FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınır
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sayca üçüncü humanitar yardım karvanı qardaş ölkəyə yola salınır.
“Report”un xəbərinə görə, nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır və 240 soba daxildir.
Qeyd edək ki, humanitar yardım 9 yük avtomobili və onları müşahidə edən nəqliyyat vasitələri ilə qardaş ölkəyə göndərilir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
355 dəfə oxundu