Azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra təhvil veriləcək

Azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra təhvil veriləcək
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək.

Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

O, qeyd edib ki, hazırda gənclərin nəşi Malatya Prokurorluğunun nəzarəti altında tibbi ekspertizaya aparılıb. Proses bir neçə gün davam edəcək.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
436 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...