“Sosial media haqqında” qanunun hazırlanması prioritet məsələyə çevrilib” - Əli Hüseynli
“İnformasiya inqilabı, sosial şəbəkələr və dezinformasiya fenomeni bir çox ölkələrdə hüquqi-qanunvericilik sahəsində çox ciddi çağırışlar yaradıb”.
“Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, suveren dövlətlərin informasiya məkanı çoxsaylı təhdid və təzyiqlərə məruz qalır: “Bununla yanaşı, adekvat “Sosial media haqqında” milli qanunvericiliyin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib. Bu məsələ dövlət atributlarından, fundamental insan, mülkiyyət hüququndan tutmuş bütün sahələri əhatə edir. Yeni yaranan və sürətlə inkişaf edən rəqəmsal kriptovalyutalar, onların milli iqtisadi və siyasi təhlükəsizliyə təhdidləri isə ayrıca bir istiqamətdir. Sadalanan bu və digər məsələlər bütövlükdə kiber təhlükəsizliklə bağlı olmaqla yanaşı, milli təhlükəsizliyin önəmli sahələrindən birini təşkil edir”.
752 dəfə oxundu