yeni siyasi konfiqurasiyanın, ictimai-siyasi mühitin ləkələnməyə çalışılması qəbuledilməzdir. Siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Dövlət başçısının iradəsi əsasında Prezident Administrasiyasında müvafiq struktur islahatlarının aparılmasından sonra siyasi partiyalarla iş sahəsində yeni mərhələ başlandı, islahat xarakterli – siyasi sistemin inkişafına yönəlmiş mühüm addımlar atıldı. Yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, partiyaların qərargahlarla təmin olunması, dialoq prosesinin sistemli şəkildə aparılması və digər faktlar bu reallığın tərkib hissəsidir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verdi. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük. Bəyanatda “avtobus və ya cib müxalifəti” adlandırılan siyasi qüvvələr Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda prinsipial mövqeyinə qəti dəstək və birlik ifadə etdilər, müraciətlər, bəyanatlar imzalayaraq ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib rol oynadılar. Onların bir qismi Milli Məclisdə təmsil olunur, bəziləri ictimai-siyasi proseslərdə fəal roy oynayan, digərləri isə gənc siyasətçiləri sıralarında birləşdirən perspektivli siyasi qüvvələrdir. Belə olan halda, Azərbaycan siyasi mühitinin iştirakçılarının “cib, yaxud avtobus müxalifəti” adlandırılması Azərbaycan siyasətinə, xalqın iradəsinə ciddi hörmətsizlikdir”.

“Görünən odur ki, AMEA səlahiyyətlərini aşaraq – bütün sərhədləri keçərək ictimai-siyasi mühitə zərbə vurmağa, ictimai rəydə hakimiyyətin, dövlətin mənfi obrazını formalaşdırmağa çalışır. Amma onlar unutmamalıdırlar ki, heç kim Azərbaycanı hədəf seçə, yaxud Prezidentin uğurlu siyasətinə, dövlətə, dövlətçiliyə qarşı çıxa bilməz.
Azərbaycan hüquqi dövlət və demokratik ölkədir, hər kəsin söz azadlığından yararlanaq öz fikrini ifadə etmək haqqı var. Elm xadimləri, ziyalılar, ictimai-siyasi personalar bu məsələ ilə əlaqədar öz yanaşma və mövqelərini ortaya qoydular, müxtəlif rəy və qənaətlər səsləndirildi. İndi söz AMEA-nın Rəyasət Heyəti və Ümumi yığıncağındadır”-deyə deputat vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...