Anası: "Hüseyn Abdullayevlə görüşdüm, səhhəti çox pis idi, yemək də yemədi, təzyiqi qalxır, stress keçirir"

Anası: "Hüseyn Abdullayevlə görüşdüm, səhhəti çox pis idi, yemək də yemədi, təzyiqi qalxır, stress keçirir"
“Bazar ertəsi Hüseynin yanına getdim. Səhhəti çox pis idi. Vəkili bildirdi ki, əfvlə bağlı müraciət ediblər. Hüseynin özündən heç nə soruşa bilmədim. Demək olar, yemək də yemədi. Saat 12-dən getmişdim, ac-susuz oturduq. Təzyiqi qalxır, stress keçirir, narahat olur...”


Bu sözləri Pravda.az-a açıqlamasında həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib.

“Bircə onu istəyirəm ki, haqq-ədalət yerini tapsın. Hüseynin günahı yoxdur. Bu saat elə bilirəm ki, mənim üçün həyatın sonudur. İstəməyənlər, müdaxilə edənlər var, bilirəm. Neçənci dəfədir ki, əfvlə bağlı müraciət edirəm. Hamısının bildirişi əlimdədir. Keçən dəfə əfvə salmışdılar, demişdilər buraxacaqlar. Bütün paltarlarını götürmüşdüm, həbsxananın qapısında gözləyirdim. Hamını buraxdılar, oğlumu buraxmadılar. Çağırıb deyələr ki, buna görə buraxmadıq, biz də bilərdik. Ömürlük həbs olunan Şəmsi Səmədzadəni buraxdılar, Hüseyni yox. Bir sübut, görüntü yoxdur, elə deyirlər ki, həbsdə qalmalısan. Niyə? Beş ildir, biz ölürük, mən evdə, Hüseyn də həbsxanada ölür… Mən belə üzülməməli idim, belə hörmətsizlik edilməməli idi. Mərdi qova-qova namərd edirlər, amma biz namərd olmayacağıq. Hər kəs tanıyır ki, mən necə insan olmuşam. Bu xalqa, dövlətə canım qurban olub. Balamla bərabər özümü qurban vermişəm. Cənab Prezidentdən bir daha xahiş edirəm, balamı azad etsin. Bununla bir Anaya böyük bir dünyanı bağışlamış olacaq”, - Z.Abdullayeva bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...