"Ayaz Mütəllibov yıxıldı, bütün şirvanlılar mənə düşmən oldu" - Tahir Kərimli

"Ayaz Mütəllibov yıxıldı, bütün şirvanlılar mənə düşmən oldu" -
Gundeminfo.az Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin APA-ya müsahibəsini təqdim edir:

- Məşhur videçəkilişin “Facebook”-da səhifənizə yerləşdirildiyi gün nə baş vermişdi?

- Mən keçən il dekabrda parlamentdə çıxışımda Azərbaycanın problemlərini 7 başlı əjdahaya bənzətmişdim. Demişdim ki, bu problemlərin öhdəsindən ancaq cənab Prezident gələ bilər. Çox təəssüf ki, o problemlər kənarda qaldı, bir çoxu bunu lağlağıya çevirdi. Məsələn, “Meydan TV”-də 200 əjdaha profili ilə mənə sataşmağa çalışdılar. O vaxtdan şifahi formada da mənə belə sataşmalar olurdu. Fevralın 15-də Milli Məclisin iclasında iştirak etdim, sonra da yeni köməkçi götürməklə bağlı prosedurlarla bağlı evə gəlməkdə gecikdim. Saat 5-dən sonra evə gəldim. Evdə yalnız həyat yoldaşım idi. Gördüm ki, qapıda açar taxılan yerə balaca bir kağız qoyulub. Açıb oxuyandan sonra dərhal fotoşəklini çəkdim, yerinə qoydum ki, lazım olar.

- Kağızda nə yazılmışdı?

- Kağızda bir insanın adı, Moskva ünvanı vardı, yazılmışdı ki, bu insan səni əjdaha kimi udacaq. Birinci mərtəbədə videokamera var, bizim mənzil olan ikinci mərtəbədə videokamera yoxdur. Üçüncü mərtəbə otelə məxsusdur, oradan da çıxış həyətə düşür. Gün ərzində də otelə onlarla adam gəlir.

- Kağızda adı yazılan adamı tanıyırsınız? Adı, kimdir, hansı peşə sahibidir?

- Tanımıram. İndi o kağızda yazılan adamın adını çəksəm, istintaqın gedişinə ziyanı olar. Məsləhət olub ki, bu məsələ müvafiq şəkildə araşdırılsın. Mən özüm də hazırda kağızdakı şəxsin adının açıqlanmasının tərəfdarı deyiləm. Çünki kağızda adı yazılan deyil, bu əməli üçüncü qüvvələr etmiş də ola bilər. Bu məsələ həm də Moskvada araşdırılır.

- Niyə müvafiq qurumlara müraciət etmədiniz, sosial şəbəkə üzərindən müraciət yaydınız?

- Birinci, hüquqi müstəvidə hərəkət edərək, lazımi qaydada məlumat verdim. İkinci, bu, əqidə məsələsidir ki, məni öldürməklə nə edəcəksiniz? Əlimdəki əjdaha da simvolik məsələ idi. Yəni ola bilər ki, mənə qarşı bunu təşkil edən parlamentdə çıxışımda əjdahaya bənzətdiyim həmin rüşvətxorlar, korrupsionerlərdən biri idi. Çünki Prezidentə müraciət etmişəm ki, bu problemləri yaradanlarla bağlı məsələni kökündən həll etmək, bu problemləri, bahalığı, inhisarçılığı yaradanların, bu əjdahaların başını kəsmək lazımdır. Videogörüntüyə baxanlar, duyan da duyur k, əlimdəki əjdaha simvolik məna daşıyır.

Çoxu başa düşür, onlara təşəkkür edirəm. Amma Əvəz Zeynallı kimilər var ki, mənimlə düşmənçilik edir. Qərəzlidir, insanı gülüş hədəfinə çevirməyə çalışırlar. Mən dövlətimin, millətimin gələcəyinə bağlı insanam, ancaq belə məsələləri lağlağı obyektinə çevirirsən! Yaxşı ki, şərhlərdə ona cavab verirlər ki, Əvəz bəy, ayıbdır. Belə adamlar, düşmənlər də çoxdur, başa düşmürlər ki, söhbət tək Tahir Kərimlidən getmir. Bu, dövlətin dərin qatlarında gedən çox ciddi bir prosesdir. Biz istəyirik ki, insanlarımız rifaha qovuşsun. Bunun qarşısını kəsən əjdaha başlarını da kəsmək istəyirik, bu insanlar məni lağ obyektinə çevirirlər. Görün, nə qədər cılız adamlardılar.

