“Nazir dedi ki, səhv səndədir, niyə uzun illər eyni idarədə işləmisən?”

  “Nazir dedi ki, səhv səndədir, niyə uzun illər eyni idarədə işləmisən?”
“Haqsız yerə işdən çıxarılmağımla əlaqədar rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin qəbulunda oldum. O, şikayətimə qulaq asandan sonra dedi ki, səhv səndədir. Niyə uzun illər eyni idarədə işləmisən?”

GUNDEMINFO.AZ xəbər verir ki, bunu Meydan TV-yə 2012-ci ilin martından “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-də işlədiyini söyləyən Rəmzi İsmayılov deyib.

O bildiribki, Texniki Universitetin Nəqliyyat fakültəsinin bakalavr və magistr pillələri üzrə təhsil alıb, bu sahə üzrə ixtisaslaşıb.
Dediyinə görə, 10 ilə yaxın bu idarədə mütəxəssis vəzifəsində çalışıb. Ötən ilin sonunda isə gözləmədiyi halda ixtisara düşüb:
“İşlədiyim müddətdə nazirlər də dəyişib, idarə rəisləri də, hətta işçilər də. İşimdə nöqsana yol vermədiyim üçün on ilə yaxın eyni idarədə çalışmışam. İxtisar olacağından xəbərdar idim. Amma heç ağlıma da gəlməzdi ki, on illik iş təcrübəmə və peşəkarlığıma baxmayaraq məni ixtisar edərlər. 2022-ci ilin noyabrında qərəzli olaraq ixtisar bəhanəsilə işdən çıxarılmışam. İşdən çıxarılmağıma səbəb olan şəxs isə şöbə müdiri Zaur Qasımlıdır. O, rəhbər olaraq nəinki mən, bütün işçilərə qarşı çox kobud davranırdı. İşçilər arasında söz-söhbət yaradırdı”.

Rəmzi İsmayılovun sözlərinə görə, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-də 600-dən yuxarı işçi ştatı olub. İxtisarlardan sonra idarəyə 421 ştat verilib.
Himayəsində iki azyaşlı övladının olduğunu deyən şikayətçi məsələ ilə əlaqədar rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin qəbulunda olduğunu bildirib:
“Maddi vəziyyətim yaxşı deyil. Evdə körpə uşaq var. İndiki dövrdə işsiz qalmaq faciədir. Göyçay şəhərində nazirlə görüşdüm. Ondan soruşdum ki, nəqliyyat sahəsi üzrə bakalavr və magistr təhsilim olduğu və on ilə yaxın həmin idarədə işlədiyim halda necə ola bilir ki, ixtisara düşürəm? Nazir üzünü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin direktoru Anar Rzayevə çevirdi. O da dedi ki, işdən çıxarılma ştat sayının azaldılması ilə əlaqədardır. Mən etiraz etdim, dedim ki, bu, bəhanə ola bilməz. Sizcə, nazirin mənə cavabı nə olsa yaxşıdır? Dedi ki, səhv səndədir. On ildir ki, bu idarədə niyə işləyirsən? Başqa, yaxşı yerdə iş tapıb işləyərdin də. Üstəlik, ingilis dilini də bilirsən. Sonra dedi ki, məsələni aydınlaşdırarıq. Əlavə etdi ki, həmin quruma qayıda bilməzsən, amma sənə bir iş təklif olunacaq. İki ay keçib, amma heç bir səs-soraq, yeni iş təklifi yoxdur”.
Şikayətçi onu da iddia edib ki, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-də sürücü və şirkətlərdən qeyri-qanuni yolla “reysqabağı” adı ilə pullar yığırlar:

“Söhbət Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında imzaladığı sərəncamdan gedir. Sərəncamla sərnişin və yükdaşıma ilə məşğul olanlar lisenziya almaqdan azad edilmişdi. Sərəncamdan irəli gələn reysqabağı ödənişlər də ləğv olunmuşdu. “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-də otaq ayırıblar, kiçik bir pəncərə açıblar. Şirkətlərdən və sürücülərdən “reysqabağı” adı ilə qanunsuz pul yığırlar. Həmin bu işlərin başında da şöbə müdiri Zaur Qasımlı dayanır. Bu pullar hara xərclənir, məlum deyil. Zaur Qasımlı firmalardan qeyri-qanuni aylıq, illik pullar alır. O, hər gün müfəttişləri yığaraq plan tələb edir. Özü də bildirir ki, bu, nazirin göstərişidir. Ödənişləri də sürücülər yalnız idarə daxili yaradılmış poçtda və idarə yaxınlığında yerləşən poçtda həyata keçirə bilirlər. Digər heç bir yerdə ödəniş edilmir. Buradan da açıq-aşkar görünür ki, “reysqabağı” adı ilə yığılan bu pullar kimlərə çatır. Nazirlikdən və aidiyyəti orqanlardan bu özbaşınalığın yoxlanmasını xahiş edirəm”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məsələ ilə əlaqədar sorğu cavablandırılmayıb. Nazirliyin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən zənglərə cavab verilməyib.
“Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin şöbə müdiri Zaur Qasımlı şikayətçi Rəmzi İsmayılovun iddialarını inkar edib.
“Mən adi bir işçiyəmsə, idarədə kiminləsə nə qərəzim ola bilər? Mənim öz vəzifəm aşağı düşüb. Elə səlahiyyətim olsaydı, şöbə müdiri vəzifəsində qalardım. O, yalandan insanı şantaj edir. Kimsə-kiminsə işdən çıxmasına səbəb olubsa, Allah cəzasını versin. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, hər bir vətəndaşın şikayət etmək hüququ var. Qanunu məhkəmə həll edir. Haqlıdırsa, getsin, məhkəməyə şikayət etsin”, - Zaur Qasımlı deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...