Abid Şərifov Bakıda zəlzələ həyacanından nə danışdı?

Abid Şərifov Bakıda zəlzələ həyacanından nə danışdı?


“Tarixi bilməyənlər də televiziya kanallarında, qəzetlərdə ağızlarına gələni danışırlar. Bunu mütəxəssis deməlidir. Düzdür, mən mütəxəssis deyiləm, ancaq bir şeyi dəqiq bilirəm ki, 1967-ci ilə qədər qəti olaraq Azərbaycanda, o cümlədən Bakı şəhərində tikilən binalarda zəlzələyə qarşı heç bir tədbir görülməyib, bu məsələ nəzərə alınmayıb. Başqa sözlə desək, guya Azərbaycan seysmik zona deyildi. Yalnız 1967-ci ildə Daşkənddə zəlzələ olandan sonra qərar qəbul edildi ki, xeyr, Azərbaycan, o cümlədən Bakı şəhəri “seysmik ərazidir”. “Seysmik ərazi” Sovet terminologiyası ilə 12 balla ölçülürdü. Amma Sovetdən kənarda seysmologiya Rixter şkalası ilə 9 bala qədər ölçülür. İndi də xaricdə belədir. Bizdə isə bəzən elə də deyirlər, belə də… Məsələn, o vaxt Yasamalda tikilən panel evlərlə bağlı heç bir layihədə zəlzələyə qarşı davamlılıq nəzərə alınmayıb…”

DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində Baş nazirin keçmiş müavini Abid Şərifov deyib.

O bildirib ki, Azərbaycanda yalnız 1967-ci ildən sonra zəlzələ ilə bağlı tədbir görməyə başlayıblar: “Həmin illərdə Bakı şəhərində dörd nəfərdən ibarət belə bir təşkilat var idi – Dövlət Tikintiyə Nəzarət və Arxitektura Komitəsi. Sədri və müavinlərindən biri yəhudi idi, başqa bir müavini isə erməni idi. Bir nəfər də azərbaycanlı var idi. Bunlar binaları yoxlayırdılar, bütün səlahiyyətləri var idi. Kim qaydaları nəzərə almırdısa, layihənin hesabından tuturdular. Onlara belə bir səlahiyyət də verilmişdi. Azərbaycanda qəbul olunmuş qaydalara görə, hər bir bina layihələndirilməmişdən əvvəl Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunmalıdır ki, bina tikiləcək ərazi neçə ballıqdır. Bəzi əhəmiyyətli binaların, məsələn, xəstəxanaların, məktəblərin binaları bir bal artıq zəlzələyə davamlı tikilməlidir. Yəni 7 bala davamlı ev tikilirsə, onun yanındakı xəstəxana 8 bala davamlı tikilməlidir. Hazırda bu qaydalara əməl olunub-olunmadığını deyə bilmərəm”.

A.Şərifov Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin inşaat şirkətlərinin 2019-cu ildən bəri Mərkəzə müraciət etməmələrinə, bu işə FHN-nin nəzarət etdiyini demələrinə də münasibət bildirib: “Kim bunu deyirsə, səhv deyir. Torpağı alan sifarişçidir. Sifarişçiyəmsə, torpağı bələdiyyədən, yaxud aidiyyatı qurumdan alıram. Sonra sifarişçi funksiyalarını yerinə yetirməliyəm. Məsələn, yeddimərtəbəli bina tikməliyəm. Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət edirəm, məlumatlarımı təqdim edirəm, soruşuram ki, aldığım ərazidə bina tikmək üçün neçə bala davamlı bina sifariş verməliyəm? Mərkəz də bunu təyin edir. Sonra buna uyğun layihə rəhbərinə, yaxud inşaat şirkətinə sifariş verirəm, zəlzələyə davamlılıqla bağlı Mərkəzin rəyini təqdim edirəm”.

O, Bakıda 20 mərtəbəli binaların tikilməsinin yanlış olduğunu deyənlərə isə belə cavab verib: “Nəzərə almaq lazımdır ki, dünyada ən çox zəlzələ baş verən ölkələrdən biri Yaponiyadır, amma Yaponiyada 20-30 mərtəbəli binalar da var. Yəni zəlzələyə qarşı davamlılıq layihədə nəzərdə tutulursa, ekspertizadan keçirsə, tikiləcək binanın ərazisinin seysmik qaydaları Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən müəyyən olunursa, onda niyə 20 mərtəbəli bina tikmək mümkün olmasın? Təəssüf ki, bəzi hallarda bu qaydaları bir az pozuruq, ya ümumiyyətlə nəzərə almırıq. Ona görə də düşünürəm, yəqin ki, Türkiyədə baş verən fəlakətdən sonra bizdə birinci növbədə nəzarət güclənməlidir. Bakıda qəzalı evlər var. Məsələn, Moskvada Sovet dönəmində tikilən beşmərtəbəli panel evləri sökməyə başladılar. Birdən-birə sökülməsi ağlabatan deyil, amma yavaş-yavaş bizdə də qəzalı binaları söküb, yerində normal, zəlzələyə davamlı binalar tikmək lazımdır…”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...