- Ancaq cəmiyyətdə suallar var ki, Tahir Kərimli deputatdır, sözünü parlamentdə deyə bilər, parlamentdə təmsil olunan partiyanın rəhbəridir, dövlətin müəyyən strukturlarına çıxışı var. İnsanlar deyirlər ki, belə olan halda Tahir Kərimlinin “Facebook”da bu cür müraciəti ona nə dərəcədə yaraşır, kimə müraciət edir, bu, nə müraciətdir?

- Əvvəla, mən tək deputat deyiləm, həm də insanam. Gəncliyimdən Təbriz, Böyük Azərbaycan sevdalısı olmuşam. Həm də müraciəti sosial şəbəkədə ona görə yaydım ki, məni öldürsələr, nəsə etsələr, bilinsin ki, niyyətim nədir. Bu, əslində, xalqa müraciət idi. Mən də, dostlarım da sonra bu müraciəti sosial şəbəkələrdən yığışdırdıq, amma artıq gec idi. Artıq saytlar, digərləri müraciəti götürmüşdü, qabağını ala bilmədik. Amma mən məsələnin bu qədər dərin olacağını bilmirdim. Fikirləşirdim ki, yaddaşda qalar, birdən başıma iş gələndə bilsinlər ki, Tahir Kərimli bu sevda ilə yaşayan adam olub. Gənclərə, cəmiyyətimizə müraciət edirdim və dərindən dinləsələr, başa düşərlər. Bunu bir vəsiyyət kimi etdim. Mənim “Facebook”-da rəsmi səhifəm var, məlumatları ora başqası qoyur. Dedim, müraciət qoyuldu. Amma mən gözləmirdim ki, müraciətə müsbət reaksiyalarla bərabər, belə mənfi reaksiyalar da olar. Mən hüquqi müstəvidə addım atmışdım, bu, ancaq əqidə müstəvisində müraciətim idi.

- Müraciəti nə vaxt çəkdiniz və “Facebook”-a nə vaxt qoyuldu?

- Parlamentdən saat 5-dən sonra gəlib o kağızı gördüm, evdə ancaq həyat yoldaşım idi. Dərhal otağa girib qapını bağladım, müraciəti edib, yerləşdirmək üçün bacım oğluna göndərdim. Ailəm illərlə əzab çəkib, təqiblərə məruz qalıb, evimin qapısında iki güllə izi olub, ona görə də ailəmin bunu bilməsini istəmədim. Bu müraciəti dərhal etdim. Çünki bilirdim ki, 15-20 dəqiqədən sonra əsəbim soyuyacaq, bu addımı atmayacam. Fikirləşdim ki, bunlara bir əqidə müstəvisində də cavab verim. Videoçəkilişi bacım oğluna göndərdim, yayıldı.

- Bu müraciəti sosial şəbəkədə yerləşdirməyə qərar vermişdinizsə, sonradan silməyinizin seçicilərinizdə, cəmiyyətdə necə qarşılanacağını düşündünüz? Çünki cəmiyyətdə belə fikir var ki, deputat yüz ölçüb, bir addım atmalıdır, üzərində məsuliyyət var, yetkin insanlardır. Deyilir ki, yaxşı, müraciəti qoymuşdu, sonra niyə sildi?

- Müraciətin “Facebook” səhifəmdən çıxarılması sonradan ailəmin müqaviməti ilə bağlı oldu. İkincisi, artıq bu müraciət o qədər geniş yayıldı ki, artıq onun çıxarılmasının da əhəmiyyəti yox idi. Ailənin təzyiqi ilə bu görüntünü çıxardım. Dövlət tərəfindən bununla bağlı mənə hər hansı təsir də olmayıb.

- Sizi bir insan kimi xarakterizə edən tanınmış simalardan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli demişdi ki, Tahir Kərimli aldanmış kəvakib obrazıdır. Başqa bir şəxs də sizin haqqınızda bildirmişdi ki, Tahir Kərimlidə hiber emosiya problemi var. O müraciətə baxanlardan bəziləri isə deyir ki, Tahir Kərimli normal durumda deyil. Hətta içki qəbul etdiyinizi düşünənlər də var. Bütün bunlar barədə nə deyə bilərsiniz?

