Özbəkistan azad edilmiş ərazilərdə infrastruktur layihələrinə sərmayə qoyacaq - DAŞKƏND BƏYANNAMƏSİ

Özbəkistan azad edilmiş ərazilərdə infrastruktur layihələrinə sərmayə qoyacaq -
Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastruktur layihələrinə sərmayə qoyacaq.

APA xəbər verir ki, bu barədə Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər nazirlərinin I üçtərəfli görüşünün yekununda imzalanmış Daşkənd Bəyannaməsində qeyd olunub.

“Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiya qoyaraq Azərbaycanın döyüşlərdən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyin önəmini vurğulayırlar və Azərbaycan tərəfi, türk və özbək şirkətlərinin Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və yenidənqurması istiqamətində infrastruktur layihələrində iştirakını təqdir edir”, - sənəddə deyilir.

Sənəddə beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından Zəngəzur dəhlizinin açılmasının önəmi vurğulanıb: “Tərəflər Şərqi Zəngəzurla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını bir-birinə bağlayan Zəngəzur dəhlizinin açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından önəmini vurğulayırlar”.

Qeyd olunub ki, ölkələr beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bir-birilərinin ərazi bütövlüyünə tam hörmət göstərdiklərini bir daha vurğulayır və hər üç dövlətin suverenliyi və ərazi bütövlüyünü təhdid edən fəaliyyətlərə qarşı bir-birilərinin səylərini beynəlxalq hüquqa uyğun olaraq dəstəklərini ifadə edirlər.

Bəyanatda həmçinin Əfqanıstanda sülh və sabitliyin təmin edilməsinin önəmi diqqətə çatdırılıb: “Tərəflər Əfqanıstanda sülh və sabitliyin Mərkəzi Asiya bölgəsində təhlükəsizliyin təmin edilməsi baxımından təməl olduğunu vurğulayır və əfqanlar arasında hərtərəfli idarəetmə və dialoqun dəstəklənməsi və təşviq edilməsi ilə yanaşı, maneəsiz humanitar yardımın təmin edilməsinə yönəlmiş beynəlxalq ictimaiyyət tərəfindən göstərilən səylərin davam etdirilməsinin önəmini vurğulayırlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
660 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...