- Əvvəla, mən içki içmirəm, mində bir dəfə hansısa məclisdə ola bilər. Mən ömrümdə araq içməmişəm. Bu, içki məsələsi deyil. Sadəcə, özümün başa düşülməməyim, doğurdan da, həmişə mənə psixoloji təsir edib. Məsələn, sistemə qarşı mübarizə aparırdım, mənə o vaxt dedilər ki, öz yerlin Ayaz Mütəllibova qarşı mübarizə aparırsan, başa düşmürsən ki, onu başqa bir region yıxmaq istəyir. Ayaz Mütəllibov yıxıldı, bütün şirvanlılar mənə düşmən oldu. Məni başa düşmədilər ki, əqidə mübarizəsi aparıram, məni maraqlandırmır, şirvanlıdır, naxçıvanlıdır, qarabağlıdır. Ondan sonra rəhmətlik Əbülfəz Elçibəyə dedik ki, prezident olma, gəlib prezident oldu. Sonra dedik ki, bizi qoyub getmə, getdi. On illərlə başımız müsibətlər çəkdi. O vaxt da parlamentdə çıxışımda dedim ki, niyə belə hərəkətlər etdin? Bu dəfə də Xalq Hərəkatının üzvləri mənə düşmən oldu.

Belə oldu ki, hakimiyyətlə münasibətdə mərkəzçi mövqe tutmağa qərar verdik. Bu dəfə də yeni düşmənlər qazandıq. Dedilər ki, Tahir hakimiyyətlə işbirliyinə getdi. Mən heç vaxt heç kimlə danışıq aparıb deputat olmamışam. Danışıq aparan Cəbhə, Müsavat, AMİP olub. Onlara ittiham yoxdur, bizi ittiham edirlər. Təsəvvür edin, 7 ildir ki, deputatam. Qohumlarımdan, partiyadaşlarımdan, ən yaxın insanlardan biri də vəzifəyə qoyulmayıb. Bu insanlar da deyirlər ki, yaxşı, özün deputatsan, biz niyə işsiz qalmışıq? Ali təhsilli hüquqşünas bacım oğlu taksi sürsün, qardaşlarım işsiz olsun! Səkkiz bacı-qardaşıq. Sovet dövründə evlərimiz, maşınlarımız, dolanışığımız olub. Hamısı deyir ki, Tahir, müstəqilliyin arxasınca getdik ki, ac, yalavac qalaq! Müharibə başlayan kimi, övladımı cəbhəyə göndərmişəm, heç reklam da etməmişəm. Babamın qardaşı 1918-ci ildə şəhid olub. Əmim müharibədə şəhid olub. Bacım oğlu Qarabağ müharibəsində şəhid olub. Azərbaycanın bütün mübarizə mərhələlərində şəhidlər vermişik. Mənim atam ensiklopediyada xüsusi qeyd olunmuş, Şamaxı və Göyçay qəzalarında qaçaqlıq etmiş qaçaq Zahidin sonbeşik övladı olub, qaçaq Zahidin nəvəsiyəm. Atam, biz, ömrümüz boyu heç vaxt öz mənafeyimizi güdməmişik, xalqın mənafeyini gözləmişik, xalq üçün qurban vermişik, var-dövlət toplamamışıq. Məsələn, bu gecə Ağsuya gəlmişəm, qardaşımın bir daxmasına sığınmışam. Bu qədər üzərimizə ittihamlar, ləkələr, sonra da dürüst olduğun halda başa düşülməmək… Hanı mənim villalarım? Nə özümün, nə övladlarımın, nə qardaşlarımın adına bir avtomobil var? Başa düşülməmək məndə narahatlıq yaradır. Ona görə də “Facebook”-da müraciətim sanki mənim bir vəsiyyətim idi.

- Siz belə çıxışlar edəndə bəziləri irad tutur ki, deputatdır, partiyası parlamentdə təmsil olunur, dövlət də partiyaya büdcədən kifayət qədər vəsait ayırır, məntəqə və dairə seçki komissiyalarında yerlər ayrılır, bu niyə yaxınlarının vəzifələrdə olmamasından şikayətlənir...

- Məgər başqalarının partiyaları parlamentdə təmsil olunmur, dövlət büdcəsindən maliyyələşmir? Niyə hamının qohum-əqrəbası vəzifədə işləyir, mənimki işləmir? Mən deputat maaşımı kreditə verirəm. Mən özüm üçün ağlamıram. 22 il evimə 1 manat pul gəlməyib. Ağlamıram, bu gün şükür edirəm ki, əməkhaqqı alıram, dolanıram. Əgər başqalarının özlərinə, yaxınlarına hər cür şərait yaradılırsa və bu, normal haldırsa, qoy olsun...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 189 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...